Aİ-nin “Euractiv” portalında Qoşulmama Hərəkatının Zirvə toplantısına həsr olunmuş məqalə dərc edilib

Aİ-nin “Euractiv” portalında Qoşulmama Hərəkatının Zirvə toplantısına həsr olunmuş məqalə dərc edilib
# 05 may 2020 17:00 (UTC +04:00)

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin üzvü Esmira Cəfərovanın Avropa İttifaqının “Euractiv” portalında Qoşulmama Hərəkatı üzvlərinin zirvə toplantısına dair məqaləsi dərc olunub.

BMTM-dən APA-ya verilən məlumata görə, “Qoşulmama hərəkatı COVİD-19 əleyhinə birləşib” başlıqlı məqalə mayın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı üzvlərinin “COVİD-19-a qarşı həmrəyik” adlı zirvə toplantısına həsr olunub.

Məqalədə hərəkata sədrlik edən Azərbaycan da daxil olmaqla Qoşulmama Hərəkatına üzv ölkələrin COVİD-19-la apardıqları mübarizəyə dair açıqlamalarından bəhs olunur və bildirilir ki, dünya dövlətlərinin, eləcə də təşkilat üzvlərinin hazırkı çətin bir şəraitdə üzləşdikləri problemlərin öhdəsindən gəlmələri üçün həmrəylik nümayiş etdirmələri vacibdir. Qeyd edilir ki, Prezident İlham Əliyev də konfransda çıxışı zamanı bu çətin günlərdə xüsusilə hərəkat üzvlərinin birləşməsinin vacibliyini qeyd edir və bildirir ki, ölkələr “görünməz düşmən”lə mübarizədə birlik olmadan qalib gələ bilməz. Həmçinin ölkə başçısının fikirlərinə istinadən məqalədə COVİD-19 virusu ilə mübarizə məqsədi ilə Azərbaycanın gördüyü işlərdən bəhs olunub. Bununla yanaşı Ümumdünya Səhiyyə Təşkilatının pandemiya ilə mübarizəsinə dəstək məqsədi ilə Azərbaycanın 5 milyon dollar vəsait ayırdığı qeyd edilir.

Məqalədə həmçinin zirvə toplantısı çərçivəsində Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslərə də toxunulur. Qeyd edilir ki, konfransın əsas nəticələrindən biri Qoşulmama Hərəkatı İşçi Qrupunun yaradılması olub. Bu qrupun əsas vəzifəsi hərəkata üzv ölkələrin əsas humanitar və tibbi ehtiyaclarını toplamaqdan ibarət olacaq və davamında bu ehtiyacların qarşılanması üçün bu məlumatlar sədr ölkə tərəfindən potensial donorlara çatdırılacaq.

“Bu konfransın əsas fəlsəfəsi bu qlobal hadisəyə çoxtərəfli yanaşmanın vacibliyini önə sürərək pandemiyaya reaksiya vermək üçün bir qrup Qoşulmama Hərəkatı ölkələri arasında ortaq nöqtə tapmaqdan ibarətdir”-deyə məqalədə qeyd edilir.

Daha ətraflı: https://www.euractiv.com/section/azerbaijan/opinion/non-aligned-movement-is-united-against-covid-19/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR