APA “Müxtəlif hərbi qurumlar və ictimaiyyət arasında münasibətlər” mövzusunda debat keçirib - FOTO

APA “Müxtəlif hərbi qurumlar və ictimaiyyət arasında münasibətlər” mövzusunda debat keçirib - <font color=red>FOTO</font>
# 30 dekabr 2009 13:19 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. APA İnformasiya Agentliyi Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun dəstəyi ilə reallaşdırdığı “Hərbi vətənpərvərlik şüurunun formalaşdırılmasına KİV dəstəyi” adlı layihə çərçivəsində “Müxtəlif hərbi qurumlar və ictimaiyyət arasında münasibətlər” mövzusunda sonuncu debatı keçirib. Debatda Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev, Daxili Qoşunların mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Təranə Məmmədova, Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin rəisi, polkovnik Cəbrayıl Əliyev, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mina təhlükəsi üzrə maarifləndirmə departamentinin rəhbəri Musa Cəlalov, APA agentliyinin əməkdaşları Rəşad Süleymanov və Ramil Məmmədov iştirak ediblər.

Rəşad Süleymanov: Son illər Silahlı Qüvvələr və ictimaiyyətin əlaqələrinin sıxlaşdırılması bir zərurət olaraq meydana çıxıb. Artıq bu sahədə hərbi qurumların özündən də müəyyən təşəbbüslər nəzərə çarpmaqdadır. Öncə sual etmək istərdim: təmsil etdiyiniz qurumların ictimaiyyətlə əlaqələri necə qurulur və bu prosesdə qarşıya çıxan problemlər hansılardır?

Teymur Abdullayev: Müdafiə Nazirliyi olaraq bizim ictimaiyyət və mətbuatla əlaqələrimiz göz qabağındadır. Reallıq odur ki, Azərbaycan müharibə vəziyyətindədir və vətəndaşları da maraqlandıran bir nömrəli məsələ ön xəttə gedən proseslərdir. Konkret olaraq orduda aparılan işlər, ümumi vəziyyətlə tanışlıq üçün cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı ilə hərbi hissələrə səfərlər təşkil edirik. Əsasən də Milli Məclisin deputatlarının, jurnalistlərin, vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə cəbhə xəttində əsgərlərlə görüşlərə şərait yaradılır. Bu da Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr sahəsində gördüyü işlərdən biridir. Mətbuatla əlaqələrə gəldikdə, deyə bilərəm ki, nazirliyin mətbuat xidməti olaraq hər gün düşmənlə təmas xəttində baş verənlər, qurumun media üçün açıqlana biləcək fəaliyyət istiqamətləri, görüşlər və digər tədbirlərlə bağlı mətbuata məlumat veririk. Düzdür, konkret hadisə ilə bağlı mətbuatı maraqlandıran məqamlar haqqında bəzən gec informasiya verilir. Bunun da obyektiv səbəbləri var. Bəzən hadisənin baş vermə səbəblərinin ilkin araşdırılması çox vaxt aparır. Problem isə ondadır ki, bəzən mətbuat nümayəndələri primitiv suallar verirlər. Bundan başqa, verilməsi mümkün olmayan məlumatı istəyirlər. Amma zaman keçdikcə bu problem həll olunmaqdadır.

Təranə Məmmədova: İctimaiyyətlə əlaqələrlə bağlı onu deyə bilərəm ki, orduya ictimai nəzarət ifadəsi son bir neçə ildir, meydana çıxıb. Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənov ordu üzərində ictimai nəzarətin tətbiqinin vacibliyini hələ 2004-cü ildə deyib. Biz artıq 5 ildən çoxdur ki, hərbi hissələrimizə müntəzəm olaraq ictimaiyyət nümayəndələrinin səfərlərini təşkil edirik. Məktəblərlə, universitetlərlə və əsgər valideynləri ilə əlaqələrimiz var. Hərbi hissələrimizdə hər həftənin şənbə günləri komandanlıq valideynlərlə görüşür, onların istək və arzularını dinləyirlər. Mətbuatla da münasibətlərimiz çox yaxşıdır. Siyasi xəttindən asılı olmayaraq əksər Azərbaycan mətbuat orqanları Daxili Qoşunlar komandanın iştirakı ilə keçirilən toplantılara dəvət edilirlər.

Cəbrayıl Əliyev: Əslində, burada iştirak edən şəxslərin təmsil etdikləri qurumların işi cəmiyyət üçün bəllidir. Hər birimiz çalışırıq ki, ictimaiyyətlə əlaqələri yaxşı təşkil edək. Dövlət Sərhəd Xidmətinin ictimaiyyətlə əlaqələrinin səviyyəsi daim rəhbərlik tərəfindən müzakirə olunur və planlaşdırılır. Mətbuatla işlərimiz də yaxşıdır. Lakin bəzi mətbuat nümayəndələri işlərini özləri istədikləri şəkildə qururlar ki, bu da bizim planlarımızla üst-üstə düşmür. Təəssüf ki, bəzi mətbuat nümayəndələri prosedurlar nəzərə alınmadan hər hansı məsələ ilə bağlı informasiya əldə etmək istəyirlər. Lakin əvvəlki illərlə müqayisədə bu gün irəliləyişlər də var. İctimai təşkilatlarla da əlaqələrimizi yaxşı qurmuşuq. Davamlı olaraq yazıçıların, bəstəkarların və rəssamların DSX-nın tabeçiliyində olan hərbi hissələrə səfərlərini təşkil edirik. Ümumiyyətlə, deyə bilərəm ki, paytaxtda mətbuatla əlaqələrin qurulmasında və inkişaf etdirilməsində problem yoxdur. Lakin bəzi mətbuat orqanlarının yerlərdə olan nümayəndələri DSX-nın bölmələri ilə münasibətləri yetərincə qura bilmirlər. Gələcəkdə bu məsələyə də diqqət yetirilməlidir.

Təranə Məmmədova: Mətbuat vasitələrinin bölgələrdəki bürolarının fəaliyyətinə düzgün toxundunuz. Bölgə müxbirləri tez-tez həqiqətə uyğun olmayan məlumatlar yayır, və ya əməliyyat baxımından açıqlanması gərəkli olmayan məlumatlar verirlər.

Teymur Abdullayev: Müdafiə Nazirliyi də tez-tez belə hallarla qarşılaşır.

Cəbrayıl Əliyev: Əslində, bu məsələdə biz də fəaliyyətimizə nəzər salmalıyıq. Mətbuatla işləyən dövlət idarələrinin nümayəndələri bu məqamları həmin jurnalistlərin diqqətinə çatdırmalıdırlar.

Təranə Məmmədova: Hesab edirəm ki, bu cür problemlərin meydana çıxmaması üçün güc strukturları ilə işləyən jurnalistlərin peşəkarlığı vacib amildir. Bu problem həll olunarsa, mətbuatda yanlışlığa yol verilməz.

Musa Cəlalov: Mənim təmsil etdiyim ANAMA-nın məqsədi minalı ərazilərin təmizlənməsidir. Bizim qurumun fəaliyyətində qapalı heç bir məqam yoxdur. Əksinə, biz özümüz qurumun fəaliyyəti barədə mətbuata və ictimaiyyətə məlumat verməkdə maraqlıyıq. Bizdə də mətbuat katibliyi bu funksiyanı həyata keçirir. Hər həftə regionlardan məlumat toplanır və KİV-ə göndərilir. ANAMA-da texniki işçi qrup yaradılıb. Burada ölkənin müvafiq nazirliklərinin nümayəndələrinin iştirakı ilə bəzi məsələlər müzakirə olunur. Bu o deməkdir ki, bizim qurum digər dövlət təşkilatları ilə sıx əlaqədə işləyir. Bizim fəaliyyətimizin özəlliyi humanitar mina təmizləmə işləri olduğundan mülki şəxslərlə daha çox təmasda oluruq.

Rəşad Süleymanov: Bəs o zaman yerlərdə əhali ilə əlaqələriniz necədir?

Musa Cəlalov: İctimaiyyətlə əlaqələrimiz barədə onu deyə bilərəm ki, vətəndaşlarla sıx əlaqədə işləyirik. Hər il mina xəbərdarlığı və təhlükəsizliyi günü keçiririk. Regionlar da daxil olmaqla, 500-dən çox əməkdaşımız var. Biz eyni zamanda mina təmizləyənlərin valideynləri üçün «Açıq qapı» günləri də keçiririk. Valideynlər yaşayış yerləri ilə tanış olurlar. KİV nümayəndələri üçün də səfərlər təşkil edilir.

Rəşad Süleymanov: Hərbi hissələrdə də ictimaiyyətlə əlaqələri normallaşdırmaq üçün “Açıq qapı” günləri keçirilirmi?

Təranə Məmmədova: Daxili Qoşunlarda bu artıq neçə ildir ki, tətbiq olunur. Komandanın əmri ilə şənbə-bazar günləri valideynlər üçün övladları üçün görüşməyə, hətta yataq yerləri ilə tanış olmağa imkan yaradılır. Komandan Zakir Həsənov şənbə-bazar günləri özü də hərbi hissələrə səfər edir. Valideynlərlə görüşüb, istəklərini soruşur. Təkliflər və şikayətləri çatdırmaq üçün hərbi hissələrin girişinə xüsusi poçt qutuları qoyulub. Orada toplanan məktublar komandanın yanında açılır. Yəni bu istiqamətdə çox işlər görülür. Bu da bizim əsgər və valideynlərin istək və arzuları, şikayətləri haqqında məlumatlı olmağımıza imkan yaradır.

Teymur Abdullayev: Müdafiə Nazirliyində də bu istiqamətdə zəruri işlər aparılır. Ümumiyyətlə, valideynlərin müraciətlərinə baxılır. Yenilik elə bir məsələdir ki, ilk vaxtlarda problemlər yaranır. Təcrübə zamanı özünü doğruldan yeniliklər tətbiq olunur. Ancaq biz hesab edirik ki, ictimaiyyətlə əlaqələrdə də müəyyən hədd gözlənilməlidir.

Cəbrayıl Əliyev: Sərhəd Qoşunlarında təkcə valideynlər üçün deyil, sərhədyanı bölgələrdə yaşayan vətəndaşlarla da əlaqələr qurulur. DSX-nın hərbi hissələrinə məktəblilərin səfərləri təşkil edilir. Ümumiyyətlə, DSX komandanlığı hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi üçün yeniyetmələrlə bir sıra tədbirlər həyata keçirir. Məktəblilərin iştirakı ilə yarışlar təşkil olunur. Hər ilə sərhədyanı bölgələrdə məktəblilər üçün “Sərhədçi” hərbi oyunları keçirilir. Bu da gəncləri hərbi xidmətə hazırlayır.

Rəşad Süleymanov: Mətbuat nümayəndələrin bəzən məxfiliyi qorumur. Bu da son nəticədə qarşılıqlı münasibətlərin pozulması ilə nəticələnir. Bu problemləri necə həll edirsiniz?

Teymur Abdullayev: Bəzən mətbuat bu məsələdə xarici ölkələrdən misal çəkirlər. Amma müəyyən reallıqları da nəzərə almaq lazımdır. Günün reallığına uyğun davranmağa ehtiyac var. Mövzu haqqında məlumatsız jurnalist bizə zəng edir və primitiv suallar verir. Bəzən jurnalist istəyir ki, biz onun çalışdığı mətbuat orqanın istəyinə uyğun informasiya verək. Bu isə mümkün deyil.

Musa Cəlalov: Yeri gəlmişkən, qeyd etməliyəm ki, gənclərin və yeniyetmələrin maarifləndirilməsi üçün ANAMA-da bir sıra tədbirlər həyata keçirir. Bizim fəaliyyətimiz yeniyetmələrin təhlükəsizliyinə də xidmət edir. Agentliyin təşəbbüsü ilə cəbhə bölgələrində 4-6-cı sinif şagirdləri üçün “Mina təhlükəsizliyi” adlı dərslik hazırlamışıq. Təhsil Nazirliyinin xətti ilə məktəblərdə qeyd etdiyim siniflər üzrə dərslər keçirilir. Bu kitab 50 mindən yuxarı tirajla nəşr olunub. Kitabda minadan qorunmağın yolları tədris olunur. Bu dərsliyin uşaqlar üçün xeyri olub ki, ilbəil minaya düşən uşaqların sayı azalıb.

Teymur Abdullayev: Hesab edirəm ki, bölgələrdə regional telekanallar vasitəsilə də mina təhlükəsizliyi ilə bağlı video-çarxlar nümayiş oluna bilər.

Cəbrayıl Əliyev: Məxfiliyin qorunmasına gəlincə, deyə bilərəm ki, hər bir informasiya orqanı hərbi sahədən yazan əməkdaşını seçməlidir. Hərbi struktur olaraq biz də çalışmalıyıq ki, mətbuat nümayəndələrinə kömək edək. Amma məxfi məsələ açıqlana bilməz. Suallar bu kimi məsələlər nəzərə alınaraq cavablandırılmalıdır.

Təranə Məmmədova: Bu, əslində mətbuatın öz problemidir. Bəzən hərbi məsələ ilə bağlı sual verən və ya bu sahədən yazan jurnalistin hərbi xidmətdə olmadığı bəlli olur. Belə hallar da əslində mətbuat orqanının imicinə təsir.

Musa Cəlalov: ANAMA da belə problemlərin qarşısını yerində almağa çalışır. Bəzən bu kimi informasiyaların yayılması məqsədli şəkildə baş verir.

Teymur Abdullayev: Bizim Ermənistan ordusu ilə təmas xəttimiz 1000 km-dən artıqdır. Məsələn, bu dəqiqə postda dayanan əsgər və zabit şaxtada xidmət aparır. Təəssüf ki, mətbuat bu əziyyətin altında xidmət aparan hərbiçimiz haqqında bir xoş söz yazmır. Elə ki, bir əsgərlə bağlı hansısa hadisə baş verir, qəzet səhifələrində əsas xəbərə çevrilir. Bəzi mətbuat orqanları ordunu aşağılayan xəbərlər yazmağa üstünlük verirlər. Bu da ondan irəli gəlir ki, həmin şəxs məsələnin ciddiliyini dərk etmir.

Təranə Məmmədova: Çünki həmin şəxs bu faciəni, çətinliyi dərk etmir.

Cəbrayıl Əliyev: Mən hesab edirəm ki, bu cür problemlər hər bir mətbuat vasitəsinin daxilində araşdırılmalı və aradan qaldırılmalıdır.

Rəşad Süleymanov: Sizin təmsil etdiyiniz qurumlarda arzuolunmaz jurnalistlərin «qara siyahı»sı varmı? Bir sıra ölkələrin hərbi strukturlarına belə siyahılar mövcuddur.

Teymur Abdullayev: Müdafiə Nazirliyində belə bir siyahı yoxdur. Şahidi olmusunuz ki, hətta bizim əleyhimizə çıxışlar edən QHT-lərin, mətbuat qurumlarının da bütün tədbirlərində iştirak etmişik.

Cəbrayıl Əliyev: DSX-da da belə bir siyahı yoxdur. Amma səhv yazı gedən mətbuat orqanlarına məqalə ilə bağlı iradlarımızı bildirir, təkzib verməsini istəyirik. Bizim hamımız Azərbaycan dövlətinə xidmət edirik.

Təranə Məmmədova: Daxili Qoşunlarda da «qara siyahı» və bu kimi arzuolunmaz jurnalistlərin adının daxil edildiyi siyahı yoxdur. Biz bütün tədbirlərimizə, görüşlərə mövqeyindən asılı olmayaraq bütün KİV-i dəvət edirik. Fikrimizcə, hərbi mövzuya müraciət edən KİV öz əməkdaşlarının peşəkarlığının artırılmasına ciddi diqqət yetirməli, bu sahədə müvafiq dövlət qurumları ilə əməkdaşlığı genişləndirməlidir. Ordu bu dövlətindir və dövlətin əsas dayağıdır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR