“TÜRKPA”nın Baş katibi Azərbaycan xalqını təbrik edib

Mehmet Süreyya Er

© APA | Mehmet Süreyya Er

# 06 noyabr 2021 00:31 (UTC +04:00)

5 noyabr 2021-ci il tarixində TÜRKPA Katibliyində 8 noyabr – Zəfər Günü münasibətilə iclas keçirilib.

APA-nın xəbərinə görə, Baş katib Mehmet Süreyya Er iclasda çıxış edərək bu əlamətdar hadisə ilə əlaqədar Azərbaycan xalqını təbrik edib, Vətən müharibəsi şəhidlərinə rəhmət, qazilərə şəfa diləyib, eləcə də zəfər yürüşündə qazanılmış uğurların əhəmiyyətini vurğulayıb.

Qeyd olunub ki, 30 ilə yaxın müddətdə Azərbaycana qarşı irəli sürülən əsassız ərazi iddiaları və həyata keçirilmiş etnik təmizləmə siyasəti nəticəsində tarixi Azərbaycan ərazisi haqsız işğala məruz qalıb. Şanlı Azərbaycan Ordusu 44 günlük mübarizədə göstərdiyi misilsiz şücaət və əzmkarlıqla Vətən torpaqlarını azad edib və əldə edilmiş bu böyük zəfər müasir dövrün tarixinə bənzərsiz hadisə kimi yazılıb.

Eyni zamanda Türkdilli dövlətlərin tarixən Vətən uğrunda apardığı mübarizədən hər zaman qalib çıxdığı xüsusi olaraq qeyd edilib.

Azərbaycan xalqının iradəsi, ölkə liderinin apardığı uğurlu siyasət, müasir ordu quruculuğu, o cümlədən bu mübarizədə qardaş türkdilli dövlətlərin daim göstərdiyi dəstək ölkənin qələbəsini təmin edərək dünyaya Azərbaycanın düşmən üzərində tarixi qələbə qazandığını göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR