Soltan Məmmədov: “Əminəm ki, fransalı deputatların son səfərindən sonra orada Azərbaycanı dəstəkləyənlərin sayı artacaq” - MÜSAHİBƏ

Soltan Məmmədov

© APA | Soltan Məmmədov

# 03 avqust 2021 16:29 (UTC +04:00)

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədovun APA-ya müsahibəsi

- Parlamentin 2021-ci il yaz sessiyasını necə qiymətləndirirsiniz?

- Prezident İlham Əliyev Milli Məclisin ilk iclasında çıxışı zamanı bir çox dəyərli tövsiyələr verdi. Bura deputatların seçicilərə yaxın olmaq, millət vəkili kimi onları təmsil etmək, problemlərinin həllində yardımçı olmaq daxildir. Dövlət başçısının tövsiyələrindən biri də o idi ki, bundan sonra da beynəlxalq platformalarda Azərbaycanın mövqeyini gücləndirmək üçün hücum diplomatiyasını həyata keçirək. Həmin dövrdə artıq bu gün mövcud olmayan Dağlıq Qarabağ münaqişəsi reallığı vardı.

2020-ci ildə Vətən müharibəsində tarixi Zəfər qazanıldı. Digər tərəfdən, keçən il dünya COVİD-19 pandemiyası ilə üzləşdi. Pandemiya ilə mübarizə istiqamətində Azərbaycan uğurlu fəaliyyət həyata keçirdi, sosial-iqtisadi paketlər təqdim olundu.

2021-ci ildə Milli Məclisin yaz sessiyasında müzakirə olunan məsələlər, əsasən, 2021-ci ildə Vətən müharibəsindəki qələbəmiz, eyni zamanda COVİD-19 pandemiyası ilə mübarizədə dövlət siyasəti ilə bağlı olub. Parlamentdə Əmək və sosial siyasət və Səhiyyə komitələrinin üzvüyəm. Əmək və sosial siyasət komitəsinin iclaslarında əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, pandemiya dövründə iş yerlərinin saxlanılması, sahibkarlara dəstək, sosial paketlə bağlı qanun layihələri müzakirə olunaraq, plenar iclasa tövsiyə olunub.

Əhalini narahat edən icbari tibbi sığortanın tətbiqi, istər sosial müavinətlərin, pensiyaların artımı, Prezident təqaüdlərinin təyin olunması, Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin sosial təminatı ilə bağlı qanun layihələri də yaz sessiyasında müzakirə olunub.

Həm Vətən müharibəsinə qədər, həm də Vətən müharibəsindən sonra qazilərə göstərilən dövlət dəstəyi ilə bağlı narahatlıq doğuran məsələlərdən biri əlilliyin təyinatı ilə bağlı idi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sistemə bir yenilik gətirməklə həm əlilliyin düzgün qiymətləndirilməsi, həm də mövcud narahatlığın aradan qaldırılması, saxta əlillik təyinatı hallarının qarşının alınması üçün böyük tədbirlər görür. Bəzən bu, birmənalı qarşılanmır. Bu məsələ ilə bağlı həm anlaşılmazlıqlar, həm də qanunun icrası ilə bağlı normativ aktlarda boşluqlar vardı. Əmək və sosial siyasət komitəsinin iclasında bir neçə dəfə bu məsələ müzakirə olunub, əmək və əhalinin sosial müdafiəsi nazirinin iştirakı ilə dinləmə keçirilib. Bu, seçicilərimizlə görüşlərdə gündəmə gətirilərkən də bildirirdik ki, bu məsələ ilə bağlı geniş müzakirələr aparılır. Nəhayət, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar, yerli qanunların beynəlxalq qanunvericiliyə uyğunlaşdırılması, xüsusən də əlilliklə bağlı Ümumdünya Səhiyyə Təşkilatının yeni göstəriciləri, xəstəliklərin beynəlxalq təsnifatı, həm də insanların sosial fəaliyyəti ilə bağlı bütün meyarlar nəzərə alınmaqla, əlilliyin müəyyən olunması ilə bağlı qanun layihəsi komitədə müzakirə olunduqdan sonra plenar iclasa çıxarıldı. Əvvəl 200-300 meyarla qiymətləndirilən əlillik artıq 800-ə yaxın meyar əsasında müəyyən olunur. Bunun müsbət məqamları çoxdur. Belə görünə bilər ki, biz birinci, ikinci və üçüncü dərəcə əlilləri sadəcə faiz göstəricilərinə görə, yəni orqanizmin funksiyalarının 81-100 faiz, orqanizmin funksiyalarının 61-80 faiz və orqanizmin funksiyalarının 31-60 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslərlə əvəzləmişik. Ancaq burada əsas məsələ artıq hər bir qrup daxilində differensiallaşdırmanın aparılmasının mümkün olacağı ilə bağlıdır. Seçicilər tərəfindən də hər bir qrup daxilində differensiallaşdırma bizim qarşımızda qaldırılan məsələlərdən biri idi. Artıq birinci və ikinci dərəcə əlillik hallarında insanların əmək fəaliyyətinin məhdudlaşması ilə bağlı differensiallışdırma imkanı yaranıb.

Eyni zamanda, əlilliyin təkrar qiymətləndirilməsi zamanı da problem yaranırdı. Müddətli əlilliyin təkrar qiymətləndirilməsi zamanı çatanda insan müraciət etdiyi anda müəyyən obyekti və subyektiv səbəbdən əlilliyin qiymətləndirilməsi 3-5 ay davam edir. İnsanlar da 3-5 aydan sonra əlilliyi təsdiqləndiyi halda həmin 3-5 ay ərzində müavinətlər almadıqları barədə şikayətlənirdilər. Yeni qanuna əsasən, 6 aya qədər müddət şəxsin təkrar əlilliyi müəyyən olunduqda nəzərə alınır və müavinət məhz əlilliyin təkrar qiymətləndirilməsinə başlanıldığı gündən hesablanır.

Əlilliklə bağlı meyarların müəyyənləşdirilməsi, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əlilliyin müəyyən olunması zamanı sui-istifadə oluna biləcək göstəricilər var idi. Məsələn, bu sırada tələb olunmadığı halda xəstələrin stasionar yatışını qeyd etmək olar. Bu, xəstənin stasionar yatışı tələb olunmadığı halda müəyyən həkimlər tərəfindən xoşagəlməz münasibətlərin ortaya çıxmasına, müəyyən yayınma hallarına gətirib çıxarırdı.

Bu gün deyə bilmərik ki, ideal mexanizm yaratmışıq. Çünki yeni qanunvericiliyin tətbiqi üçün hazırlanacaq qaydalar çox vacibdir. Deputatların da qanunun icrası ilə bağlı çoxsaylı sualları meydana çıxmışdı. Bu gün müvafiq qurumlar - Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin qanunun icrası üçün lazımi mexanizmləri, normativ-hüquqi aktları hazırlayıb tətbiq edəcəklər.

Bütün bu qanunlar insanların sosial rifahının yaxşılaşdırılmasına xidmət edir.

İcbari tibbi sığortanın tətbiqi ilə bağlı da çoxlu sual var idi. Artıq icbari tibbi sığorta bütün ölkə üzrə tətbiq olunur, işçilər, sahibkarlar, hər birimiz icbari tibbi sığorta haqqı ödəyirik. Lakin bunun qarşılığında istədiyimiz tibbi xidməti ala bilirik, yoxsa ala bilmirik? Bu, hər birimizi maraqlandırır. Əlbəttə, icbari tibbi sığortanın tətbiqi ilə bağlı çatışmazlıqlar, boşluqlar çoxdur. Səhiyyə sisteminin gücləndirilməsi istiqamətində qarşıda görüləcək kifayət qədər iş var. Məhz icbari tibbi sığortanın əhatə edəcəyi tibbi xidmətlər paketindəki 3 mindən çox tibbi xidmətin təmin olunması üçün bu prosesə həm özəl, həm dövlət sektoru cəlb olunur. Özəl sektorun bu tibbi xidmətləri təqdim etmə imkanı ilə bərabər əsas yükü dövlət səhiyyə sistemi öz üzərinə götürməlidir. Bu istiqamətdə bu gün gözlədiyimiz islahatlar - istər tibb müəssisələrinin lazımi avadanlıqlara təmin olunması, istərsə də yüksək səviyyəli tibbi personalın hazırlanması icbari tibbi sığortanın tətbiqi üçün çox vacibdir. Addım-addım bu istiqamətdə də uğurlar əldə edə bilərik.

Üzvü olduğum həm Əmək və sosial siyasət, həm də Səhiyyə komitəsində əhalinin ümumi sosial rifahının yüksəlməsi üçün böyük işlər görüldü. COVİD-19 pandemiyası dövründə həm işləməyən çoxsaylı insana, sahibkarlara dəstək üçün çox böyük sosial paketlər hazırlanıb, həm də koronavirusun fəsadlarının aradan qaldırılması üçün qabaqlayıcı addımlar atılıb. Beynəlxalq təşkilatlar tərəfindən aparılan qiymətləndirməyə, eləcə də digər dövlətlərlə aparılan müqayisələrə baxsaq, geniş sosial dəstək paketləri hazırlanaraq təqdim olundu.

- İcbari tibbi sığortanın tətbiqi sahəsindəki çatışmazlıqların aradan qaldırılması üçün qanunvericiliyə dəyişikliklər, yaxud əlilliyin qiymətləndirilməsində olduğu kimi yeni qanun layihəsi hazırlana bilərmi?

- Bizim komitəyə 2020-ci ilin payız və 2021-ci ilin yaz sessiyalarında “İcbari tibbi sığorta haqqında” qanuna dəyişikliklərlə bağlı layihələr daxil olub. Səhiyyə komitəsində bir neçə dinləmə keçirmişik. “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanunda dəyişikliyə ehtiyac olub-olmadığını müzakirə etmişik. Həm Səhiyyə Nazirliyi, həm İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, həm də TƏBİB-lə apardığımız dinləmələr zamanı bu məsələlər gündəmə gəlib. “İcbari tibbi sığorta haqqında” qanuna davamlı dəyişikliklər edilir. Ancaq bir sıra islahatların həyata keçirilməsi üçün səhiyyə sahəsində yeni qanunların qəbulu və bir sıra qanunlara dəyişikliklər qaçılmazdır. Bu gün biz, ümumiyyətlə, səhiyyə sistemində islahatlar aparırıq. Məsələn, poliklinikalar ailə-sağlamlıq mərkəzlərinə çevrilib, müəyyən strukturlar birləşdirilir. Əgər əvvəllər Səhiyyə Nazirliyi fəaliyyət göstərirdisə, bu gün həm də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB mövcuddur. İcbari tibbi sığorta paketi çərçivəsində təqdim olunan tibbi xidmətlərin lazımi səviyyəyə çatdırılması üçün çox böyük işlər görülməlidir. Həm Səhiyyə Nazirliyi, həm İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən bu gün mövcud olan qanunların təkmilləşdirilməsi və yeni qanunların qəbul olunması ilə bağlı layihələr hazırlanıb, parlamentin payız sessiyasında təqdim olunacaq.

İcbari tibbi sığorta öncə 3 rayonda pilot formasında tətbiq edildi. Məhz pilot layihələrlə bağlı uğurlar, çatışmazlıqlar nəzərə alınaraq bütün ölkə üzrə icbari tibbi sığorta tətbiq olundu. Lakin pandemiya səbəbindən ölkə üzrə icbari tibbi sığorta planlaşdırılandan bir il gec tətbiq olundu. Eyni zamanda, biz deyə bilmərik ki, bu gün COVİD-19 pandemiyası da artıq yoxdur. Bunun fonunda istədiyimiz nəticələri əldə edə bilməsək də, icbari tibbi sığortanın tətbiqi mütləq idi. Çünki öncəki sistemimiz bu gün dünyada səhiyyədə baş verən inkişaf prosesləri ilə ayaqlaşmırdı. Səhiyyə sistemində ödəmə ilə bağlı xoşagəlməyən hallar vardı. Tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsi mütləq qaydada icbari tibbi sığortadan asılıdır. Çünki keyfiyyət verilən təklif və təklifi alan tərəf arasındakı rəqabətdən asılıdır. Əgər tibb müəssisələri icbari tibbi sığorta çərçivəsində təqdim etdiyi yüksək xidmətə görə həmin xidmətin dəyərini almayacaqlarsa, biz tibbi xidmətin keyfiyyətindən danışa bilmərik. Məhz icbari tibbi sığorta bu gün ona gətirir ki, istər özəl, istərsə də dövlət sektorunda tibbi xidmətin keyfiyyətinə uyğun olaraq qiymətləndirmə aparılır və icbari tibbi sığorta həmin xidməti alır. Lakin bu prosesin icrası ilə bağlı bu gün mövcud olan boşluqların aradaq qaldırılması üçün qarşıdan gələn sessiyada və ondan sonra da qanunvericilik çərçivəsində dəyişikliklər və islahatlarla bağlı çoxsaylı işlər qabaqdadır.

- Qeyd etdiyiniz kimi, əlilliyin qiymətləndirilməsi ilə bağlı yeni meyarlar qəbul olundu. Artıq qruplar daxilində differensiallaşdırma aparıla bilər. Eyni qruplar daxilində differensiallaşma aparılması nəticəsində həmin əlillərə verilən təqaüdlərə münasibətdə fərqli yanaşma tətbiq oluna bilərmi?

- Bu, maraqlı sualdır. Əmək və sosial siyasət komitəsinin üzvləri və ekspertlər də əmək və əhalinin sosial müdafiəsi nazirinə, nazir müavinlərinə bu sualı vermişik. Çünki yeni qanunvericiliyin maliyyə yükünün nədən ibarət olması sualı ortaya çıxmışdı. Belə cavablar var idi, maliyyə yükü yoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hər zaman düzgün olaraq qeyd edir ki, müəyyən qanunvericilikdə dəyişiklik edərkən, saxta əlilliyin qarşısını alarkən məqsəd heç də hər hansı maliyyə vəsaitinə qənaət etmək deyil. Əksinə, dəstəyin düzgün, ünvanlı hədəfə çatması əsas məqsəddir. Bu səbəbdən bizim üçün də maraqlı idi ki, differensiallaşdırma varsa, bunun maliyyə yükü nədən ibarətdir.

Baxmayaraq ki, biz bir neçə dəfə bu sualı verərkən bildirilmişdi ki, maliyyə yükü yoxdur, bu, ünvanlılığın artırılmasına gətirib çıxaracaq. Lakin geniş müzakirələr zamanı bizim gəldiyimiz nəticə o oldu ki, birinci dərəcə əlillik üçün müəyyən olunmuş müavinət 81-100 faiz intervalı üçün başlanğıc müavinət olacaq. Yəni birinci qrup əlillər müavinət alırdısa, həmin məbləğ orqanizmin funksiyalarının 81 faizini itirənlər üçün verilən müavinət olacaq. Orqanizmin funksiyalarını daha çox itirənlərə ilkin müavinətdən daha çox müavinət verilməlidir. Bunun üçün normativ hüquqi aktlar hazırlanacaq. Bunun təmini üçün də maliyyə yükü olmalıdır. Nazir və nazir müavinləri də bunu bir neçə dəfə təsdiqlədilər. İcra mexanizmləri hazırlanarkən biz bununla yaxından tanış olacağıq. Birinci dərəcə əlillik daxilində bu gün müavinət alan əlillərdən orqanizmin funksiyalarını daha çox itirənlərin müavinətlərində müəyyən artım olacaq. Bu yanaşma ikinci və üçüncü dərəcə əlilliyə da şamil ediləcək. Eyni zamanda, üçüncü dərəcəyə qədər olan, yəni orqanizm funksiyalarını 30 faizdən az itirənlərin də pensiyasında müəyyən güzəştlər həyata keçiriləcək. Bu o demək deyil ki, orqanizmin funksiyalarının 30 faizdən azını itirənlər müavinətlərində dəyişiklik olmayacaq. Müəyyən indiqatorlar olacaq ki, bunun sayəsində onlar fərqi hiss edəcək.

- Orqanizmin funksiyalarını 10-30 faiz itirənlər qəbul edilən qanunvericilik aktlarında əlil kimi qeyd olunmamışdılar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqlamasında qeyd olunmuşdu ki, iş şəraitində orqanizmin funksiyalarını 10-30 faiz itirənlərin müavinəti, pensiyalarına müvafiq əlavə həmin iş yerləri tərəfindən veriləcək. Ancaq hələ də bir sıra insanlar əmək müqaviləsi olmadan çalışır, tutaq ki, ustadır, fəhlədir, orqanizm funksiyalarını 30 faizə qədər itirir. Bu halda problem necə tənzimlənəcək?

- Əvvəla, peşə xəstəliyi ilə bağlı müavinətlər qalır. Orqanizm funksiyalarının 10-30 faiz itirilməsinin də mütləq qaydada onların alacaqları pensiyaya təsiri olacaq. Birinci, ikinci, üçüncü dərəcə əlillərə verilən müavinət kimi olmasa da, istənilən halda onlar əmək pensiyalarında o güzəşti görəcəklər.

Kölgə iqtisadiyyatı və əmək münasibətlərinə gəldikdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan rəqəmləri analiz edərkən görürük ki, bir il ərzində əmək müqavilələrində artım 200 min olub. Bu artımın çox hissəsi özəl sektor hesabına baş verib. Çünki aparılan maarifləndirmə nəticəsində insanlar görür ki, əmək pensiyaları şəffaf qiymətləndirilir. Portalda hər bir insanın öz hesabı var, işçi və işəgötürən tərəfindən ödənilən sosial ödənişlər sabah onların pensiyalarında nəzərə alınacaq. Ən əsası da odur ki, 7 il ərzində sosial ödənişlər və vergilərlə bağlı müəyyən güzəştlər tətbiq olunub. Bunun da əsas məqsədi insanların əmək müqaviləsi ilə çalışmasını stimullaşdırmaqdır. Bütün ölkələrdə, hətta inkişaf etmiş ölkələrdə də əmək müqaviləsində yayınmalar var. Ancaq bir müddət bizdə belə hallar çox böyük rəqəmlə ifadə olunurdu. Bir çox halda tikinti və digər belə riskli sahələrdə bununla üzləşən insanlar dövlətin tətbiq etdiyi sosial paketlərdən kənarda qalır. Biz stimullaşdırıcı üsullarla həmin şəxslərin mütləq əksəriyyətini əmək müqaviləsi ilə çalışmağa cəlb edəcəyik.

Kiçik müəssisələrdə, iaşə obyektlərində, yaxud binaların özlərinin idarəetmə mexanizmlərini analiz edəndə görürük ki, artıq hətta bir binada, bir küçədə gözətçi də əmək müqaviləsi əsasında fəaliyyət göstərir. Əvvəllər biz bunu xəyalımıza gətirə bilməzdik. Bu da dövlətin əmək müqaviləsi ilə çalışmanı stimullaşdırmaq üçün təqdim etdiyi sosial və vergi güzəştləri, maarifləndirmə işlərinin nəticəsidir.

- İyulun 16-da Baş nazirin imzaladığı sərəncama əsasən, Vətən müharibəsi qəhrəmanlarına güzəştlərlə bağlı yeni qanun layihəsinin hazırlanması ilə əlaqədar müvafiq qurumlara təkliflərini Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb. Siz bu qanun layihəsini nə dərəcədə vacib sayırsınız?

- Bu gün Əmək və sosial siyasət komitəsinin hər bir üzvünün müzakirəyə çıxarılmasını istədiyi ən azı 5 məsələ var. Həm seçicilərlə görüşdən irəli gələn, həm də fəaliyyət sahəmizə uyğun olaraq irəli sürməyi vacib saydığımız məsələlər olur. Məsələn, şəxsən mənim təklif etdiyim məsələlər ola bilər ki, qarşıdan gələn, yaxud növbəti sessiyada Əmək və sosial siyasət, yaxud Səhiyyə komitəsinin gündəliyinə daxil edilsin. Vətən müharibəsi qəhrəmanları, şəhid ailələri və qazilərlə bağlı məsələlər ötən sessiyada da müzakirə olundu, qəbul edildi. Bu kateqoriya insanlara, ailələrinə müəyyən sosial müavinətlər verilir. Çox sevindirici haldır ki, Vətən müharibəsi qəhrəmanları, şəhid ailələri və qazilərlə verilən pensiyalar Prezident təqaüdü ilə əvəz olundu, bu vəsaitlərin məbləği 50-100 faiz artırıldı. Amma Vətən müharibəsi qəhrəmanları, şəhid ailələri və qazilərlə qayğının daha da artırılması hər zaman müzakirə olunan məsələdir.

Nazirlər Kabinetinin sərəncamına uyğun olaraq, qanunvericilik subyektləri Vətən müharibəsi qəhrəmanları ilə bağlı qanun layihəsini hazırlayaraq parlamentin Əmək və sosial siyasət komitəsinə təqdim etdiyi halda biz də öz təkliflərimizi təqdim edəcəyik. Vətən müharibəsi qəhrəmanları, şəhid ailələri və qazilərə qayğı yalnız qəbul edilən bir qanunla yekunlaşmır.

Bu məsələni qeyd etmək istəyirəm. Bu gün Bakıda və rayonlarda şəhid ailələrinin bizə şəhidlərin adının əbədiləşdirilməsi ilə bağlı müraciətləri olur. Ən çox xahişlər isə küçələrə şəhidlərin adının verilməsi ilə bağlıdır. Bu da qanunvericiliklə həllini tapmalıdır. Biz də istəyirik ki, bu məsələ tez bir zamanda həll olunsun. Ona görə də bu kateqoriyadan olan insanlara dəstəyin artırılması, ünvanlı yardımın göstərilməsi, yaxud qanunvericiliklə digər məsələlərin həll olunması üçün Əmək və sosial siyasət komitəsinə təqdim ediləcək qanun layihələri olacaq.

- Siz hansı qanunvericilik təşəbbüsləri ilə çıxış etmisiniz?

- Komitələrin üzvlərinin bir çox qanunvericilik təşəbbüsləri olub. Mənim irəli sürdüyüm təşəbbüslərdən səhiyyə sistemində aparılan islahatlarla bağlı olub. Bu gün dövlət tərəfindən qazilərə yüksək texnologiyalı ortezlər təqdim olunur. Eyni zamanda, Birinci Qarabağ savaşında və aprel döyüşlərində əlil olmuş qazilərə Heydər Əliyev Fondu tərəfindən də böyük dəstək göstərilib. Biz bu sahəni analiz edərkən gördük ki, həkimlər tərəfindən uşaqlara təyin edilən ortezlərlə bağlı müəyyən boşluqlar var. Bununla bağlı parlamentin Səhiyyə komitəsinə müraciət etdim ki, bu xidməti göstərən müəssisələr mütləq qaydada digər tibbi xidmətləri göstərən müəssisələr kimi lisenziya əsasında fəaliyyət göstərsin. Lisenziyalaşdırma həmin tibb müəssisəsinin göstərdiyi xidmətin keyfiyyətinin artırılmasını, orada çalışan mütəxəssislərin səviyyəsinin tələblərə uyğun olmasını şərtləndirəcək. Səhiyyə komitəsinin rəhbərliyi bu məsələni yüksək qiymətləndirib və yaxın gələcəkdə müzakirəyə təqdim olunacağını bildiriblər.

Bizim “Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun layihəsi hazırlanması barədə təklifimiz olmuşdu. Biz ilkin layihəni hazırlamışıq və zamanı çatanda bu məsələyə də baxılacaq.

Əlilliyin qiymətləndirilməsi ilə əlaqədar qan xəstəliyi olan şəxslərin əlilliklə bağlı müraciətləri zamanı tələb olunan stasionar yatışlar və digər lazımsız tələblərin aradan qaldırılmasını da təklif etmişdik. Əlilliklə bağlı yeni qanunvericiliyin icrası ilə bağlı hazırlanacaq hüquqi aktlarda bu məsələnin həllini tapacağına əminəm. Əgər həllini tapmazsa, yenidən bu məsələyə qayıdılacaq. Çünki bəzən qanunların icrasında ortaya çıxan hallarla bağlı qanunun özündə yenidən müəyyən dəyişikliklər qaçılmaz olur.

- Vətən müharibəsi 2020-ci ilin 10 noyabr bəyanatı ilə bitsə də, Azərbaycan və Ermənistan arasında informasiya savaşı hələ də davam edir. Fransa-Azərbaycan Parlamentlərarası İşçi Qrupunun rəhbəri kimi informasiya savaşında parlamentin və Fransa-Azərbaycan Parlamentlərarası İşçi Qrupunun rolunu necə görürsünüz?

- ATƏT-in Minsk qrupunun həmsədri olmasına və BMT-nin Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi ilə bağlı 4 qətnamə qəbul etməsinə baxmayaraq, Fransanın 30 ilə qədər müddətdə bitərəf mövqe tutması Azərbaycan ictimaiyyəti tərəfindən etirazla qarşılanmışdı. Vətən müharibəsinə qədər Fransanın həm qanunvericilik orqanı, həm hökumət səviyyəsində Azərbaycana qarşı siyasətini hiss etməyə başladıq. Xüsusilə birtərəfli qaydada Ermənistana dəstəyin ifadə olunması bizi narahat edirdi.

Azərbaycan və Fransa arasında siyasi, iqtisadi və mədəni səviyyədə münasibətlər uzun illər yüksək səviyyədə olub. Fransa Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin xarici səfərlərini həyata keçirdiyi ilk ölkələr sırasında idi. Bunun özü də dövlətlərarası münasibətlərin səviyyəsindən xəbər verir. Fransa ilə Azərbaycanın ticarət dövriyyəsi də kifayət qədər böyükdür. Mədəni əlaqələrə gəlincə, Heydər Əliyev Fondu tərəfindən illərlə multikultural dəyərlər, mədəniyyətlə bağlı çoxsaylı layihələr həyata keçirilib.

Fransa parlamentinin aşağı palatasında - Milli Assambleyada Fransa-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir. Lakin parlamentin yuxarı palatasında - Senatda Qafqazla dostluq qrupu var, ayrıca Azərbaycanla dostluq qrupu yoxdur. Yaxşı olardı ki, Senatda da Fransa-Azərbaycan dostluq qrupu fəaliyyət göstərsin. Milli Məclisdə isə Azərbaycan-Fransa parlamentlərarası işçi qrupu fəaliyyət göstərir. Bir müddət bu işçi qrupuna Birinci vitse-prezident Mehriban Əliyeva rəhbərlik edib və o zaman münasibətlər çox yüksək səviyyədə olub. Hər zaman Milli Assambleyada dostlarımız vasitəsi ilə Azərbaycanın haqq səsini Fransa ictimaiyyətinə çatdırmağa çalışmışıq.

Əfsuslar olsun ki, Vətən müharibəsində Fransanın dövlət səviyyəsində tutduğu mövqe hər birimizi məyus etdi. Eyni zamanda, üçtərəfli razılaşma imzalandıqdan və müharibə bitdikdən sonra Fransa yenə də sülhə dəstək verməli olan həmsədr ölkə kimi davranmadı. Milli Assambleya tərəfindən 2020-ci il dekabr ayında erməni icmasının qorunması ilə bağlı qəbul edilən qətnamə də bizi çox narahat etdi. Senat tərəfindən separatçı rejimin tanınması ilə bağlı hökumətə müraciət oldu. Milli Məclisin sədri Sahibə Qafarova, o cümlədən, bizim işçi qrup səviyyəsində bu məsələ dəfələrlə müzakirə olunub, Milli Assambleya və Senata etirazlar ünvanlanıb. Bununla belə, biz Milli Assambleya və Senatdan adekvat reaksiya görməmişik. Milli Assambleyada Azərbaycanın reallıqlarını başa düşən, bizə dost olan deputatlar da var. Mehriban Əliyevanın işçi qrupuna rəhbərlik etdiyi dövrdə yaradılmış münasibətlərin nəticəsi olaraq Vətən müharibəsi dövründə - hələ oktyabr ayında Azərbaycana səfər etməyə qərar vermiş ilk deputatlar məhz Fransa Milli Assambleyasındakı dost deputatlar oldu. Noyabrın 12-də fransalı deputatlar - dostluq qrupunun vitse-prezident Jerom Lamber, baş katibi Jan Lük Reitzer və bir neçə deputat Azərbaycana səfər etdi. Bakıda görüşlər keçirildi, sonra Gəncəyə səfər oldu. Müzakirələrimiz zamanı bildirildi ki, həm Fransada erməni diasporunun güclü olması, həm Milli Assambleya və Senatda birtərəfli olaraq erməniləri dəstəkləyən deputatların çoxluğu reallığı bilməyən deputatlar arasında da yanlış fikir formalaşdırmışdı. Dostlarımız belə qətnamələr hazırlandığını bilirdilər, biz bacardığımızı etdik, fransalı dostlarımızın köməyi ilə hətta bir neçə qətnamə də gündəliyə də daxil edilmədi. Əfsuslar olsun ki, Milli Assambleyanın dekabr ayında əsassız şəkildə qəbul etdiyi qətnamədə bildirilirdi ki, guya Azərbaycan müharibədən sonra ermənilərə məxsus dini abidələri dağıdır.

Milli Assambleyadakı dostlarımızın yeni bir qrupu bu ilin fevral ayında Azərbaycana ikinci dəfə səfər etdi. Onlar da Milli Assambleya və Senatın qəbul etdiyi qərarların reallığı əks etdirmədiyini anlayaraq, görəcəkləri işlər barədə bizə məlumat verdilər. İyulun 21-26-da dostluq qrupunun vitse-prezidenti, baş katibi və digər 3 partiyanı təmsil edən yeni dostlarımız öz istəkləri ilə reallıqları görmək üçün Bakıya səfər etmişdil Fransalı deputatlarla Bakıda yüksək səviyyəli rəsmi görüşlər keçirdik, Ermənistanın Gəncədə mülki əhaliyə qarşı cinayət törətdiyi ərazidə oldular. Onlar bizim illərlə beynəlxalq platformalarda səsləndirdiyimiz reallıqları gördülər, Ağdama, Füzuliyə səfər etdilər.

Milli Assambleyada dekabr ayında ermənilərə dəstəklə bağlı qətnamə qəbul edilərkən 577 deputatdan 350 deputat ümumiyyətlə, iclasa gəlməmişdi, 227 deputat iclasda iştirak edib. Həmin vaxt iclasda iştirak edən bizə dost deputatlardan 3-ü qətnamənin əleyhinə, qalan deputatlar isə qətnamənin qəbuluna səs verib. Lakin bu, Milli Assambleyanın bütün üzvlərinin – 577 deputatın yekdilliklə qəbul etdiyi qətnamə deyil, çünki 350 deputat iclasa gəlməyib. Son səfər zamanı apardığımız danışıqlardan məlum olur ki, səfərə gələn 5 deputatdan biri qətnamənin lehinə səs verib. O bildirdi ki, qətnamə səsverməyə çıxarılarkən onlara məlumatı birgə çalışdıqları, dost saydıqları deputatlar veriblər. Həmin məlumat verən deputatların əksəriyyəti ermənipərəst olublar. Layihənin lehinə səs verən deputatların bir çoxu indi qətnaməyə qarşıdır. Biz Azərbaycan reallıqlarını bu gün həmin qətnamənin lehinə səs vermiş deputatlara çatdıraraq dostlarımızın şəbəkəsini genişləndiririk.

Əfsuslar olsun ki, Fransanın bu gün dövlət siyasəti gözləntilərimizin tam əksinədir. Milli Assambleyadakı dostlarımız da bildirirlər ki, Fransa Prezidenti, yanvar ayında Prezident İlham Əliyevlə görüşü zamanı Azərbaycanın mövqeyini dəstəkləyən və gələn il iki ölkə arasında diplomatik münasibətlərin 30 illiyinin qeyd olunacağı ilə əlaqədar mədəni tədbirlərinin keçirilməsini təklif edən Xarici İşlər Nazirliyinin dövlət katibi yenə də öz çıxışlarında Ermənistanın tərəfini saxlayır. Bu, artıq Fransanın dövlət siyasətində Ermənistanın birtərəfli dəstəkləndiyini göstərir. Bu, narahatlıq doğurur. Biz Senatda dəfələrlə ermənipərəst cəhdlərin qarşısını almışıq. Belə qətnamələrin artıq Fransa Senatı və Milli Assambleasında deyil, Avropa Parlamentində müzakirə olunması təklifləri onların qərəzli və birtərəfli siyasətinin nəticəsidir. Həm Fransa Milli Assambleyasındakı dostluq qrupunun, həm də Milli Məclisdəki 25 nəfərdən ibarət Azərbaycan-Fransa parlamentlərarası işçi qrupunun vəzifəsi müntəzəm olaraq fransalı deputatlarla əlaqə saxlayaraq, reallıqları göstərərək Azərbaycanı dəstəkləyən daha çox fransalı deputatın şəbəkəsini yaratmaq və Azərbaycana qarşı növbəti qətnamələrin qarşısını almaqdır.

Eyni zamanda, Ermənistanın mina xəritələrini Azərbaycana verməməsi, sərhəddə həyata keçirdiyi təxribatlar, Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə Ermənistanın qeyri-adekvat reaksiyası, sərhədlərin delimitasiyası və demarkasiyasına qeyri-konstruktiv mövqedən yanaşması ilə bağlı fransalı deputat dostlarımızla müzakirələr aparmışıq. Artıq bu məsələlərin fransalı dost deputatlar tərəfindən Milli Assambleyada, daha sonra da Senatda qaldırılması nəzərdə tutulur.

Biz hücum strategiyası həyata keçirərək qarşımızda qoyulan məqsədə nail olmağı hədəf qoymuşuq. İyulun 25-də keçirilən görüşlərdə, Füzulidə, Ağdamda işğalçılar tərəfindən törədilən cinayətləri öz gözləri görən nümayəndə heyətinin üzvlərindən Frederik Duma da bildirdi ki, Füzuliyə bir azərbaycanlı kimi gəliblər. Bildirdi ki, torpaqlarınızın işğaldan azad edilməsi ilə bağlı arzunuz artıq həyata keçirilib. 28 il əvvəl həyatın qaynadığı Füzuli şəhərinin durumunu gördülər. Dağıdılmış bir neçə məscidi, qəbiristanlıqları gördülər. Səfər etdiyimiz Qarğabazar kəndində 17-ci əsrdə tikilmiş karvansaranın durumu da acınacaqlı idi. Dağıdılmış karvansara təmizlənməsinə baxmayaraq, hələ də işğal dövründə heyvan saxlanılmış bu tarixi abidədən üfunət getməmişdi. İstər Ağdam, istərsə də Füzulidə gördüklərimiz işğalçı Ermənistanın dünya mədəniyyət irsinə qarşı törətdiyi bir cinayətdir. Fransalı deputatlar hələ Azərbaycanda olarkən bildirdilər ki, bu tarixi abidələrin dağıdılması ilə bağlı YUNESKO-ya müraciət etmək istəyirlər. O insanlar anlayırlar ki, Azərbaycanın istədiyi reallıqların dünyaya çatdırılmasıdır. Video və fotolardan fərqli olaraq gözləri ilə gördükləri erməni vəhşiliyi onları şoka salmışdı. Bu insanların reallığı görməsi onların gələcəkdə digər fransalı deputatlara həqiqəti çatdıraraq onların da Azərbaycanı dəstəkləməsinə bir zəmin yaradacaq.

Ancaq fransalı dostlarımızın da arzu etdiyi kimi, Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi müəyyən rol həyata keçirmək istəyirsə, Minsk qrupu yeni gündəliyini müəyyən etdikdən sonra fəaliyyət göstərə bilər. Bu gündəlik də Azərbaycanın təklif etdiyi sülh müqaviləsinin üzərində işləmək, sərhədlərin delimitasiyası və demarkasiyasıdır. Lakin bu gün Ermənistan tərəfindən aparılan siyasət optimist əhval-ruhiyyə yaratmır. Fransanın Ermənistana birtərəfli dəstək verməsi yumşaq desək, qeyri-obyektivlikdir.

Yeri gəlmişkən, Fransada keçirilən son bələdiyyə seçkiləri göstərdi ki, hazırkı hakimiyyətinin siyasi vəziyyəti stabil deyil, həyata keçirilən siyasəti əhali dəstəkləmir. Dostluq qrupu tərəfindən bizə daxil olan son rəsmi məktubda da qeyd edilir ki, Milli Assambleyada və Senatda qəbul edilmiş qətnamələr Fransa ictimaiyyətinin rəyini əks etdirmir. Fransanın Azərbaycandakı səfiri ilə görüş zamanı da bildirildi ki, Fransa azad olunmuş ərazilərdə minaların təmizlənməsi işində iştirak etmək üçün artıq Azərbaycana müraciət edib. Minalardan zərər çəkmiş mülki əhalinin reabilitasiyası ilə bağlı birgə layihələr həyata keçirilməsi üçün də Azərbaycan hökumətinə müraciət olunub. Mədəni layihələrin həyata keçirilməsi üçün isə birbaşa səfirlik tərəfindən Heydər Əliyev Fonduna müraciət olunub. Ümid edirəm ki, Azərbaycan-Fransa parlamentlərarası işçi qrupunun və fransalı deputat dostlarımızın səyi, ədalətli mövqeyimiz nəticəsində Fransa dövlətinin Azərbaycanın haqlı mövqeyini dəstəkləməsinə nail olacağıq.

- Fransa ATƏT-in Minsk Qrupunun üzvü olsa da, daha çox ermənipərəst mövqeyi ilə diqqət çəkir. Xüsusilə 44 günlük Vətən müharibəsində Fransa Senatında Azərbaycan əleyhinə bir sıra qətnamələr qəbul edildi. Sizcə, Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılması üçün müraciət olunmalıdırmı?

- Milli Assambleyada və Senatda qəbul edilmiş qətnamələrdən dərhal sonra Milli Məclisdə bu yöndə çıxışlar və Milli Məclisin rəsmi müraciəti oldu. Milli Məclisin sədri Sahibə Qafarova və işçi qrup səviyyəsində həmkarlarımıza fikirlərimizi bildirdik. Biz hər bir görüşümüzdə, çıxışımızda, məktubumuzda bunu birbaşa həm Fransadakı həmkarlarımıza, həm də rəsmilərə bildiririk ki, bu gün Azərbaycan ictimaiyyəti və dövləti Fransanın Minsk qrupunun həmsədri kimi bu cür qərəzli mövqeyini qəbuledilməz sayır. Lakin hazırda Minsk qrupunun fəaliyyəti Minsk qrupunun üzvlərinin özünə də aydın deyil. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, biz Minsk qrupuna qarşı deyilik, istəyirlərsə, gündəliklərini müəyyən etsinlər və işləməyə başlasınlar. Minsk qrupu ilə 30 il işlədik, onlardan bir xeyir görmədik. Yeni gündəlik formalaşdırıb, töhfə vermək istəyirlərsə, buyursunlar.

- Ötən həftə Fransa Senatının Azərbaycanın mövqeyini dəstəkləyən deputatlarının səfərinin nəticələrini ümumilikdə necə qiymətləndirirsiniz? Ermənilərin törətdikləri vəhşilikləri gözləri ilə görən bu nümayəndə heyəti Fransada ictimai rəyin obyektiv formalaşmasına nə dərəcədə təsir edə biləcək?

- Bizim gördüyümüz işlər nəticəsində Fransa Milli Assambleyasının üzvləri - vitse-prezident Jerom Lamber, Jan Lük Reitzer, Frederik Düma, Karol Büro-Bonnar və Sandrin Morş Azərbaycanın mövqeyini yüksək səviyyədə dəstəkləyirlər. Onlar həm də müxtəlif partiyaların nümayəndələridir. Onlardan biri bizimlə görüşdə bildirdi ki, Azərbaycana qarşı qətnamənin lehinə səs versə də, bu gün fikrini dəyişib. Çünki deyir ki, ermənilər bildirirdilər ki, Azərbaycan azad olunmuş ərazilərdə erməni irsini dağıdır. Əgər ermənilər fransalı deputatlarda belə bir fikir yaradıblarsa, ictimaiyyət arasında belə bir rəy formalaşdırmaq daha asandır. Biz hər zaman fransalı deputatlarla görüşərkən deyirlər ki, Fransada güclü erməni diasporu var və ermənilər Fransa cəmiyyətində də reallıqdan uzaq rəy yaradıblar. Bizə dost fransalı deputatlar deyirlər ki, əvvəlcə deputatlar, daha sonra seçiciləri arasında rəy dəyişməlidirlər. Əgər keçən ilin dekabr ayında Fransada 3-5 deputat haqlı mövqedə olan Azərbaycanı müdafiə edirdisə, artıq 20-yə yaxın fransalı deputat Azərbaycanın mövqeyini dəstəkləyir. Əminəm ki, fransalı deputatların sonuncu səfərindən sonra Azərbaycanı dəstəkləyənlərin sayı artacaq. Çünki reallığı gözləri görən həmkarlarının məlumatları sayəsində digər fransalı deputatların mövqelərini dəyişməsi ehtimalı böyükdür.

- Fransa şirkətlərinin işğaldan azad edilmiş torpaqlarında yenidənqurma prosesində iştirakı nə dərəcədə realdır?

- Bizə dost fransalı deputatlar, Fransanın Azərbaycandakı səfiri də Fransa şirkətlərinin azad edilmiş ərazilərdəki layihələrdən kənarda qalmasından narahatlıqlarını bildirirlər. Biz Ağdamın Baş planının hazırlanmasında Fransa şirkətlərinin iştirak etməməsi ilə bağlı bildirdik ki, Azərbaycan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrdə dost, yaxın ölkələrin şirkətləri ilə çalışır. Lakin bizim heç zaman Fransa şirkətləri ilə birgə çalışmamaq barədə bir məqsədimiz, planımız yoxdur, sadəcə, Fransadan adekvat reaksiya gözləyirik. Fransa hökumətinin mövqeyi dəyişmədiyi halda, Fransa şirkətlərinin azad olunmuş ərazilərdə fəaliyyət göstərməsi məntiqli olmaz, bu, ictimai rəydə də düzgün anlaşılmaya bilər. Bunu fransalı deputat dostlarımız və səfir yaxşı başa düşür, narahatlıqla qəbul edirlər.

“Azərkosmos” bizim peyklərimizin idarə olunması və işlənilməsini Fransa ilə əməkdaşlıq şəraitində həyata keçirir. Yəni biz iqtisadi münasibətləri dayandırmamışıq. Azərbaycanda Fransanın böyük şirkətləri fəaliyyət göstərir. Səfirin təklif etdiyi isə humanitar layihələrdir. İstəyirlər ki, Fransa hökuməti minaların təmizlənməsi prosesində aktiv iştirak etsin. Müharibə dövründə bir neçə fransalı həkim Azərbaycana gələrək bizimlə çalışdı. Biz bunu çox humanist addım kimi qəbul etdik və Azərbaycanın əməkdaşlığa hazır olduğunu göstərdik. Bu gün əminəm ki, Fransa minatəmizləmə sahəsində humanitar əməkdaşlıq etmək istəyirsə, bu məsələ müvafiq dövlət qurumları tərəfindən dəyərləndiriləcək. Biz də həm Fransa, həm də digər ölkələrdə humanitar layihələr həyata keçirmişik. Azərbaycan Strasburq kafedral kilsəsi də daxil olmaqla 9 kilsənin, Luvr muzeyinin təmirində iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR