Vüqar Kərimov: “Texniki xidmət göstərilmədiyindən Sərsəng su anbarı 400 min əhali üçün təhlükə mənbəyinə çevrilmişdi”

Ermənilərin törətdiyi ekoloji terrora həsr olunmuş tədbir

© APA | Ermənilərin törətdiyi ekoloji terrora həsr olunmuş tədbir

# 21 sentyabr 2021 10:58 (UTC +04:00)

“Tərtərçay üzərində inşa edilmiş, su tutumu 560 milyon m3 olan və 100 min hektardan artıq əkin sahəsinin suvarılmasına hesablanmış Sərsəng su anbarı texniki xidmət göstərilmədiyindən ətraf ərazilərdə yaşayan 400 min əhali üçün potensial təhlükə mənbəyinə çevrilmişdi”.

APA-nın məlumatına görə, bunu “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Nazir müavininin sözlərinə görə, su anbarının suyunun ərazinin mövsümü ehtiyacları nəzərə alınmadan qış aylarında buraxılması yaşayış məntəqələri, kənd təsərrüfatı sahələri və kommunikasiya xətlərinin su altında qalmasına səbəb olmuşdu: “İsti yay mövsümündə isə suyun qat-qat az miqdarda buraxılması kəskin su qıtlığı və əkin sahələrinin suvarılmasında ciddi problemlər yaratmışdı.

Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı Avropa Şurası Parlament Assambleyası tərəfindən 2016-cı ildə qətnamə qəbul edilmişdi”.

Nazir müavini bildirib ki, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları ərazisində hidrometeoroloji müşahidələrin aparılması və erkən xəbərdarlıqların verilməsi məqsədilə fəaliyyət göstərmiş 48 hidrometeoroloji stansiya və məntəqədən ibarət şəbəkə tamamilə dağıdılıb: “Hazırda işğaldan azad edilmiş ərazilərdə su ehtiyatlarının qiymətləndirilməsi və nəzarətin gücləndirilməsi məqsədilə 11 çay üzərində 12 hidroloji məntəqənin quraşdırılması tədbirləri həyata keçirilir”.

Azərbaycanın 20-dən çox beynəlxalq ekoloji konvensiya və protokollara qoşulduğunu diqqətə çatdıran V. Kərimov, həmçinin, ölkənin ekologiya sahəsində çoxsaylı beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiyini bildirib: “Şərqi Zəngəzur və Qarabağ ərazisində törədilən ekoloji terror faktları barədə işğal dövründə həmin konvensiya və təşkilatlar məlumatlandırılaraq çağırışlar edilib. Təəssüf hissi ilə qeyd etmək istərdik ki, həmin təşkilatlar tərəfindən bütün müraciətlərimiz cavabsız qalıb və qeyd olunan ərazilərdə törədilmiş ekoloji terrorla bağlı 30 ilə yaxın müddətdə hər hansı bir mövqe bildirilməyib”.

Nazir müavini ekoloji terror faktlarına qiymət verilməsi üçün səylərin davam etdirilməsi ilə yanaşı, işğaldan azad olunmuş ərazilərin ekoloji bərpası istiqamətində işlərə başlanıldığını da vurğulayıb.

Onun sözlərinə görə, “Azərbaycan 2030: sosial-iqtisadi İnkişafa dair Milli Prioritetlər” sənədində işğaldan azad olunmuş ərazilərə böyük qayıdış və təmiz ətraf mühitin təmin olunması yaxın 10 illiyə əsas strateji istiqamətlər kimi müəyyən edilib: “Azad olunmuş ərazilərdə ətraf mühitin bərpası üçün ekoloji təmiz texnologiyaların tətbiqi, alternativ enerji mənbələrindən istifadə, yaşıllıq ərazilərin artırılması və çirklənmiş ərazilərin bərpası məsələləri ön plandadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR