"Human Rights Watch" Ermənistanın Bərdəyə istifadəsi qadağan olunmuş kasetli raketlər atdığını təsdiqləyib

"Human Rights Watch" Ermənistanın Bərdəyə istifadəsi qadağan olunmuş kasetli raketlər atdığını təsdiqləyib
# 30 oktyabr 2020 09:24 (UTC +04:00)

"Human Rights Watch" Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləyib.

APA-nın xəbərinə görə, təşkilat bu barədə açıqlama yayıb.

"Ermənistan qüvvələri 28 oktyabr tarixində Azərbaycanın paytaxtı Bakıdan 230 km məsafədə yerləşən Bərdə şəhərinə hücumda istifadə olunan beynəlxalq səviyyədə qadağan edilmiş kasetli döyüş sursatları və ən azı bir uzun mənzilli raket növünü atıb və ya atılması üçün təmin edib. Hücumda ən azı 21 mülki şəxsin öldüyü və ən azı 70 nəfərin yaralandığı bildirilir. "Human Rights Watch" kasetli sursatın qalıqlarının beynəlxalq və yerli jurnalistlər tərəfindən, o cümlədən sakinlər tərəfindən çəkilən fotolarını analiz edib", - açıqlamada deyilir.

“Human Rights Watch”un böhran və münaqişə üzrə aparıcı tədqiqatçısı Belkis Ville deyib ki, bu qəddar silahların beynəlxalq müqavilə ilə qadağan edilməsinin səbəbi var və bu silahdan şəhər mərkəzində istifadə edilməsi mülki həyata və beynəlxalq hüquqa qarşı kobud sayğısızlığın göstəricisidir.

Daha sonra açıqlamada qeyd olunub ki, oktyabrın 28-də Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan “Facebook”da “Azərbaycan Müdafiə Nazirliyinin Ermənistan Silahlı Qüvvələrinin Bərdə şəhərini “Smerç”lə vurması ilə bağlı bəyanatını əsassız və yanlış iddia adlandırıb, oktyabr ayının 29-da Bərdədə yerləşdiyi iddia olunan hərbi obyektlərin siyahısı ilə bağlı iki yazı dərc olunub: ““Human Rights Watch” şəhərə kasetli bomba hücumundan sonra hadisə yerində olmasa da, yetərli dəlillərin olmasını nəzərə alaraq, bu atışın texniki uğursuzluq olmasını qeyri-mümkün hesab edir. Bərdədə təxminən 40 000 əhali var. Saat 13:30-da olan hücum zamanı hadisə yaxınlığında olan üç nəfər “Human Rights Watch” ilə oktyabrın 29-da telefonla danışıb. Bu insanlar bildirib ki, güclü partlayış səsləri ilə daha kiçik partlayış səslərinin qarışığını eşidiblər və bu səslər də “Smerç” raketlərindən 9N235 sursat partlamalarının səsinə uyğundur.

Danışanlardan biri hücumda bir yaxın qohumunun həlak olduğunu, digər iki qohumunun yaralandığını bildirib. O deyib ki, həlak olan yaxın qohumu sıx ticarət fəaliyyətinin aparıldığı Üzeyir Hacıbəyov prospektinə kasetli raket düşən zaman hadisə yerindən təxminən 50 metr aralıda olub”.

Hadisə şahidi bildirib ki, ilk partlayışı eşidən zaman var gücümlə qaçdım və yaxınlıqdakı binada gizləndim: “Gördüm ki, çöldə 4 avtomobil alova qərq oldu. Avtomobillərdən birinin içərisində sürücü qalmışdı, o heç cür çıxa bilmirdi. O, yanğında öldü. İkinci partlayış təxminən 5 dəqiqə sonra baş verdi. Kiçik bombaların ətrafa yayıldığını və partlamağa başladığını gördüm. Sonra, ehtimal ki, ilk partlayışın baş verdiyi yerdən təqribən 300 və ya 400 metr aralıda iki başqa raketin partladığını eşitdim. Hamı xaos içində idi və qışqırırdı, bəziləri qan içində qaçırdı və hər yerdə cəsədlər və ət parçaları var idi. Mən belə səhnələri yalnız filmlərdə görmüşəm”.

Digər şahid hadisə yerinin yaxınlığındakı kafedə yemək yediyini və altı partlayış səsi eşitdiyini söyləyib: “Son partlayışdan təxminən 10 dəqiqə sonra, foto çəkmək üçün çölə çıxdım. Yerdə cəsədlər və bədənlərində, əllərində və üzlərində metal parçaları olan yaralı insanlar var idi. Bir çox binalar zədələnmiş və pəncərələrin bütün şüşələr sınmışdı”.

“Human Rights Watch”a danışan xarici bir jurnalist isə ilk partlayış səsini eşidəndə həmkarları ilə getdiyi avtomobili dayandırdığını və qorunmaq üçün yer axtardıqlarını deyib: “Növbəti 5-10 dəqiqə ərzində çoxsaylı zərbələr eşidildi və daha sonra təsir zonasından yalnız 30 metr məsafədə gizləndiyimizi başa düşdük. Üç-dörd partlayış səsi eşitdik, sonra bir dəqiqəlik sükut və sonra başqa bir partlama səsi. Düşünürəm ki, bu təxminən üç-dörd dəfə təkrarlandı”.

Jurnalist partlayışlar dayandıqdan sonra təxminən iki kilometr şimala, eyni anda meydana gələn başqa bir partlayış yerinə gəldiklərini və yanmış bir avtomobildən cəsədlərin çıxarılmasına şahid olduğunu deyib.

“Human Rights Watch” partlayış yerlərindən çəkilmiş və birbaşa tədqiqatçılarla paylaşılan altı video və 28 fotonu nəzərdən keçirib. “Human Rights Watch” foto və videolarda peyk görüntüləri ilə əsas əlamətləri uyğunlaşdıraraq hücuma məruz qalan ərazilərdən ikisinin yerini dəqiqləşdirə bilib. Təsdiqlənmiş yerlərdən biri şəhərin ən böyük xəstəxanası olan Bərdə Mərkəzi Xəstəxanasına 100 metrdən az məsafədə idi.

“Smerç” kasetli döyüş sursatı raketinin fərqli döyüş başlığı hissəsinin qalıqları və partlamamış 9N235 sursatının hissələri şəkillərdə görünür. Üstəlik, fotolarda başqa bir “Smerç” raket növünün qalıqları var. Hadisə yerlərindəki partlayış, onun nəticələri və qurbanların aldıqları xəsarətlər bu silahların partlayışı və parçalanma təsiri ilə uyğundur.

Beynəlxalq Strateji Araşdırmalar İnstitutu tərəfindən çap olunan illik nüfuzlu “Hərbi Balans-2020” daxil olmaqla bir sıra beynəlxalq istinad olunan nəşrlər, Ermənistanın “Toçka-U” və “İsgəndər” ballistik raketlərinə, “Smerç” və Çin istehsalı WM-80 çox lüləli raket atıcılarına sahib olduğunu və bunların hamısının kasetli bombalar ata biləcəyini deyirlər.

Jurnalist Bərdə kimi sərhədyanı regionlarda küçədə insanları görsə də, hücumdan əvvəl və ya hücum anında yolda hərbçilərin və ya hərbi maşınların cəmləşdiyini görmədiyini söyləyib. Bölgədə hərbi bir obyekt olsa belə, kasetli döyüş sursatlarının təsadüfi təsirləri nəzərə alınaraq, müharibə qanunlarına görə mülki yaşayış yerlərində istifadəsinə icazə verilmir.

Kasetli sursatların geniş yayılan təsiri və mülki əhali üçün uzunmüddətli təhlükəsinə görə onlar beynəlxalq müqavilə ilə qadağan edilib. Tipik olaraq bu sursatlar havada partlayır və futbol meydançası boyunda bir əraziyə onlarla, hətta yüzlərlə kiçik bomba göndərir. Kasetli sursatların tez-tez ilkin təsir nəticəsində partlaya bilməməsi, minalar kimi təhlükə mənbəyi olaraq qalması faktı da var.

Kasetli silahlara dair 2008 Konvensiyası kasetli silahları hərtərəfli qadağan edir. “Human Rights Watch” Ermənistan və Azərbaycanı təxirə salmadan Konvensiyaya qoşulmağa çağırıb.

Bildirilib ki, xüsusi müqavilə öhdəliklərindən asılı olmayaraq, bütün münaqişə tərəfləri Cenevrə Konvensiyaları və beynəlxalq ənənəvi hüquqa bağlıdırlar və silahlı qüvvələrin döyüşçülərlə mülki şəxsləri, hərbi obyektlərlə mülki şəxsləri ayırd etməsini tələb edən beynəlxalq humanitar hüququn əsas prinsiplərinə əməl etməlidirlər: “Müharibə qanunları, münaqişə tərəflərindən hərbi əməliyyatlar zamanı mülki əhalini qorumaq üçün daim qayğı göstərmələrini və mülki həyatın təsadüfən itirilməsini və mülki obyektlərə dəyən zərərin qarşısını almaq və ya minimuma endirmək üçün “mümkün olan bütün tədbirləri görməyi” tələb edir. Bu tədbirlərə, hücum obyektlərinin mülki və mülki obyektlər olmadığını, hərbi məqsədlər olduğunu təsdiqləmək üçün mümkün olan hər şeyi etmək və şəraitin mümkün olduğu təqdirdə mülki şəxslərə “təsirli qabaqcadan xəbərdarlıq” etmək daxildir”.

Qeyd edək ki, "Amnesty İnternational" təşkilatı da Ermənistanın Azərbaycanın dinc sakinlərinə qarşı kasetli raketlərdən istifadə etdiyini təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR