İƏT Gənclər Forumunun nümayəndələri Gəncədə Ermənistanın raket atdığı əraziyə baş çəkiblər

İƏT Gənclər Forumunun nümayəndələri Gəncədə Ermənistanın raket atdığı əraziyə baş çəkiblər
# 18 noyabr 2020 11:50 (UTC +04:00)

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun nümayəndə heyətinin üzvləri noyabrın 18-də Gəncəyə səfər edib.

APA-nın yerli bürosunun məlumatına görə, nümayəndə heyəti cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olub.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun rəhbəri Taha Ayhan deyib ki, qurumdakı 56 ölkənin və bütün dünyanın müsəlman gəncləri adından Azərbaycanın haqlı Qarabağ savaşında yanında olduqlarını göstərmək üçün ölkəmizə gəliblər. T. Ayhan vurğulayıb ki, erməni vəhşiliyindən bütün Azərbaycan xalqı əziyyət çəkir.

Nümayəndə heyətinə məlumat verilib ki, işğalçı Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə konvensiyalarını və onların Əlavə protokollarını, habelə özlərinin israrlı xahişləri əsasında razılaşdırılmış humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub. Döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistan silahlı qüvvələri ətrafdakı şəhər və kəndləri, eləcə də cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə alıb. Oktyabrın 11-də və 17-də Ermənistan ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə məqsədli şəkildə ballistik raketlərlə atəşə tutulub. Gecə saatlarında yatmış şəhərə edilmiş raket hücumları nəticəsində 1 körpə, 5 uşaq, 10 qadın da olmaqla 30-a yaxın dinc sakin həlak olub, 90-dan çox insan yaralanıb.

Son günlərdə törədilmiş belə müharibə cinayətlərindən biri də 100 min əhalinin yaşadığı Bərdə rayonunun hədəfə alınmasıdır. Oktyabrın 27-də və 28-də Bərdə şəhərinin beynəlxalq səviyyədə qadağan edilmiş kasetli raketlərlə atəşə tutulması nəticəsində isə 1 uşaq, 8 qadın olmaqla 27 dinc sakin həlak olub, çoxlu sayda mülki şəxs xəsarət alıb.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun nümayəndə heyətinin üzvləri erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq dağılmış evlərin ətrafına gül düzüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR