Xorvatiyanın sabiq rəhbəri Azərbaycan Prezidentini ərazi bütövlüyünün bərpası ilə bağlı təbrik edib

Xorvatiyanın keçmiş Prezidenti Kolinda Qrabar-Kitarovic

© APA | Xorvatiyanın keçmiş Prezidenti Kolinda Qrabar-Kitarovic

# 04 noyabr 2021 19:36 (UTC +04:00)

“Bu, mənim Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Bakı Qlobal Forumunda ilk iştirakımdır. Bundan əvvəl Nyu-Yorkda və Cenevrədə təşkil edilən tədbirlərdə iştirak etmişəm”.

APA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Xorvatiyanın keçmiş Prezidenti (2015-2020) Kolinda Qrabar-Kitarovic bildirib.

Kolinda Qrabar-Kitarovic deyib ki, Bakı Qlobal Forumu hərtərəfli və çox vacib bir tədbirdir: “Biz bu Forumda tolerantlıq, sülh və təhlükəsizlik məsələlərini müzakirə edirik. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi çox möhtəşəm işlər görür. Forumun təşkilatçılarına dərindən təşəkkür edirəm ki, bizim hamımızı bir araya toplayıb. Əminəm ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Forum mühüm töhfələr verir. Çox şadam ki, yenidən Bakıdayam. Sonuncu dəfə Bakıda Xorvatiyanın Prezidenti kimi olmuşam. Mən bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşümdə onu illərdir ki, davam edən münaqişənin həll olunması və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması münasibəti ilə təbrik etdim. Mən Azərbaycan xalqına sülh və rifah arzulayıram”.

Kolinda Qrabar-Kitarovic qeyd edib ki, Xorvatiya həmişə bütün ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib: “Çox təəssüflənirəm ki, münaqişənin həlli uzun illər çəkdi. Biz ümid edirdik ki, beynəlxalq ictimaiyyət münaqişənin həllinə nail olacaq. Hər bir halda şadam ki, bu münaqişə həll olunub. İndi qarşıda duran məsələ Qarabağın bərpası və Azərbaycan və Ermənistanla əlaqələrinin normallaşmasıdır. Cənubi Qafqaz regionunda dayanaqlı sülhə nail olmaq üçün Avropa İttifaqı çox şey edə bilər”.

Xorvatiyanın sabiq prezidenti vurğulayıb ki, Avropaya inteqrasiya adlanan proses bütün institutların, bazar iqtisadiyyatının, sosial iqtisadi vəziyyətin inkişafına təkan verir: “Bu, vacibdir. Söhbət tək Avropanın maddi yardımlarından getmir. Bu, həmçinin post-pandemiya dövründə pandemiyanın yaratdığı problemlərin aradan qaldırılmasına dəstəklə bağlıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR