Türkiyə səfiri: ““İki dövlət, tək millət” şüarı ilə bütün çətinliklərin öhdəsindən gələcəyik”

Türkiyə səfiri: ““İki dövlət, tək millət” şüarı ilə bütün çətinliklərin öhdəsindən gələcəyik”
# 03 may 2021 11:58 (UTC +04:00)

“Türkiyə və Azərbaycan arasında dünyada bənzəri olmayan və ürəklərdə yer alan müstəsna bir qardaşlığa şahidik. Şübhəsiz ki, bu qardaşlıq kökünü ortaq tarix və mədəniyyətdən alır”.

APA-nın xəbərinə görə, bu fikirlər Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfiri Cahit Bağçının müraciətində öz əksini tapıb.

“İki dövlətin qurucuları - ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözləri ilə ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" anlayışı bu qardaşlıq bağının əsasını təşkil edir, eyni zamanda, Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Gücümüz birliyimizdə, birliyimiz gücümüzdədir” bəyanatları bu qardaşlığı və ikitərəfli münasibətlərimizi inkişaf etdirmək və qorumaq üçün bir anddır. Məlum olduğu kimi, qədim Azərbaycan torpağı olan Qarabağın ermənilər tərəfindən təxminən 30 illik qanlı işğalı 44 gün davam edən Vətən müharibəsinin sonunda şanlı Qələbə ilə başa çatdı. Bu Qələbə Azərbaycan xalqı kimi Türkiyədəki vətəndaşlarımızı da çox sevindirdi. Türkiyə Vətən müharibəsində qardaşlıq borcunu yerinə yetirərək Azərbaycanı heç vaxt tək qoymadı. Türkiyə savaşın əvvəlindən sonuna qədər qardaşının yanında oldu və hər cür dəstək göstərdi. Türkiyə xalqı adından Azərbaycandakı və dünyadakı bütün azərbaycanlılara səslənirəm: Zəfəriniz mübarək və daimi olsun! Vətən müharibəsində şəhid olanlara Allahdan rəhmət diləyirik, onların ailələrinə, döyüşçü yoldaşlarına, sevənlərinə və Azərbaycan xalqına başsağlığı veririk və səbr diləyirik. Ruhları şad, məkanları cənnət olsun! Biz inanırıq ki, artıq Qarabağda hər bahar xarı bülbüllər şəhidlərimiz üçün açacaq, onların ətrini Qafqazın incisi Qarabağdan bütün Türk dünyasına daşıyacaq. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, “Türkiyə dünən olduğu kimi bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında oldu və bundan sonra da olacaq. Heç bir güc Türkiyə-Azərbaycan birliyini sarsıtmayacaq”. “İki dövlət, tək millət şüarı” ilə əl-ələ, çiyin-çiyinə bütün çətinliklərin öhdəsindən gələrək ölkələrimizi inkişaf etdirib, daha da irəli aparacaq və gücləndirəcəyik”, - deyə səfir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR