Ermənistanın Qarabağda törətdiyi dağıntılar Kolumbiya mətbuatında müzakirə olunub

#
# 08:55
28 aprel 2021

Kolumbiyanın nüfuzlu rəqəmsal KİV-lərindən olan “Las2Orillas” qəzetində tanınmış jurnalist Roberto Trobaxonun müəllifi olduğu, Azərbaycanın azad olunmuş ərazilərində 30 ilə yaxın işğal müddətində Ermənistan tərəfindən törədilmiş kütləvi dağınıtılar və YUNESKO-nun erməni vandalizminə laqeyd yanaşmasından bəhs edən “YUNESKO kor, kar, lal olub, yoxsa əsirə çevrilib?” başlıqlı yazı dərc olunub.

Azərbaycanın Meksikadakı səfirliyindən APA-ya verilən məlumata görə, yazıda Şuşa, Ağdam, Qubadlı, Zəngilan və digər şəhərlərimizdə Ermənistanın mədəni soyqırımı törətdiyi, bu ərazilərdə dini ziyarətgah, məscid, muzey, arxeoloji yer, məzarlıq və çoxlu sayda digər mədəni və dini abidələri məhv etdiyi bildirilir və bu hərəkətlərin insanlıq əleyhinə cinayət olduğu vurğulanır. Ermənistanın bu addımlarla “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqında” 1954-cü il Haaqa Konvensiyası, “Arxeoloji irsin qorunması haqqında" 1992-ci il Avropa Konvensiyası və YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında" 1992-ci il Konvensiyasını kobud şəkildə pozduğu, bütün bunların müqabilində isə bu günədək cəzasız qaldığı qeyd olunur.

YUNESKO-nun beynəlxalq təşkilat olaraq rolunun dünyada tarixi-mədəni və dini abidələrin qorunması olduğu halda, Ermənistanın ötən ilin sonlarınadək işğalda saxladığı Azərbaycan torpaqlarında törətdiyi vandalizmə heç bir münasibət bildirmədiyi, bu müddət ərzində bir dəfə də bu ərazilərə müşahidə missiyası təşkil etmədiyi söylənilir və bu təşkilatın erməni vandalizmi qarşısında səssiz qalmasının təəccüb və hiddət doğurduğu deyilir.

Məqalədə, həmçinin Azərbaycan hökuməti və Heydər Əliyev Fondunun ölkə ərazisində dağıntıya məruz qalmış abidələrin bərpası ilə yanaşı, ölkə xaricində də tarixi-mədəni irsin mühafizəsi istiqamətində fəaliyyət göstərdiyi, bu xüsusda Vatikanda Müqəddəs Marçellinio, Pietro və Sebastian katakombalarının bərpası, eləcə də Notr-Dam kilsəsinin təmiri kimi önəmli töhfələrə imza atdığı, elmi-mədəni layihələrin həyata keçirilməsi üçün YUNESKO-ya maliyyə yardımları göstərdiyi, bu müsbət fəaliyyətin Latın Amerikası regionunda da təzahür etdiyi, bu çərçivədə 2017-ci ildə Qvatemalada qeyri-maddi mədəni irsin qorunması üzrə bacarıqların artırılması ilə bağlı layihə çərçivəsində təlim seminarlarının keçirilməsini maliyyələşdirdiyi məlumat verilir.

Sonda YUNESKO-nun təşkilatdaxili siyasi qərəzin əsirinə çevrilib-çevrilmədiyi sual edilir, qurumun təyinatına uyğun olaraq davranmalı olduğu, qeyri-siyasi və tərəfsiz mövqe tutması gərəkdiyi, bu kimi vandalizm hallarına göz yummamalı və tarixi-mədəni irslərin mühafizəsi işinə sadiq qalmalı olduğu deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR