Tbilisidə Heydər Əliyevin anım günü münasibətilə təşkil edilmiş sərginin açılışı olub - FOTO

Tbilisidə Heydər Əliyevin anım günü münasibətilə təşkil edilmiş sərgi

© APA | Tbilisidə Heydər Əliyevin anım günü münasibətilə təşkil edilmiş sərgi

# 08 dekabr 2021 12:38 (UTC +04:00)

Tbilisidə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü münasibətilə təşkil edilmiş sərginin açılışı olub.

APA-nın yerli bürosunun xəbərinə görə, Tbilisidə Zurab Tsereteli adına Müasir İncəsənət Muzeyində təşkil edilmiş "Heydər Əliyev irsi və Gürcüstanla münasibətlər" adlı sərginin açılış mərasimində Azərbaycan Respublikasının keçmiş Baş naziri Həsən Həsənov, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, Gürcüstan xarici işlər nazirinin müavini Vladimir Konstantinidi, Gürcüstanın dövlət və hökumət rəsmiləri, parlament üzvləri, siyasi partiya liderləri, gürcü və azərbaycanlı ictimai xadimlər iştirak ediblər.

Tədbirdə ümummilli lider Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən səfir Faiq Quliyev ümummilli lider Heydər Əliyevin Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələrinin qurulması və möhkəmləndirilməsində müstəsna rolu olduğunu qeyd edib. O bildirib ki, Heydər Əliyevin 1996-cı ildə Gürcüstana səfəri iki ölkə arasında strateji əlaqələrin qurulması və möhkəmləndirilməsinə xidmət etməklə yanaşı, Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatının yaradılması istiqamətində mühüm imkanlar yaradıb. F. Quliyev vurğulayıb ki, Heydər Əliyev, Eduard Şevarnadze və Süleyman Dəmirəl tərəfindən əsası qoyulmuş üçtərəfli əməkdaşlıq bu gün fundamental ənənədir.

Gürcüstan xarici işlər nazirinin müavini Vladimir Konstantinidi deyib ki, Gürcüstan və Azərbaycan arasında müasir strateji tərəfdaşlığın əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi idarəçiliyi altında qoyulub.

O bildirib ki, iki ölkə arasındakı əlaqələrin bugünkü səviyyəyə qaldırılmasında Heydər Əliyevin misilsiz xidmətləri olub: “Mənim üçün böyük bir fəxrdir ki, bu mühüm tədbirdə, Heydər Əliyevin anım günündə iştirak edirəm. Bu gün burada onun tarixi şəkillərinin sərgisi də keçirilir. Bu sərgi mərhum Heydər Əliyevin dövründə ölkələrimiz arasında olan müsbət əlaqələri özündə çox yaxşı əks etdirir. Heydər Əliyevin Gürcüstanla, bizim ölkəmizlə xüsusi qardaşlıq əlaqələri var idi. Elə ölkələrimizin bugünkü strateji tərəfdaşlıq münasibətlərinin təməli onun idarəçiliyi altında qoyuldu.”.

Qeyd edək ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə təşkil edilmiş sərgidə ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti, onun Gürcüstan rəhbərləri ilə münasibətləri, dünya liderləri ilə görüşlərinin əks olunduğu fotoşəkillər nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR