VIII Bakı Qlobal Forumu çərçivəsində növbəti panel keçirilib

VIII Bakı Qlobal Forumu çərçivəsində növbəti panel keçirilib
# 04 noyabr 2021 17:27 (UTC +04:00)

VIII Bakı Qlobal Forumu çərçivəsində Yeni Dünya İqtisadiyyatı adlı panel keçirilib.

APA-nın xəbərinə görə, panelə moderatorluğu Bolqarıstanın keçmiş prezidenti Rozen Plevneliev edib.

Paneldə çıxış edən İsrailin keçmiş Baş naziri Ehud Barak bildirib ki, COVID-19 pandemiyasının başa çatmasını demək hələ tezdir. “Lakin sevindirici hal budur ki, biz peyvəndi tez əldə edə bildik. Əgər peyvəndlərin hazırlanması illər tələb edirsə, COVID-19 peyvəndinin hazırlanmasına bir ildən az vaxt sərf olundu. Almaniyaya miqrasiya etmiş iki türk əsilli alim bu peyvəndi ixtira etdi".

O deyib ki, peyvəndin bütün dünya ölkələri arasında bərabər paylanması məsələsində problem var və bunun üçün ölkələr əməkdaşlıq etməli, ədalətli paylanmanı təmin etməlidir: “İkinci toxunmaq istədiyim məqam iqlim dəyişikliyidir, onun təsirləri hamımıza aiddir. Dünyada səhralaşma sürətlə artır, gələcəkdə bir milyard əhalinin yaşadığı ərazilərin yaşanılmaz hala gəlməsi ehtimalı səsləndirilir”.

İsrailin keçmiş Baş naziri bildirib ki, gənclik iqlim dəyişikliyi ilə mübarizədə dayanıqlı siyasətin həyata keçirilməsi üçün aktivlik nümayiş etdirir: “Siyasi liderlər bu istiqamətdə effektiv addımlar atmalıdır. Biz qaz emissyalarını azaltmalıyıq, bununla bağlı hədəflər götürməliyik”.

E. Barakın sözlərinə görə, dünya ölkələrində inflasiya müşahidə olunur ki, bu da yoxsul ölkələr üçün ciddi yükdür: “Texnoloji inqilab ərəfəsində bu pandemiya baş verdi. Bu, sözügedən inqilabı daha da sürətləndirdi”.

Daha sonra o, ABŞ və Çin münasibətlərinə, qlobal ticarət müharibəsi ehtimalına toxunub. Ehud Barak deyib ki, çox ölkələr Çinlə ticarət müharibəsindən qaçmağa çalışır: “ABŞ digər ölkələrin də təzyiqi ilə yanlış davranışını dəyişə bilər və Çinlə isti münasibətlər formalaşa bilər”.

Paneldə çıxış edən Monteneqronun keçmiş Baş naziri İqor Luksic pandemiya dövründə texnologiyanın necə rol oynaması barədə danışıb. Ölkələrdə yaşıl iqtisadiyyatların qurulmasının vacibliyini vurğulayan İ. Luksic Aİ-nin yaşıl iqtisadiyyatla bağlı gündəliyinin olduğunu əlavə edib: “Biliklərin, texnologiyaların, təcrübələrin mübadiləsi bizim hamımız üçün səmərəli olacaq”.

Paneldə çıxış edən Rumıniyanın keçmiş Baş naziri Petre Roman deyib ki, iqtisadiyyat mürəkkəb sistemdir, o, eyni zamanda, dinamik və həssasdır: “Yeni dünya iqtisadiyyatı karbon qazlarının sıfırlanmasından, yeni enerji resurslarından asılıdır. Alternativ enerji mənbələrinə keçidi sürətləndirməliyik. Enerji sistemi necə təşkil olunmalıdır, biz bu suala cavab verməliyik”.

Paneldə çıxış edən İtaliya prezidentinin keçmiş diplomatik müşaviri Antonio Zanardi Landi deyib ki, hazırda dünyada hərbi iqtisadiyyat güclənir, ötən illə müqayisədə dünyada silahların sayı artıb: “Miqrasiya, iqlim dəyişikliyi, yeni pandemiyaların meydana çıxması kimi ehtimal bizi narahat edir”.

Panelə onlayn formatda qoşulan Ekvadorun keçmiş Prezidenti Rozalya Arteaqo Serrano deyib ki, pandemiya yeni reallıqlar yaradıb.

Ölkələr arasında iqtisadi əlaqələrə toxunan keçmiş Prezident deyib ki, Avropa qitəsi Latın Amerikanı dəstəkləməlidir, çünki bu region təbii resurslara sahibdir, bura meşələr, çaylar və s.daxildir.

O deyib ki, qitə ölkələrinin səhiyyə və təhsil sahəsində problemlər var və bu problemlərin həlli iqtisadiyyatın güclənməsinə təkan verə bilər.

Onun sözlərinə görə, ölkəsi də daxil olmaqla digər Latın Amerikası ölkələrinin üzləşdiyi digər problemi iqtisadi miqrasiyadır: “Əmək qüvvəsi Cənubi Amerikadan Şimali Amerikaya axın edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR