Türkiyədə “Qarabağ zəfəri həkim gözü ilə: Qardaşlığın dastanı” adlı tədbir keçirilib - FOTO

Türkiyədə “Qarabağ zəfəri həkim gözü ilə: Qardaşlığın dastanı” adlı tədbir keçirilib - FOTO
# 05 noyabr 2021 02:46 (UTC +04:00)

Oktyabrın 4-də Ankarada Sağlıq Bilimləri Universitetinin (SBU) Gülhanə Tibb fakültəsində “Qarabağ zəfəri həkim gözü ilə: Qardaşlığın dastanı” adlı tədbir keçirilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Azərbaycanın Türkiyədəki Səfirliyi və Azərbaycan Həkimlər Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbirdə 44 günlük Vətən müharibəsində iştirak etmiş könüllü həkimlərin təcrübəsi və xidmətləri diqqətə çatdırılıb.

Azərbaycanın Ankaradakı fövqəladə və səlahiyyətli səfiri bildirib ki, bu müharibədə təkcə Azərbaycanda yaşayan oğullar, qızlar savaşmayıb, həm də Türkiyədə tibb sahəsi üzrə təhsil alan və işləyən həkimlərimiz ailələrini, evlərini, təhsillərini, işlərini, karyeralarını arxada qoyub ön cəbhəyə atılıblar: “Onların bu müharibədə vətənimizə qazandırdığı fayda, bəlkə də böyük bir generalın verdiyi fayda qədər çoxdur. Çünki onlar yüzlərlə, minlərlə insanları ölümdən qurtarırdılar”.

Aralarında 10 həkim olmaqla 86 tibb personalının şəhid olduğunu bildirən səfir onları ehtiramla yad edib.

SBU-nun rektoru, professor, doktor Cevdet Erdöl çıxış edərək bildirib ki, hazırda Gülhanədə Azərbaycandan olan 41 tibb ixtisası alan həkim məsləkdaşı var.

Rektor universitetdə, həmçinin, hərbi sahə üzrə 52 tələbə təhsil aldığını qeyd edərək deyib ki, onların 47-si hərbi həkim ixtisasına sahib olacaq: “Onlar Azərbaycan Silahlı Qüvvələrində dünən, bu gün olduğu kimi, ehtiyac yarandıqda sabah da ön cəbhədə olacaqlar. Necə ki, vaxtilə Gülhanədə yetişmiş 732 zabit və çavuşlar burada təhsil alıb, Azərbaycanda vəzifələrini şərəflə yerinə yetiriblər. Qarabağ uğrunda mübarizədə fəaliyyəti olan bütün tələbə və məzunlarımızla qürur duyuram”.

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanov bildirib ki, türk həkimlərin Azərbaycan səhiyyəsinin, tibb işçilərimizin yetişməsində böyük rolu olub.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycanın Zəfər gününün ildönümü münasibətilə keçirilən toplantıya qatılmaqdan məmnunluğunu ifadə edib.

“Bəzən sülhü qazanmaq üçün, müharibə də lazım olur”, deyən Ş.Ayrım qeyd edib ki, sülhün yolu Zəngəzurdan keçir.

Azərbaycan Həkimlər Dərnəyinin rəhbəri Fərid Qasımzadə II Qarabağ müharibəsində Azərbaycana dəstək vermək istəyən Türkiyədəki tibb personalının təşkilatlanmasında və cəbhəyə tibbi ləvazimatlar göndərilməsində dərnəyin rolunu qeyd edib.

Gülhanə Təhsil və Araşdırma xəstəxanasının cərrahı, hərbi həkim, mayor Anar Aslanov savaş başladığı ilk vaxtlardan 4 qrup şəklində cəbhə bölgələrində Türkiyədən gedən azərbaycanlı həkimlərin xidməti haqqında xatirələrini bölüşüb.

Tədbirin sonunda Azərbaycanın Türkiyədəki səfiri tərəfindən cəbhədə göstərdikləri tibbi xidmətə görə mükafatla təqdim olunub, Azərbaycan Müdafiə Nazirliyinin Heydər Əliyev adına hərbi orkestri Azərbaycan və Türkiyə bəstəkarlarının əsərlərini ifa edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR