Türkiyə PA-nın komissiya üzvü: “Zəngəzur dəhlizi mütləq reallaşacaq”

İsmayıl Safi

© APA | İsmayıl Safi

# 09 iyul 2021 15:57 (UTC +04:00)

“Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) Qarabağda nəzərdə tutulan əhəmiyyətli fəaliyyəti Azərbaycan və Türkiyə prezidentlərinin birbaşa təlimatları ilə tənzimlənir”.

Bunu APA-nın yerli bürosuna açıqlamasında Türkiyə Prezident Administrasiyasının (PA) təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü, TADİV-in sədr müavini, professor İsmayıl Safi deyib.

TADİV-in 90-cı illərdə mərhum prezidentlər Heydər Əliyev və Süleyman Dəmirəlin rəhbərliyi dövründə İhsan Doğramacının təşəbbüsü ilə qurulduğunu xatırladan İ. Safi bildirib ki, əsasən iki ölkə arasında elm sahəsində mövcud çatışmazlıqları aradan qaldırmaq üçün yaradılan təşkilatın fəaliyyəti İkinci Qarabağ müharibəsindən sonra daha çox aktivləşib: “İkinci Qarabağ savaşı başlayana qədər biz TADİV rəhbəri, professor Aygün Əttarla təşkilatın fəaliyyətinin daha da aktivləşməsinin zərurətini geniş müzakirə edirdik. İkinci Qarabağ savaşı isə TADİV-in aktiv fəaliyyətinə təkan verdi. TADİV-də Türkiyə tərəfdən cənab Prezident Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın və mən, Azərbaycandan tərəfdən isə Prezident İlham Əliyevin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim təmsil olunuruq. TADİV-in Qarabağ, Qafqaz, “erməni məsələsi”, Azərbaycan-Türkiyə, hətta daha geniş olaraq türk dünyası, Avrasiya mövzularında önəmli fəaliyyətləri nəzərdə tutulub”.

İyunun 28-də Ankarada Azərbaycan Evinin açıldığını vurğulayan İ. Safi TADİV-in Azərbaycan Evinin nəzdində fəaliyyət göstərdiyini və sentyabr ayında Şuşa ilə bağlı xüsusi bir proqramın icrasının planlaşdırıldığını qeyd edib. O əlavə edib ki, bu kontekstdə onların Bakıya və Şuşaya səfəri nəzərdə tutulub.

İ. Safi qeyd edib ki, Zəngəzur dəhlizi Çinin “Bir kəmər, bir yol” layihəsinin sürətli inkişafına təkan verəcək. Onun sözlərinə görə, Zəngəzur dəhlizi mütləq reallaşacaq. İ. Safi əlavə edib ki, regionda nəqliyyat kommunikasiyalarının bərpası Ermənistanın da xeyrinədir.

Türkiyə ilə Azərbaycan arasında diaspor fəaliyyətlərinin inkişaf etdiyini söyləyən İ. Safi vurğulayıb ki, Azərbaycan diaspor fəaliyyətində Türkiyədən irəlidədir.

Professor onu da qeyd edib ki, Vətən müharibəsindəki qələbə birbaşa Azərbaycan Silahlı Qüvvələrinin uğurudur: “Azərbaycan Qarabağ travmasını çox ağır şəkildə yaşadı, bir an olsun belə bu zərbəni unutmadı, bütün beynəlxalq tədbirlərdə, platformalarda bunu vurğuladı. Mən Azərbaycanın Qarabağı işğaldan azad etmək üçün apardığı prinsipiallığa, ruhdan düşməməsinə heyran oldum. Həqiqətən bu qələbə Azərbaycanın təqdirəlayiq bir əsəridir. Əlbəttə, Türkiyənin siyasi, diplomatik, eyni zamanda, Azərbaycan Ordusunun peşəkarlığının artırılması istiqamətindəki dəstəyi danılmazdır. Amma bu, son nəticədə Azərbaycanın qələbəsidir. Azərbaycan dövləti, Azərbaycan Ordusu, Azərbaycan xalqı Qafqazın ən güclüsüdür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR