İtaliya şirkətləri azərbaycanlı həmkarları ilə Qarabağın bərpası ilə bağlı onlayn görüş keçiriblər

İtaliya şirkətləri azərbaycanlı həmkarları ilə Qarabağın bərpası ilə bağlı onlayn görüş keçiriblər
# 21 aprel 2021 22:28 (UTC +04:00)

"Keçən ilin dekabr ayında Azərbaycana səfərimi xatırlayırsınız? Sizə dediyim kimi, bu, Dağlıq Qarabağda yaxınlarda azad edilmiş ərazilərin yenidən qurulmasına və bərpasına yönəlmiş iqtisadi tərəfdaşlığın başlanmasına xidmət edirdi. Tamamilə bu məqsədlə bu gün şəhər planlaşdırma sektorunda aparıcı İtaliya şirkətlərinin bölgə üçün əsas layihələri verməkdə maraqlı olan azərbaycanlı həmkarlarına özlərini təqdim etməsi üçün onlayn görüş keçirildi".

APA xəbər verir ki, bunu İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano deyib.

Onun sözlərinə görə, bərpa sektorundan başlayan bu təşəbbüsə önümüzdəki həftələrdə digər sektorlar da qoşulacaq. Onlayn görüşə Azərbaycanın enerji naziri, İtaliya-Azərbaycan Birgə Komissiyasının həmsədri Pərviz Şahbazov da qoşulub.

İtaliya Xarici işlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin koordinasiyası ilə İtaliya şirkətləri Azərbaycanın tam nəzarətinə keçmiş torpaqların rekonstruksiyasına və bərpasına töhfə verməyə, şəhər planlama, yaşıl enerji, ağıllı şəhərlər, həmçinin mədəni, bədii, dini irsin qorunması ilə bağlı bacarıqlarını tətbiq etməyə hazırdır.

"Bu görüş dekabrda Azərbaycanda keçirdiyim görüşün davamı idi və onlayn görüşdə OICE ( Mühəndislik, Texniki-İqtisadi Konsaltinq Qurumlarının Assosiasiyası) və seçilmiş ixtisaslaşmış şirkətlər iştirak edirdi.

Bu gün biz Azərbaycanla mülki əməkdaşlıq sahəsində vacib bir addım atırıq və inanırıq ki, özəl şirkətlər dövlətin müşayiəti ilə yaxşı biznes imkanları əldə edəcək və həmçinin bərpa işlərinə böyük töhfə verəcəklər. İtaliya və Azərbaycan arasında tezliklə xüsusi Anlaşma Memorandumu imzalanacaq və bu sənəd illərlə davam edəcək səmərəli əməkdaşlığımız üçün institusional baza yaradacaq", - deyə Di Stefano bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR