TÜRKPA-nın 10-cu plenar iclasında Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

TÜRKPA-nın 10-cu plenar iclası

© APA | TÜRKPA-nın 10-cu plenar iclası

# 28 sentyabr 2021 15:40 (UTC +04:00)

Sentyabrın 28-də TÜRKPA-nın 10-cu plenar iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, iclasın əvvəlində TürkPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin dünən Azərbaycanda 27 sentyabr - Anım Gününün qeyd edildiyini bildirib, Vətən müharibəsində qazanılmış Zəfər münasibətilə Azərbaycan xalqını, ölkə rəhbərliyini təbrik edib. Nurlan Niqmatulinin təklifi ilə tədbir iştirakçıları 44 günlük Vətən müharibəsində canlarından keçmiş Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın 10-cu plenar iclasında çıxış edib.

Milli Məclisin sədri Azərbaycanın 27 sentyabr - Anım Gününün yad edilməsinə görə təşəkkürünü bildirib.

Sahibə Qafarova türk xalqlarının parlamentlərarası əməkdaşlığının bu günü və perspektivləri barədə danışıb.

Müasir dünya siyasətində parlament diplomatiyasının rolunu yüksək dəyərləndirən Sahibə Qafarova bunu nümayəndəli orqanların spesifik siyasi mexanizmlərə malik olması ilə əlaqələndirib.

Qurumun hazırkı sessiyasının əlamətdar tarixlər ərəfəsində keçirildiyini deyən Spiker Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın öz dövlət müstəqilliklərini 30 il öncə bərpa etdiklərini qeyd edib.

Parlamentin sədri çıxışında 44 günlük Vətən müharibəsində xalqımızın qazandığı Zəfəri xüsusi vurğulayıb.

Qeyd edib ki, bu böyük Qələbənin önəmli nəticələrindən biri türkdilli ölkələr arasında birbaşa əlaqə yaradacaq Zəngəzur dəhlizinin inşası məsələsidir. Bu dəhliz türk dövlətləri arasında əməkdaşlığın güclənməsi üçün tamamilə yeni perspektivlər açacaq.

O, hazırda işğaldan azad edilmiş Azərbaycan torpaqlarında geniş miqyaslı abadlıq-quruculuq işlərinin getdiyi barədə də həmkarlarına məlumat verib. Erməni vandallarının o əraziləri viran qoyduğunu, şəhər və kəndlərimizi, tarixi-mədəni abidələrimizi dağıtdığını, milli sərvətlərimizi talan etdiyini diqqətə çatdırıb.

Müasir dövrdə dünya iqtisadiyyatında və siyasətində türkdilli dövlətlərin rolunun sürətlə artdığını qeyd edən Sahibə Qafarova qarşıya çıxan yeni çağırışlara və problemlərə toxunaraq vurğulayıb ki, türkdilli xalqların birlik nümayiş etdirməsi və birgə hərəkət etməsi zamanın tələbidir.

İclasda çıxış edən TBMM-in sədri Mustafa Şentop və beynəlxalq təşkilatların nümayəndələri Vətən müharibəsində qazandığı qələbə münasibətilə Azərbaycan nümayəndə heyətini və Azərbaycan xalqını təbrik edərək, ölkəmizin uğurlarına sevindiklərini diqqətə çatdırıblar. Çıxış edənlər TÜRKPA-nın fəaliyyətini və bu çərçivədə görülən işləri yüksək qiymətləndiriblər.

Sonra iclasda bir sıra qanun layihələrinə baxılıb, təşkilati məsələlər müzakirə olunub.

TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri, Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, qurumun Sosial, mədəni və humanitar məsələlər komissiyasının sədr müavini, Milli Məclisin deputatı Nizami Cəfərov təmsil etdikləri komissiyaların hesabat məruzələri ilə çıxış ediblər. İclasda model qanun layihələrinin müzakirəsi zamanı Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev “Kinematoqrafiya və audiovizual əsərlərin çəkilişinə xarici investisiyaların cəlb edilməsi haqqında” qanun layihəsini təqdim edib. Azərbaycan tərəfinin hazırladığı bu model qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Tədbirə qatılan Türk Şurasının, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Parlament Birliyinin, MDB PA Şurasının, QDİƏT PA-nın, Beynəlxalq Türk Akademiyasının və digər beynəlxalq təşkilatların nümayəndələri müzakirələrdə iştirak ediblər.

Plenar iclasın sonunda Türküstan Bəyannaməsi qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR