Azərbaycanın NATO-nun dəstəyi ilə həyata keçirdiyi «Partlamamış sursatların ləğvi üzrə Saloğlu» layihəsi may ayında yekunlaşacaq

Azərbaycanın NATO-nun dəstəyi ilə həyata keçirdiyi «Partlamamış sursatların ləğvi üzrə Saloğlu» layihəsi may ayında yekunlaşacaq
# 07 yanvar 2011 10:27 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş əməliyyat mütəxəssisi Adil Aslanov məlumat verib.

A. Aslanovun sözlərinə görə, NATO/NAMSA tərəfindən dəstəklənmiş ən böyük konversiya layihəsi olan «Saloğlu»nun təhvil verilməsində NAMSA-dan yüksək səviyyəli nümayəndə heyətinin də iştirakı gözlənilir.

«Bu layihə ilə dünya miqyasında hərbi anbarların təmizlənmə metodikası ilk dəfə Azərbaycanda tətbiq olundu. Hazırda bu təcrübə digər ölkələrlə də paylaşılır», - deyə A.Aslanov vurğulayıb.

ANAMA nümayəndəsinin sözlərinə görə, 2005-ci ilin yanvar ayının 6-da start verilmiş layihə 3 fazada həyata keçirilib. Layihənin müddətinin uzadılması isə anbar ərazisində yeraltı təmizləmə əməliyyatlarının aparılması ilə bağlı olub. A. Aslanov yeraltı əməliyyatlar zamanı bəzən 1 kvadratmetr sahədən 1000 ədəd 23 mm çaplı pulemyot gülləsinin tapıldığını, həmçinin orada 122 mm çaplı top mərmilərindən ibarət «məzarlığın» aşkarlandığını bildirib. Ümumilikdə isə Saloğludakı 138 anbardan 250-dən artıq növdə müxtəlif çeşidli döyüş sursatları, o cümlədən kasetli bombalar aşkarlanıb.

Qeyd edək ki, bu günədək Saloğlu anbarlarından və bu anbardan ətraf ərazilərə yayılmış 623 712 ədəd döyüş sursatı götürülərək zərərsizləşdirilib. Layihənin davamı olaraq Azərbaycan-Gürcüstan sərhədində – Ceyrançöldəki keçmiş hərbi poliqonun ərazisinin sursatlardan və minalardan təmizlənməsi planlaşdırılır.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR