Tahir Kərimli: “Şuşa Bəyannaməsi dünyaya bir mesajdır”

Tahir Kərimli, Milli Məclisin deputatı

© APA | Tahir Kərimli, Milli Məclisin deputatı

# 16 iyun 2021 12:59 (UTC +04:00)

“Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi dünyaya bir mesajdır”.

Bunu APA-ya açıqlamasında Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Tahir Kərimli bildirib.

Deputat deyib ki, sənədə əsasən, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaq. Eyni zamanda Azərbaycan və Türkiyənin Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclasları keçiriləcəkdir və bu iclaslarda milli mənafe, tərəflərin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi həyata keçiriləcək: “Azərbaycan Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyə Respublikasının mənəvi-siyasi dəstəyini yüksək qiymətləndirir. Azərbaycan və Türkiyə Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində səylərini davam etdirəcəklər. Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir”.

T. Kərimli qeyd edib ki, Azərbaycan və Türkiyə ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatlarının və ixracın şaxələndirilməsi, eləcə də perspektiv sahələrdə birgə istehsalın qurulması, investisiya əməkdaşlığının qarşılıqlı faydalı inkişafı üçün daha əlverişli şəraitin inkişaf etdirilməsi istiqamətində də səylərini artıracaqlar. Sənəddə qeyd edilib ki, bu xüsusda Azərbaycan və Türkiyə malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində tədbirlər görəcəklər. Eyni zamanda Azərbaycan vətəndaşlarının Türkiyədə, Türkiyə vətəndaşlarının Azərbaycanda yaşamaq hüququ əldə etməsi asanlaşdırılacaq: “Bəyannamədə vurğulanıb ki, Azərbaycan və Türkiyə bir tərəfin vətəndaşlarının digər tərəfin ərazisində yaşamaq hüququ əldə etmələrini qarşılılıq prinsipinə uyğun olaraq asanlaşdırmaq üçün müvafiq tədbirlər görülməsini təqdir edirlər. Digər tərəfdən, Şuşa Bəyannaməsi özündə Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, ümumi problemlərlə bağlı birgə addımların atılması, davamlı həmrəylik göstərilməsi, milli mənafelərin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor fəaliyyətinin əlaqələndirilməsi və qarşılıqlı dəstəyin verilməsini də ehtiva edir. Qeyd edilir ki, Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarının, tarixin saxtalaşdırılması və tarixi faktların təhrif olunmaqla siyasiləşdirilməsi cəhdlərinin regionda sülhü və sabitliyi təhdid etməsi nəzərə alınmaqla, 1915-ci il hadisələri ilə bağlı arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərin qətiyyətlə dəstəklənməsi vacibdir. Sənəddə tərəflər Türk dünyasının birlik və rifahına xidmət edəcək milli və beynəlxalq səylərin artırılmasına da diqqət çəkiblər. Ümumiyyətlər, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin birliyini bir daha bütün dünyaya nümayiş etdirdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR