Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında iclas keçirilib

#
# 18:11
27 aprel 2021

26-27 aprel 2021-ci il tarixlərində Bakıda Avropa İttifaqı (Aİ) - Azərbaycan Ədliyyə, Azadlıq və Təhlükəsizlik, İnsan hüquqları və Demokratiya məsələləri üzrə Alt-Komitəsinin 9-cu iclası keçirilib.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, iclasa Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev, Aİ tərəfindən isə Avropa Xarici Fəaliyyət Xidmətinin Şərq Tərəfdaşlığı ölkələri ilə ikitərəfli münasibətlər şöbəsinin müdiri Riçard Tibbels həmsədrlik ediblər.

İclasın birinci günü tərəflər arasında insan hüquqları və demokratiya sahəsində mülki, iqtisadi, siyasi və sosial hüquqlar; insan hüquqlarının müdafiəsi üzrə milli çərçivə, eləcə də insan hüquqlarının müdafiəsi üzrə beynəlxalq forumlarda əməkdaşlıq məsələləri ətrafında müzakirələr aparılıb.

Növbəti gün isə ədliyyə, azadlıq və təhlükəsizlik sahəsində bir sıra qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən qanunun aliliyi, məhkəmə hakimiyyəti və ədliyyə sahəsində əməkdaşlıq; miqrasiya, sığınacaq və sərhəd idarəçiliyi, habelə mütəşəkkil cinayətkarlıq və digər qanunsuz fəaliyyət növləri ilə mübarizə, məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə qayıtması kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

İclasda Azərbaycan Respublikasının 15 dövlət qurumundan, habelə İnsan hüquqları üzrə Müvəkkilin Ofisindən nümayəndələr, Aİ tərəfindən isə Avropa Xarici Fəaliyyət Xidmətinin nümayəndələri ilə yanaşı, Avropa Komissiyasının Genişlənmə Danışıqları Baş Direktorluğu, Miqrasiya və Daxili işlər üzrə Baş Direktorluğu, Ədliyyə və İstehlakçılar üzrə Baş Direktorluğunun, Məşğulluq və sosial məsələlər Baş Direktorluğunun, eləcə də Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin əməkdaşları iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR