Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpası günü qeyd edilib

Səfir Xəzər İbrahim

© APA | Səfir Xəzər İbrahim

# 20 oktyabr 2021 18:10 (UTC +04:00)

Oktyabrın 18-də Vaşinqtonda Azərbaycan Səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30-cu ildönümü və Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş konsert proqramı və ziyafət keçirilib.

Azərbaycanın Vaşinqtondakı Səfirliyindən APA-ya verilən məlumata görə, tədbirdə ABŞ dövlət qurumlarının, ictimai dariələrinin nümayəndələri, diplomatik korpusun üzvləri, düşüncə mərkəzlərinin nümayəndələri, Azərbaycan icmasının üzvləri iştirak ediblər. Tədbirdə yüksək səviyyəli qonaq qismində ABŞ dövlət katibinin köməkçisi Kerin Donfrid, dövlət katibinin köməkçisinin müavini Erika Olson iştirak edib.

Tədbiri giriş sözü ilə açan səfir Xəzər ibrahim 18 oktyabr tarixinin ölkəmiz üçün əlamətdar gün olmasını, ölkə Prezidenti İlham Əliyevin müvafiq göstərişi ilə bundan sonra 18 oktyabr tarixinin Azərbaycanın Müstəqilliyinin bərpası günü kimi qeyd ediləcəyini diqqətə çatdırıb. İlk dəfə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası olaraq əldə edilən müstəqilliyimizin 18 oktyabr 1991-ci ildə bərpa olunduğunu bildirib. Müsəlman şərqində ilk demokratik respublika olan ADR-in regionda böyük təsiri olduğunu vurğulayıb, ilk parlament, opera, universitetin burada təsis edildiyini, demokratik hüquqlar, qadın hüquqlarının təmin ediliyini qeyd edib.

Tədbirin keçirildiyi məkan Qadınların Milli Demokratik Klubunun təsadüfi seçilmədiyini, məhz qadın haqlarına istər ADR dövründə, istərsə də hazırda ölkəmizdə verilən dəyərlə əlaqələndiriv. O bildirib ki, Nizami Gəncəvinin 880 illik yubileyinin Azərbaycanın müstəqilliyinin bərpası ilə eyni gündə keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycan və ABŞ 30 illik diplomatik münasibətləri tarixində sülh, sabitlik, enerji təhlükəsizliyi, mədəniyyətlər arasında körpü yaradılmasında çiyin çiyinə əməkdaşlıq edir. Nizami Gəncəvinin yaradıcılığının böyük bir hissəsini də məhz sülhün aşılanması, insanların sülhə dəvət edilməsi təşkil edir. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda sülh və əməkdaşlıq üçün gözəl imkanlar yaranmışdır və ölkəmiz müstəqillik əldə etdikdən sonra hər zaman sülhün və sabitliyin əldə edilməsində qərarlıdır.

Daha sonra ABŞ dövlət katibinin müavini Kerin Donfrid qonaqları Azərbaycan dilində salamlayaraq, Azərbaycanın Müstəqilliyinin bərpası və Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş tədbirin onun təmsil etdiyi vəzifədə qatıldığı ilk tədbir olduğunu xüsusi vurğulayıb. O bildirib ki, Azərbaycana Cənub Qafqazda sülhü və tərəqqini təmin etmək üçün gözəl imkanlar var və ABŞ bu yolda Azərbaycanı dəstəkləməyə hazırdır. Azərbaycanın müstəqillik əldə etməsindən keçən 30 il müddətində ABŞ iqtisadiyyat, enerji, təhlükəsizlik, insan hüquqları, korrupsiya ilə mübarizə sahələrində ölkəmizi dəstəkləyib.

ABŞ, həmçinin 20 il müddətində Əfqanıstanda NATO missiyasına və terrorizmlə mübarizə sahəsində göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə minnətdardır. 2021-ci ilin avqust ayında Azərbaycan Əfqanıstanda olan xarici vətəndaşların təhlükəsiz təxliyyəsində vacib rol oynayıb və buna görə də Azərbaycan hökumətinə öz minnətdarlığını bildirir.

Tədbirin digər təşkilatçısı olan Vaşinqton Beynəlxalq Piano İncəsənət Şurasının rəhbəri Şato Qardecki çıxış edərək ölkəmizi Müstəqilliyin bərpası günü münasibətilə təbrik etmiş və Azərbaycan tərəfi ilə mədəniyyət sahəsində əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Daha sonra Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş konsert proqramı baş tutub. Konsertdə amerikalı musiqiçi, Vaşinqton Beynəlxalq Piano İncəsənət Şurasının üzvü professor Frank Kanlon, hazırda ABŞ-da yaşayan Azərbaycan Respublikasının əməkdar artisti, pianoçu Nərgiz Əliyarova və istedadlı skripkaçı Azər Dəmirov dünya və Azərbaycan klassik musiqisindən bəstələr səsləndirmişdir. Nizami Gəncəvinin şerləri əsasında bəstələnmiş “Sənsiz” və “Yeddi gözəl” musiqi parçaları qonaqlar tərəfindən xüsusi olaraq bəyənilib.

Daha sonra keçirilən ziyafət zamanı qonaqlara Azərbaycan mətbəxinin ləziz təamları təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR