Türkiyənin Gəncədəki Baş konsulluğunda İzmir zəlzələsinin qurbanları anılıb

Türkiyənin Gəncədəki Baş konsulluğunda İzmir zəlzələsinin qurbanları anılıb
# 31 oktyabr 2020 13:35 (UTC +04:00)

Türkiyənin Gəncədəki Baş konsulluğunda İzmirdə baş verən zəlzələnin qurbanları anılıb.

APA-nın yerli müxbirinin xəbərinə görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Türkiyənin Gəncədəki Baş Konsulluğuna gələrək Egey bölgəsindəki zəlzələ ilə əlaqədar Baş konsul Zəki Öztürkə başsağlığı verib. Görüşdə Gəncədən olan millət vəkilləri Naqif Həmzəyev və Müşfiq Cəfərov də iştirak ediblər.

Niyazi Bayramov bildirilib ki, Türkiyənin Egey bölgəsində baş vermiş zəlzələnin yol açdığı dağıntı və insan tələfatı Gəncədə böyük kədər və təəssüf hissi ilə qarşılanıb: “Ulu öndər Heydər Əliyevin dediyi kimi, biz “iki dövlət, bir millət”ik. Xalqımız hər zaman dost və qardaş Türkiyənin yanındadır. Ölkə başçısı Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bu çətin anlarda öz qardaşlarına hər cür yardım göstərməyə hazırdır”.

Millət vəkili Naqif Həmzəyev qeyd edib ki, qardaş Türkiyə hər zaman qətiyyətli mövqe sərgiləyərək Azərbaycanın yanında olduğunu bildirib. Azərbaycan da öz növbəsində bütün məsələlərdə qardaş Türkiyəyə dəstəkdir: “Sizin kədəriniz bizim kədərimizdir. Arzumuz budur ki, tezliklə İzmirin göz yaşını Şuşanın işğaldan azad olunması xəbəri ilə silək”.

Görüşdə həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verilib, yaralılara Allahdan şəfa dilənib.

Türkiyənin Gəncədəki Baş Konsulu Zəki Öztürk öz növbəsində göstərilən diqqət və dəstəyə görə minnətdarlığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR