Prezidentin köməkçisi: "Azad olunmuş ərazilərimizdə dini və mədəni irsimiz də məhv edilib"

Prezidentin köməkçisi: "Azad olunmuş ərazilərimizdə dini və mədəni irsimiz də məhv edilib"
# 28 oktyabr 2020 15:04 (UTC +04:00)

“Mədəni irs insan ləyaqətinə və onun kimliyinə bağlıdır. Ermənistanın davamlı şəkildə aparılan işğal siyasəti qəbiristanlıqlara, abidələrə və digər tarixi memarlıq irsimizə baş çəkməyə imkan vermir”.

APA-nın məlumatına görə, bunu Azərbaycanda akkreditasiya olunmuş xarici ölkələrin səfirləri üçün bu gün ADA Universitetində keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi bildirib ki, mədəniyyətin məhv edilməsi irqçiliyin bariz nümunəsidir: “Biz də bunu ksenofobik və irqçilik nümunəsi kimi qəbul edirik. Ermənistan rəhbərliyi etnik və mədəni təmizləmə siyasətini bu şəkildə də davam etdirir. Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ ərazisində azərbaycanlı icmasının yaşadığı yerlərdə olan abidələri, Şuşada olan Yuxarı Gövhər Ağa məscidini bərpa etməklə Ermənistan bu məscidin təzahürünü dəyişmək istəyir. Ağdamda məsciddə heyvanlar saxlanılır. Azərbaycan bu təəssüfedici təcrübəni yaşayır. Azərbaycan mədəni irsin qorunması ilə bağlı bir sıra qətnamələrin təşəbbüskarı da olub. Mədəni irsin qorunması ilə bağlı ilk dəfə UNESCO ilə birlikdə Azərbaycan hökuməti xüsusi təlimat hazırlamışdı ki, bu təlimat bir sıra dillərə tərcümə olunub və beynəlxalq səviyyədə yayılıb. Mədəni irsin məhv edilməsi təhlükəsizlik və sülh məsələsidir. BMT TŞ –nın 2017-ci ildə qəbul edilən bir sıra digər qətnamələri də mədəni irsin qorunması ilə bağlıdır. Bunlar məhz sülh naminə qəbul edilib. Hazırda Azərbaycan Silahlı Qüvvələri sülhün tətbiq edilməsi əməliyyatında iştirak edir. Azərbaycan öz torpaqlarının bir hissəsini Ermənistan işğalından azad etməyə nail olub. Və biz görürük ki, azad olunmuş ərazilərdə kəndlər və şəhərlər demək olar ki, tam məhv olunub. Onların sırasında eyni zamanda dini və mədəni irsimiz də məhv edilib. Füzuli, Cəbrayıl, Zəngilan və digər işğaldan azad edilmiş ərazilər həqiqətən də bizə Stalinqrad vaxtlarını xatırladır. Bu cür işğalçılar orada yaşayan azərbaycanlıların bütün irsini və izini yox etmək niyyətində idilər. Eyni zamanda müqəddəs abidələrə və yerlərə də tamamilə etinasız yanaşmanı görmüşük. Müqəddəs abidələr heyvanların –inəklərin, donuzların yerinə çevrilib. Bu, nəinki beynəlxalq ictimaiyyətə, eyni zamanda azərbaycanlılara da böyük hörmətsizlikdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR