Anatoli Torkunova "Dostluq" ordeni təqdim edilib

#
# 16:24
31 avqust 2020

Azərbaycanın "Dostluq" ordeni Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin (MQİMO) rektoru Anatoli Torkunova təqdim olunub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, MQİMO-da keçirilən təqdimat mərasimində Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, Rusiya Prezident Administrasiyasının nümayəndəsi Aleksey Vlasov, Rusiya Xarici İşlər Nazirliyinin Dördüncü MDB departamentinin rəhbəri Denis Qonçar, Heydər Əliyev Fondunun nümayəndələri və Universitetinin kollektivi iştirak ediblər. 

Tədbirdə çıxış edən səfiri Polad Bülbüloğlu Azərbaycan Prezidenti İlham Əliyevin Anatoli Torkunova ünvanladığı təbrik məktubunu oxuyub. Səfir Anatoli Torkunovun rəhbərlik etdiyi Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin dünya səviyyəli ali məktəb olduğunu söyləyib. Diplomat vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin məzunudur.

Daha sonra Polad Bülbüloğlu Anatoli Torkunova “Dostluq” ordenini təqdim edib.

Anatoli Torkunov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən mükafatlandırılmasını yüksək qiymətləndirib. Rektor vurğulayıb ki, məhz Prezident İlham Əliyev sayəsində universitetin məzunlarının assosiasiyası yaradılıb və hazırda da bu format uğurla inkişaf edir: "Mən Azərbaycan Prezidenti İlham Əliyevə bu ali mükafata, yüksək diqqətə görə təşəkkürümü bildirirəm. Bu mükafatdan əlavə, o, məni televiziya vasitəsi ilə təbrik edib, mənə xüsusi təbrik məktubu göndərib. Mən Prezident İlham Əliyevə çox dərin hörmət bəsləyirəm, ürəkdən minnətdaram ki, bu qədər vacib işlərin arasında vaxt tapıb mənim barəmdə xoş sözlər deyib. Azərbaycandakı bütün dostlarıma təşəkkürümü bildirirəm. Bakıda olanda hər zaman özümə qarşı sevgi və diqqəti hiss edirəm. Bunu çox yüksək qiymətləndirirəm".

Tədbirdə çıxış edən Heydər Əliyev Fondunun Rusiya bölməsinin humanitar şöbəsinin rəhbəri Tamilla Əhmədova fondun vitse-prezidenti Leyla Əliyevanın təbrik məktubunu oxuyub.

MQİMO Məzunları Azərbaycan Assosiasiyasının nümayəndəsi, Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyinin rəhbəri Ruslan Əliyev Anatoli Torkonovun rəhbərlik etdiyi ali məktəbə miniatür bağ hədiyyə edib.

Qeyd edək ki, Prezident İlham Əliyev avqustun 25-də Anatoli Vasilyeviç Torkunovu Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR