XİN rəhbəri: “Qətər Azərbaycanla əlaqələrin inkişaf etməsində maraqlıdır”

Məhəmməd bin Əbdülrəhman Al-Tani

© APA | Məhəmməd bin Əbdülrəhman Al-Tani

# 18 oktyabr 2021 13:23 (UTC +04:00)

“Qardaş Azərbaycan torpağında bizə göstərilən qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm. Bu gün səhər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşümüzü böyük şərəf hissi ilə qeyd edirəm. Görüş zamanı Qətər Əmirinin salamlarını cənab Prezidentə çatdırdım”.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, bunu Qətər Dövlətinin Baş nazirinin müavini və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al-Taninin xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib.

“Fürsətdən istifadə edərək, Qətər dövləti adından Azərbaycan Respublikasını və xalqını 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edirəm. Bu əlamətdar gündə ölkənizə çiçəklənmə və daim suverenlik arzu edirəm”, - deyə XİN rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, Qətər ilə Azərbaycan arasındakı qardaşlıq əlaqələrinin genişlənməsinə Qətər böyük diqqət göstərir: “Qətər Azərbaycan ilə, siyasi, iqtisadi, ticarət və digər sahələrdə əlaqələrin inkişaf etməsində maraqlıdır. İki ölkə arasında diplomatik əlaqələr 1994-cü ildə qurulub.

Bakıda bu gün keçirilən Qətər Dövləti və Azərbaycan Respublikası arasında iqtisadi, ticarət və elmi sahədə əməkdaşlığa dair Hökumətlərarası Müştərək Komissiyanın iclasını qeyd etmək istəyirəm. 2016-cı ildə iki ölkə arasında qardaşlıq əlaqələrinin inkişaf etdirilməsinə dair saziş imzalanıb.

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri ilə keçirilmiş görüşümüzə toxunaraq qeyd etmək istərdim ki, görüş zamanı bir çox sahələrdə əməkdaşlıq əlaqələrini müzakirə etdik. Həmçinin siyasi, diplomatik və iqtisadi sahələrdə iki ölkə arasında əldə olunmuş nailiyyətlərə toxunduq və fikir mübadiləsi apardıq. Bundan əlavə, regionun əmin-amanlığı və sabitliyinin əhəmiyyətini vurğuladıq. Həmçinin regionda cərəyan edən hadisələrə toxunduq. Regionda siyasi dialoqun aparılması Qətərin xarici siyasətində prioritet təşkil edir.

Sonda qəbula və xoş qarşılanmaya görə Azərbaycan Respublikası Xarici İşlər Nazirinə bir daha öz təşəkkürümü bildirirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR