Vayra-Vike Freyberqa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyəti adından Azərbaycan Prezidentinə təşəkkür edib

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 04 noyabr 2021 12:03 (UTC +04:00)

“Dünya COVID-19-dan sonra dəyişib”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimində Latviyanın keçmiş prezidenti (1999-2007), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra-Vike Freyberqa bildirib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri deyib ki, COVID-19-un yoxa çıxması hələ üfüqdə görünmür, sadəcə, biz pandemiyanı effektiv şəkildə idarə etməyə çalışırıq: “Azərbaycan Prezidentinə Qlobal Bakı Forumuna verdiyi dəstəyə görə təşəkkür edirik. Forumda 3 səviyyədə sessiyalar olacaq. Regional problemlər, regional münaqişələr, çətinliklər də Forumun sessiyalarında müzakirə ediləcək. Regionlarda stabilliyin pozulması ümumən dünya üçün təhdiddir”.

Vayra-Vike Freyberqa qeyd edib ki, humanist qərarlar qəbul olunmalıdır ki, bəşəriyyət sağ qalsın: “Ona görə də Qlobal Bakı Forumu dünyada müxtəlif səviyyəli xadimləri bir araya gətirir. Bu insanlar üz-üzə oturub səmərəli müzakirə apara bilər. Bu, bir müzakirə modelidir. İstəyirik ki, dünyanın yoxsul ölkələrindəki insanlara da informasiya çatsınlar”.

Vayra-Vike Freyberqa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyəti adından Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib: “Bir çox problemlərə baxmayaraq, Azərbaycan Prezidenti bu ili Nizami Gəncəvi İli elan etdi. Arzu edək ki, aramızda məhsuldar fikir mübadiləsi aparılsın. Bu Forum insanlar arasında körpülər salmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR