TİHEK nümayəndə heyəti Milli Məclisində və Minatəmizləmə Agentliyində olub

TİHEK nümayəndə heyəti Milli Məclisində və Minatəmizləmə Agentliyində olub
# 30 iyun 2021 00:38 (UTC +04:00)

Xəbər verildiyi kimi, Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun (TİHEK) sədri Süleyman Arslanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər çərçivəsində bir sıra qurumlarda görüşlər keçirir.

Ombudsman Aparatının Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinin üzvləri Ombudsman Səbinə Əliyeva ilə birgə Azərbaycan Respublikası Milli Məclisində olub.

Qonaqları Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli qəbul edib. Milli Məclisin digər deputatlarının da iştirak etdiyi görüşdə Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin dərin tarixi köklərə və qarşılıqlı etimada əsaslandığı qeyd edilib, iki ölkə arasında əməkdaşlığın ən yüksək səviyyədə olduğu bildirilib.

Daha sonra nümayəndə heyəti Minatəmizləmə Agentliyinin (ANAMA) sədri Vüqar Süleymanovla görüş keçirib. Görüş zamanı V.Süleymanov bildirib ki, üçtərəfli bəyanatın imzalanmasından sonrakı 200 gün ərzində işğaldan azad edilmiş ərazilərdə təxminən 100 milyon m² sahədə 35 mindən çox minanın zərərsizləşdirilməsinə baxmayaraq mina qurbanlarının sayı artmaqda davam edir. O, minaların onilliklər boyu aktiv qalaraq ciddi risk daşıdığını vurğulayaraq, Ermənistan tərəfindən bu günədək mina xəritələrinin Azərbaycan tərəfinə verilməməsi səbəbindən 28 şəxsin mina partlaması nəticəsində həlak olması faktını diqqətə çatdırıb.

Görüşdə bildirilib ki, minaların mövcudluğu insanların yaşamaq hüququna təhdid olmaqla yanaşı, məcburi köçkünlərin həmin ərazilərə geri qayıtmasına maneə törədir, ümumilikdə bərpa və inkişaf prosesini əhəmiyyətli dərəcədə ləngidir.
Qeyd edək ki, səfər çərçivəsində nümayəndə heyəti sabah işğaldan azad edilmiş Ağdam şəhərinə səfər edəcəkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR