Ötən il Azərbaycanda müdafiə təyinatlı məhsulların istehsal həcmi 2,4 dəfə artıb

Ötən il Azərbaycanda müdafiə təyinatlı məhsulların istehsal həcmi 2,4 dəfə artıb
# 31 yanvar 2011 14:23 (UTC +04:00)
MSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədə yanvarın 31-də nazirlikdə 2010-cu ilin yekunlarına dair keçirilən kollegiya iclasında bildirilib.

İclasda çıxış edən nazir Yavər Camalov bildirib ki, 2010-cu ildə nazirliyin müəssisələrində 7 yeni istehsal sahəsi yaradılaraq istismara verilib: «Silahlı Qüvvələri müasir tələblərə cavab verən müdafiə təyinatlı məmulatlarla və xalq təsərrüfatını maşınqayırma, cihazqayırma, elektrotexnika, rabitə sahələrində istifadə olunan avadanlıq və ehtiyat hissələri ilə təmin etmək üçün yaradılan bu istehsal sahələri artıq tam gücü ilə fəaliyyət göstərir. İstehsal olunan məmulatların çeşid sayı 17% artıb. Bu gün Müdafiə Sənayesi Nazirliyi aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın inkişaf etmiş 20-dən çox dövlətinin 60-dan çox şirkət və firmaları ilə sıx əməkdaşlıq edir».

Nazir bildirib ki, artıq MSN müəssisələrində yaradılan və istehsal olunan müdafiə və mülki təyinatlı məmulatlar beynəlxalq sərgilərdə nümayiş olunur. İlk dəfə 2009-cu ildə beynəlxalq sərgidə 27 adda müdafiə təyinatlı məmulatla təmsil olunan MSN 2010-cu ildə qatıldığı 3 beynəlxalq sərgidə (SOFEX-2010, MSPO-2010 və “AAD -Afrika Aerospace Defence-2010”) 60 addan çox məmulat nümayiş etdirib. Nazirlik ötən ilin noyabr ayında Özbəkistanda keçirilən Azərbaycanın ilk Milli Sərgisində 59 adda ikili və mülki təyinatlı məmulatı sərgiləyib.

İclasda nazir müavinləri Yəhya Musayev və Tofiq Rəfiyev 2010-cu il üzrə nazirliyin tabeli birlik və müəssisələrinin istehsal, elm, maliyyə, sosial və digər sahələrdə fəaliyyətlərinin yekunları barədə məlumat verib.

Sonda nazir Y. Camalov Ali Baş Komandan tərəfindən ölkənin müdafiə sənayesinin inkişafı ilə bağlı verilən tapşırıqların yerinə yetirilməsi üçün struktur bölmə, birlik və müəssisələrin rəhbərlərinə xüsusi göstərişlər verib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR