YAP-la Türkiyənin Ədalət və İnkişaf Partiyasının birgə videokonfransı keçirilib

YAP-la Türkiyənin Ədalət və İnkişaf Partiyasının birgə videokonfransı keçirilib
# 08 oktyabr 2020 16:39 (UTC +04:00)

Oktyabrın 8-də Yeni Azərbaycan Partiyası ilə Türkiyənin Ədalət və İnkişaf Partiyasının birgə videokonfransı keçirilib.

YAP-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, videokonfransı giriş sözü ilə açan Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, bu tədbir Azərbaycan-Türkiyə qardaşlığının bir ifadəsidir.

Onun sözlərinə görə, Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra iki ölkə arasında münasibətlər yüksək səviyyədə inkişaf edib. Ulu Öndər Heydər Əliyevin dediyi “Bir millət-iki dövlət” kəlamı hər iki ölkədə dillər əzbəridir.

Əli Əhmədov qeyd edib ki, hazırda Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək uğrunda mübarizəyə başladıqdan sonra artıq bütün dünya Azərbaycanla Türkiyənin sarsılmaz qardaşlığından və dostluğundan danışır. Eyni zamanda, bu dostluğun və qardaşlığın Azərbaycanın ədalətli savaşında nə qədər böyük dəstək verdiyini özündə ehtiva edir.

Əli Əhmədov problemin həlli ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin prinsipal mövqeyini bir daha diqqətə çatdırıb və bu məsələdə birmənalı dəstəyinə görə Türkiyə dövlətinə və xalqına təşəkkürünü bildirib.

Ədalət və İnkişaf Partiyasının Genel Başkan vəkili, İstanbul millət vəkili Numan Kurtulmuş videokonfransda çıxış edərək Türkiyənin qardaş Azərbaycanın haqq mübarizəsində hər zaman yanında olduğunu bildirib. O qeyd edib ki, Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etməsi uğrunda mübarizəsinə Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, Türkiyə dövləti və xalqı birmənalı olaraq dəstək verir.

Numan Kurtulmuş söyləyib ki, dünyada bəzi dairələr tərəfindən əngəl olmağa çalışılsa da, Azərbaycanın haqlı mübarizəsinin zəfər qazanacağı şübhə doğurmur: “Bu bölgədə sülhün və sabitliyin təmin olunması üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməlidir.

Digər çıxış edənlər YAP və AKP arasında əlaqələrin inkişaf prespektivlərinə dair fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR