Ermənilər martda atəşkəs rejimini 80 dəfə pozub, Azərbaycanın 2 hərbi qulluqçusu və 9 yaşlı uşaq şəhid olub

Ermənilər martda atəşkəs rejimini 80 dəfə pozub, Azərbaycanın 2 hərbi qulluqçusu və 9 yaşlı uşaq şəhid olub
# 04 aprel 2011 12:14 (UTC +04:00)
APA-nın Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, atəşkəsin pozulması zamanı Azərbaycan Ordusunun 2 hərbi qulluqçusu və bir mülki sakin - 9 yaşlı uşaq şəhid olub, 1 hərbi qulluqçu isə yaralanıb.

Monitorinqlər zamanı ermənilərin əvvəlki aylarla müqayisədə Ermənistan-Azərbaycan dövlət sərhədinin şimalında - Qazax rayonu ərazisində aktivləşməsi qeydə alınıb. Ümumilikdə, dövlət sərhədinin bu hissəsində Ermənistan Ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrini 28 dəfə atəşə tutub. Bundan başqa, dövlət sərhədində ermənilər tərəfindən Tovuz rayonunun ərazisi 2, Gədəbəy rayonunun ərazisi 2, Ağstafa rayonunun ərazisi 1, Göygöl rayonunun ərazisi 1 dəfə atəşə məruz qalıb.

Ötən ay Qarabağ cəbhəsində əsas gərginlik cənub-qərb cəbhəsində - Füzulidə qeydə alınıb. Novruz bayramı günlərindəki vəziyyətə dair Müdafiə Nazirliyinin məlumatları olmasa da, ümumilikdə mart ayında Füzulidə atəşkəs rejimi 20 dəfə pozulub. Bu istiqamətdə gedən döyüşlərdə Azərbaycan Ordusunun 1 hərbi qulluqçusu şəhid olub, 1 nəfər isə yaralanıb.

Martda, həmçinin Ağdam rayonu istiqamətində atəşkəs 12, Tərtər istiqamətində 7, Goranboy istiqamətində isə 5 dəfə pozulub.

Ermənistan Silahlı Qüvvələrinin atəşinə ən çox məruz qalan yaşayış məntəqələri Füzuli rayonunun Aşağı Seyidəhmədli (9 dəfə) və Ağdam rayonunun Cəvahirli (8) kəndləri olub.

Ümumilikdə, 2011-ci ilin ilk 3 ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində atəşkəs rejimi 160 dəfə (yanvar ayında 24, fevralda 56 dəfə) pozulub. Nəticədə Azərbaycan Silahlı Qüvvələrinin 6 hərbi qulluqçusu, 1 mülki sakin (uşaq) şəhid olub, 1 nəfər isə yaralanıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR