Rusiyalı dövlət xadimləri: “Heydər Əliyev bizim müəllimimiz idi” - FOTO

Rusiyalı dövlət xadimləri: “Heydər Əliyev bizim müəllimimiz idi” - FOTO
# 10 may 2021 18:03 (UTC +04:00)

Moskvada Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə tədbir keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycan Rusiyadakı Səfirliyinin və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə vaxtı ilə Heydər Əliyevlə Moskvada birlikdə çalışmış dövlət xadimləri iştirak ediblər.

Heydər Əliyev 1982-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində təyin olunan gündən onunla çiyin-çiyinə çalışmış silahdaşları Azərbaycan xalqının ümummilli liderinin xatirəsini yad etmək üçün Azərbaycanın Rusiyadakı Səfirliyinə toplaşıblar. Səfirlikdə Heydər Əliyevin barelyefi önünə əklil qoyan silahdaşları onunla bağlı xatirələrini bölüşüblər.

Heydər Əliyevin Mühafizə Xidmətinin rəisi olmuş Viktor Nemuşkov 10 may tarixinin onun üçün əlamətdar gün olduğunu söyləyib: “Ona görə, ki, Heydər Əliyevlə birlikdə çalışdığımız illər bizim həyatımızda böyük izlər qoyub. O, bizim müəllimimiz idi. Ona baxıb, onun işlərini izləyib həqiqətən öyrənmək olurdu. Rəhbər, təşkilatçı kimi ondan nümunə götürürdük. Heydər Əliyevdən sonra ondan öyrəndiklərim mənə çox lazım oldu. Heydər Əliyev çox nizam-intizamlı, məsuliyyətli insan idi. O, qarşısına qoyulan vəzifələrə hər zaman həssaslıqla yanaşırdı. Bu səbəbdən də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən ona ən məsuliyyətli işlər tapşırılırdı. Onun nəzarəti altında fəaliyyət göstərən bir çox nazirliklər və qurumlar ölkənin inkişafında mühüm rol oynayırdı”.

SSRİ Nazirlər Sovetinin sosial inkişaf üzrə Bürosunun sədri müavini, rusiyalı dövlət xadimi İqor Prostyakov Heydər Əliyevin onun üçün arzuolunan insan olduğunu söyləyib: “2000-ci illərdə jurnalistlər məndən soruşandakı həyatımda baş verən ən vacib məqam hansıdır, mən onlara belə cavab vermişdim. Çox şadam ki, mənə həyatda iki insanla çalışmaq müyəssər olub. Həmin insanlardan biri Heydər Əliyevdir. Heydər Əliyev çox professional və dürüst insan idi. O, mənə müavini olmaq vəzifəsinə təklif edəndə böyük məmnuniyyətlə razılaşdım. Birlikdə çalışdığımız zaman mən onun hər şeyi öncədən necə gördüyünün, uzaqgörənliyinin şahidi oldum. Biz onunla Dağlıq Qarabağ barədə də söhbət edirdik. O, Qarabağa səfərlərindən danışırdı. Çalışırdı ki, Dağlıq Qarabağda həyat səviyyəsi Azərbaycanın digər regionları və Ermənistandakı həyat səviyyəsindən yüksək olsun. Heydər Əliyev daim insanlar haqqında fikirləşirdi. Mən bu gün məmnuniyyətlə onun doğum gününə gəlmişəm. Çünki Heydər Əliyev mənim üçün arzulanan insandır”.

Azərbaycanın Rusiyadakı Səfirliyin müşavir elçisi Samir Şərifov və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin humanitar proqramlar bölməsinin rəhbəri Tamilla Əhmədova Heydər Əliyevin xatirəsini hər zaman əziz tutduqlarına görə tədbir iştirakçılarına təşəkkür bildirilib.

10 may tarixinin həm Azərbaycan xalqının, həm də Heydər Əliyevi yaxından tanıyan hər bir kəsin qəlbində xüsusi yeri olduğu vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR