Moskvada Valentina Matviyenko və Sahibə Qafarova arasında görüş keçirilib - FOTO - YENİLƏNİB

Moskvada Valentina Matviyenko və Sahibə Qafarova arasında görüş keçirilib - FOTO - YENİLƏNİB
# 22 sentyabr 2020 19:36 (UTC +04:00)

Moskvada Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Rusiya Federasiyası Şurasının sədri Valentina Matviyenko arasında görüş keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, Federasiya Şurasında əvvəl təkbətək formatda, daha sonra isə nümayəndə heyətləri ilə birlikdə baş tutan görüşdə ikitərəfli əməkdaşlıq müzakirə olunub.

Milli Məclisin Sədri Sahibə Qafarovanı və Azərbaycan nümayəndə heyətini salamlayan Valentina Matviyenko azərbaycanlı parlamentariləri Rusiyada görməkdən məmnunluğunu bildirib: “Bu, Rusiya parlamenti ilə Azərbaycan Milli Məclisi arasındakı mövcud sıx münasibətləri davam etdirmək baxımından çox yaxşı niyyətdir. Azərbaycan bizim üçün strateji tərəfdaş olub və belə də qalır. Parlamentlərarası əməkdaşlıq sözsüz ki, dövlətlərarası münasibətlərin qurulmasında vacib rol oynayır. Biz sizin səfərinizi gözləyirdik və buna böyük əhəmiyyət veririk. Hesab edirəm ki, bu görüş parlamentlərarası dialoq çərçivəsində, ikitərəfli münasibətlərin gündəmində saatların qurulması, narahatedici beynəlxalq problemlərin müzakirəsi, parlamentlərarası əməkdaşlığın gələcək inkişafı baxımından yaxşı imkandır”.

Görüşdə Valentina Matviyenko XXI əsr bəşəriyyətin bəlası olan COVİD-19-la mübarizədə Azərbaycanın atdığı addımları yüksək qiymətləndirərək, bu sahədə ölkəmizin Rusiyaya verdiyi dəstəyə görə təşəkkür edib.

Söhbət zamanı Valentina Matviyenko Milli Məclisin Sədri Sahibə Qafarovanın sabah Federal Məclisin Federasiya Şurasında nəzərdə tutulan çıxışı barədə danışıb: "Demək olar ki, sabah sessiyanın ilk iclasını siz açacaqsınız”.

Qəbul üçün təşəkkürünü bildirən Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycan nümayəndə heyətini Rusiyaya dəvət etdiyinə görə Valentina Matviyenkoya təşəkkür edib. Milli Məclisin sədri bu səfərin və keçiriləcək görüşlərin iki ölkənin uğurla inkişaf edən parlamentlərarası münasibətlərinə yeni impuls verəcəyinə əminliyini ifadə edib: “İki ölkə arasındakı hərtərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında dövlət başçıları İlham Əliyevin və Vladimir Putinin siyasi dialoqu və çoxsaylı qarşılıqlı səfərləri mühüm rol oynayır".

Ölkələr arasında humanitar və mədəni sahələrdə münasibətlərdən danışan Sahibə Qafarova qeyd edib ki, bu əlaqələr heç də iqtisadi və siyasi əlaqələrdən az rol oynamır. Milli Məclisin sədri iki ölkənin humanitar və mədəni sahələrdə əməkdaşlığının inkişafına Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanın Əliyevanın böyük töhfələr verdiyini xatırladıb: “Prezident Vladimir Putin iki ölkə arasındakı humanitar və mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə hörmətli Mehriban xanım Əliyevanı 2019-cu ilin noyabrında “Dostluq” ordeni ilə təltif edib və mükafatı təqdim edərkən bildirib ki, Mehriban xanım Əliyeva Rusiyanın əsl dostudur”.

Görüşdə Milli Məclisin Sədri Sahibə Qafarova həmkarını ona uyğun bir vaxtda Azərbaycana rəsmi səfərə dəvət edib: “Əminəm ki, bugünkü görüş ümumilikdə səfərimiz Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin inkişafına öz töhfəsini verəcək”.

Qeyd edək ki, iyunun 21-də Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova Rusiyaya rəsmi səfərə gəlib. Səfər çərçivəsində Milli Məclisinin sədrinin Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və xarici işlər naziri Sergey Lavrovla ayrılıqda görüşləri nəzərdə tutulub.

Bundan başqa sentyabrın 23-də Sahibə Qafarova Federasiya Şurasının payız sessiyasının ilk iclasında çıxışı da planlaşdırılır.

***

saat 17:23

Moskvada Rusiya Federasiyası Şurasının sədri Valentina Matviyenko və Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova arasında görüş keçirilir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Federasiya Şurasında keçirilən görüşdə ikitərəfli əməkdaşlıq müzakirə olunur.

Qeyd edək ki, sentyabrın 21-də Azərbaycan parlamentinin spikeri Sahibə Qafarova Rusiyaya rəsmi səfərə gəlib. Səfər çərçivəsində Milli Məclisinin sədrinin Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Xarici İşlər naziri Sergey Lavrovla ayrılıqda görüşləri nəzərdə tutulub. Bundan başqa, sentyabrın 23-də Sahibə Qafarovanın Federasiya Şurasının payız sessiyasının ilk iclasında çıxışı da planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR