Hikmət Hacıyev Türkiyədə Fəxrəddin Altunla görüşüb

Hikmət Hacıyev Türkiyədə Fəxrəddin Altunla görüşüb
# 07 sentyabr 2020 16:09 (UTC +04:00)

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ilə görüşüb.

APA-nın xəbərinə görə, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşü keçirilib.
Təkbətək görüşdən sonra Fəxrəddin Altun ilə Hikmət Hacıyevin sədrliyi ilə iki ölkənin media və rabitə qurumlarının rəhbərlərinin iştirakı ilə nümayəndə heyətlərinin görüşü olub. Altun görüş zamanı çıxışında həm Türkiyənin, həm də Azərbaycanın maraqları və mövcudluğuna qarşı təhdidlərlə üzləşdiyini, bu hücumların birbaşa türk millətinə və türklərə qarşı olduğunu söyləyib. Bu hücumlarla yalnız hərbi sahədə qarşılaşmadıqlarını ifadə edən Altun həm Türkiyəyə, həm də Azərbaycana qarşı nüfuzdan salma və mənfi təbliğat cəhdlərinin olduğunu söyləyib. F.Altun Türkiyə və Azərbaycanın dünən olduğu kimi, bu gün də "bir millət, iki dövlət" şüarı ilə hərəkət etdiyini, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Prezidenti İlham Əliyevin bu anlayışın sadəcə sözdən ibarət olmadığını bütün dünyaya göstərdiyini qeyd edib. Siyasət, iqtisadiyyat, mədəniyyət və təhlükəsizlik başda olmaqla bütün sahələrdə əlaqələrin daha da gücləndirilməsi üçün liderlər səviyyəsində iradənin irəli sürüldüyünü ifadə edən Altun, iki ölkə rəhbərliyi arasında beynəlxalq və regional məsələlərdə əməkdaşlıq və həmrəylik ruhunun xalqlar arasında da qardaşlıq hisslərinin gücləndirilməsi ilə qarşılandığına diqqət çəkib. Altun “Bu qardaşlığı son illərdə artan əməkdaşlıq ilə taclandırdıq. Xüsusilə İctimaiyyətlə Əlaqələr İdarəsinin səlahiyyətinə aid olan bütün məsələlərdə Azərbaycan ilə daha sıx əməkdaşlıq etmək arzusundayıq”, - deyib.
İki ölkənin beynəlxalq və regional məsələlərdə qarşılaşdıqları imkan və problemlər qarşısında nümayiş etdirdiyi birlik və həmrəyliyi ən yüksək səviyyədə davam etdirəcəklərini vurğulayan Altun “Beynəlxalq nizamın çökmək üzrə olduğu, yeni dünya düzəninin hələ qurulmadığı bu xaos və təlatüm mühitində hər sahədə olduğu kimi rabitə sahəsində də birlikdə qalib gələ bilərik. Cənab Prezidentimizin Bakıya səfəri zamanı təməlini qoyduğumuz yeni əməkdaşlığımızı konkret addımlara çevirmək istəyirik. Qlobal şərtləri nəzərə alaraq, bunun əslində seçim deyil, zərurət olduğu başa düşüləcəkdir. Türkiyə və Azərbaycana hücum edənlər, dezinformasiya və etibarsızlaşdırma fəaliyyətini həyata keçirənlər, vətəndaşlarımızın həyatına və malına qəsd edənlər bir olduqlarına görə bizə də yalnız bir olmaq, birlik olmaq düşər”, - deyə bildirib.
“Türkiyə-Azərbaycan Media Platformasının yaradılması üçün razılığa gəldik” F.Altun Türkiyə ilə Azərbaycan arasında media, rabitə və xalq diplomatiyası sahələrində əməkdaşlığın genişləndirilməsinin həyati məsələ olduğunu vurğulayaraq, iki ölkənin bu sahələrdəki imkan və təcrübələrinin birləşdirilməsi və ortaq işlərə imza atılması ilə məmnunluq duyulacaq nəticələrin əldə ediləcəyinə inandığını ifadə edib. Doğru məlumatın sürətli şəkildə yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasından tutmuş, informasiya çirkliliyi, yalan xəbər və dezinformasiyaya qarşı mübarizəyə qədər geniş bir sahədə Türkiyə ilə Azərbaycan arasında ortaq fəaliyyət göstərəcəklərini söyləyən Altun “Bu nöqtədə Türkiyə-Azərbaycan Media Platforması yaradılması məsələsində razılığa gəldik. Bu platforma vasitəsi ilə iki ölkə mediasının inteqrasiya olunmuş şəkildə hərəkət etməsi, xalqların məlumatlandırılması məsələsində effektiv fəaliyyət göstərilməsi, xüsusilə sosial mediada yayılan dezinformasiyalar və ölkə xaricindən gələn qara piarlara qarşı mübarizədə vahid strategiyaların yaradılması məsələlərini müzakirə etdik”, - deyə bildirib.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə Azərbaycan ilə Türkiyənin “bir millət, iki dövlət” şüarıyla hər zaman və hər vəziyyətdə bir-birinin yanında olduğunu söyləyib. Türkiyənin iqtisadiyyatdan xarici siyasətə qədər bütün sahələrdə əldə etdiyi irəliləyişin və uğurların ölkəmizi də sevindirdiyini ifadə edən Hacıyev, “Məqsədimiz qardaşlığımızı daha da inkişaf etdirmək və gücləndirməkdir”, - deyib. O, bildirib ki, iki ölkənin media və rabitə sahələrində dövlət və özəl qurumların sıx əməkdaşlığının və koordinasiyasının çox əhəmiyyətli faydaları olacaq. H.Hacıyev televiziyadan kinoya qədər bütün sahələrdə ortaq materialların istehsal edilməsi, peşə təhsili və mübadilə proqramlarının təşkil edilməsi, texnologiya və infrastruktur paylaşımı ilə birlikdə, iki ölkəyə qarşı aparılan qara piarla mübarizədə ortaq adımlarla Türkiyə ilə əməkdaşlığın gücləndirilməsindən məmnunluq duyduqlarını vurğulayıb.
Xatırladaq ki, görüşdə Azərbaycan tərəfindən Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azerbaycan Respublikasının Birinci vitse-prezidentinin informasiya təminatı sektorunun rəhbəri Fərhad Əmirbəyov, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov, Azərbaycan Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) İcraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Aslan Aslanov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru Balakişi Qasımov və Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Türkiyə tərəfindən isə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun, İctimaiyyətlə Əlaqələr İdarəsinin sədr müavinləri Mehmet Zahid Sobacı və Çağatay Özdəmir, Türkiyənin Azərbaycandakı səfirliyinin rabitə müşaviri Hüseyn Altınalan və digər şəxslər iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR