MM İnsan hüquqları komitəsinin sədr müavini: “Ermənistanın azərbaycanlılara qarşı nifrət cinayətlərinə son qoyulmalıdır”

Deputat Tahir Kərimli

© APA | Deputat Tahir Kərimli

# 06 may 2021 16:03 (UTC +04:00)

“Əsrlər boyu aparılan nifrət siyasətinin nəticəsi olaraq azərbaycanlılara qarşı qəsdən dözümsüzlük yaradan Ermənistan hərbi-siyasi hakimiyyəti bu nifrəti mətbuat və sosial mediada davamlı olaraq təbliğ edib. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) beynəlxalq təşkilatlara təqdim etdiyi “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat”da da sosial media şəbəkələrində və mətbuatda yayımlanan etibarlı mənbələrdən alınmış məlumatlar əksini tapıb”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli bildirib.

T. Kərimli deyib ki, müxtəlif vaxtlarda, əsasən, İkinci Qarabağ müharibəsi dövründə Gəncə, Bərdə kimi böyük şəhərlərin Ermənistan hərbi-siyasi hakimiyyətinin göstərişi ilə qadağan olunmuş silahlardan hücuma məruz qoyulması zamanı həlak olan və yaralanan azərbaycanlıların “Instagram” və “Youtube” sosial şəbəkələrindəki canlı yayımların şərh bölmələrində alçaldılması, hətta bundan zövq alınması ifadə olunub: “Nifrət nitqinin bu cür həssas zamanlarda radikal şəkildə paylaşılması etnik əlamətinə görə insanların qətlə yetirilməsi ilə nəticələnən müharibə və sülh əleyhinə cinayətlərinin törədilməsinə, işğalçılıq meyllərinin artmasına səbəb olub. Ermənistan hərbi-siyasi hakimiyyətinin təsiri və təzyiqi ilə azərbaycanlılara qarşı nifrət nitqi ifadə edən erməni istifadəçilər dünya mediasında davamlı olaraq azərbaycanlıları ən alçaldıcı formada qaniçən, cani, barbar, vəhşi kimi göstərir və digər istifadəçiləri bu cür paylaşımlar etməyə təşviq edirlər. Həmçinin İkinci Qarabağ müharibəsi dövründə əsir götürülən erməni hərbi qulluqçularının etiraflarından da aydın olduğu kimi, erməni hərbi və siyasi hakimiyyəti onlara azərbaycanlıların guya vəhşi olduğunu aşılayıb, lakin əsir düşdükləri zaman bu kimi məlumatların yalan olduğunun şahidi olublar. O da qeyd olunmalıdır ki, türk və Azərbaycan adları ilə özlərinə saxta hesablar yaradaraq azərbaycanlıların müxtəlif postların şərh bölmələrində təhqir olunması faktları da aşkarlanıb. Bu cür trol hesabların açılmasının qarşısının alınması və onların şikayət edilərək silinməsi üçün də müxtəlif tədbirlər görülüb. Bu kimi məsələlərdə tərkibində “Instagram”, “WhatsApp” kimi sosial şəbəkələri birləşdirən “Facebook” şirkətində çalışan erməni əsilli şəxslərin köməyindən istifadə olunub və bu hallar davam edir. Həmin erməni əsilli əməkdaşlar video-müraciətlər vasitəsi ilə 35 erməniyə azərbaycanlılara məxsus hesabların bağlanılması barəsində yardım edəcəklərini bildiriblər. Ombudsmanın beynəlxalq təşkilatlara təqdim etdiyi “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat”da da müxtəlif dövrlərdə azərbaycanlıların alçaldılmasını özündə ehtiva edən şərh və paylaşımlara dair görüntülər əksini tapıb. O cümlədən Azərbaycan Respublikasının dövlət rəmzlərinə qarşı alçaldıcı hərəkətlər və onun hər kəsə nümayiş olunması sosial media vasitəsi ilə Xankəndində yerləşən və Birinci Qarabağ müharibəsinə həsr olunmuş muzeydə qeydə alınıb”.

Parlamentin komitə sədrinin müavini qeyd edib ki, beynəlxalq insan hüquqlarını müdafiə təşkilatları, milli insan hüquqları institutları Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) təqdim etdiyi, hazırlanmasında faktoloji materiallardan, sosial media şəbəkələrində və mətbuatda yayımlanan etibarlı mənbələrdən alınmış məlumatlardan istifadə olunmuş “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat”a diqqətlə yanaşmalıdırlar: “Çünki Ermənistan tərəfindən anti-Azərbaycan siyasətinin aparılması, cinayətlərə və düşmənçiliyə zəmin yaradan addımların atılması İkinci Qarabağ müharibəsindən sonra da davam edir. Ermənistanın azərbaycanlılara qarşı nifrət cinayətlərinə son qoyulmalıdır. Məhz beynəlxalq ictimaiyyət həmrəyliyi, birmənalı olaraq azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə qarşı çıxması nəticəsində Ermənistanın bu yöndə siyasətinə son qoyula bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR