İşçi qrupunun rəhbəri: “Dmanisidəki insidentdə heç bir etnik amildən söhbət gedə bilməz”

İşçi qrupunun rəhbəri: “Dmanisidəki insidentdə heç bir etnik amildən söhbət gedə bilməz”

© APA | Deputat Arzu Nağıyev

# 17 may 2021 18:50 (UTC +04:00)

“Gürcüstanda baş verən insident tamamilə məişət zəminində olan bir hadisədir. Baş vermiş insidentlə bağlı Gürcüstan qanunvericiliyi çərçivəsində zəruri tədbirlər görülməkdədir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev deyib.

Deputat bildirib ki, Gürcüstan və Azərbaycan arasında həmişə dostluq münasibətləri, gürcülər və azərbaycanlılar arasında xoş münasibətlər olub: “Burada heç bir etnik amildən söhbət gedə bilməz. Bu insident tamamilə məişət zəminində baş verib. Gürcüstan hüquq-mühafizə orqanları artıq məsələni araşdırır, günahkarlar cəzalandırılacaq. Bu gün Dmanisiyə gedən Gürcüstan hüquq-mühafizə orqanlarının rəhbərləri də azərbaycanlılarla gürcülərin qardaş olduğunu, iki xalqın əsrlər boyu bir yerdə yaşadığını, hadisəyə etnik münaqişə donu geydirilməsinin yolverilməzliyini bəyan etdilər. O da vurğulandı ki, qanun pozuntusuna yol verən hər kəs qanun çərçivəsində sərt şəkildə cəzalandırılacaq”.

A. Nağıyev hesab edir ki, Azərbaycanla Gürcüstan arasında sıx əməkdaşlığı və tərəfdaşlığı istəməyənlər bu hadisəni millətlərarası münaqişə kimi qələmə verməyə çalışırlar: “Ancaq bütün bu cəhdlər əbəsdir”.

Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri qeyd edib ki, Azərbaycanın Gürcüstandakı səfirliyi də məsələni diqqətdə saxlayır, hüquq-mühafizə orqanları ilə lazımi əməkdaşlıq edilir: “Xüsusilə vurğulanmalıdır ki, qeyd olunan xoşagəlməz hadisəyə siyasi don geyindirmək, onu etnik zəmində qarşıdurma kimi qələmə vermək strateji tərəfdaşlıq səviyyəsində inkişaf edən Azərbaycan-Gürcüstan münasibətlərinin ruhuna uyğun gəlmir. Baş verən insidentə sırf hüquqi müstəvidə qiymət verilməli və təqsirkar bilinən şəxslər fərdi qaydada Gürcüstan qanunvericiliyinə əsasən cəzalarını almalıdırlar. Gürcüstanda yaşayan azərbaycanlılar da baş verən insidentə təmkinlə yanaşmalı, təxribatlara uymamalıdır”.

Qeyd edək ki, mayın 16-da Gürcüstanın Dmanisi rayonunun “9 aprel” küçəsində bir qrup şəxs azərbaycanlı sahibkar Qəşəm Şamilova məxsus mağazanın qarşısına gələrək, ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR