Ceyhun Bayramov: “Rusiya ilə münasibətlər Azərbaycanın xarici siyasətində vacib yer tutur”

Ceyhun Bayramov: “Rusiya ilə münasibətlər Azərbaycanın xarici siyasətində vacib yer tutur”
# 25 avqust 2020 17:25 (UTC +04:00)

“Rusiya Federasiyası ilə münasibətlərin inkişafı Azərbaycanın xarici siyasətində vacib yer tutur”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu TASS agentliyinə müsahibəsində Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov bildirib.

"Bizim Rusiya ilə dostluq münasibətlərimiz var. Bu, strateji tərəfdaşlıq münasibətləridir. Bu tərəfdaşlıq çoxillik dostluq və qarşılıqlı hörmət ənənələrinə söykənir. Tərəfdaşlığın inkişafında dövlət başçıları arasındakı müntəzəm təmaslar müəyyənedici rol oynayır.”, - deyə nazir əlavə edib.

O bildirib ki, bu səbəbdən həmkarı Sergey Lavrovun Rusiyaya rəsmi səfərlə bağlı dəvətini məmnuniyyətlə qəbul edib: “İlk görüşümüzün gündəliyində ikitərəfli münasibətlər, regional və beynəlxalq problemlərə dair bir sıra məsələlər yer alır. Bunlar siyasi, iqtisadi, humanitar, təhlükəsizlik sahələrində qarşılıqlı fəaliyyətə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa dair məsələlərdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz hissəsində Ermənistanın təşkil etdiyi son hərbi təxribat kontekstində müzakirələrin aparılması mühüm yer tutur. Bu təxribatı Ermənistan tərəfinin regionda yeni bir gərginlik ocağı yaratmaq cəhdi kimi qiymətləndiririk. ATƏT-in Minsk Qrupu həmsədrlərindən, o cümlədən Rusiyadan da sülh prosesinin konstruktiv və substantiv danışıqlar yolu ilə irəliləməsi üçün ardıcıl addımlar gözləyirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR