“Azərbaycanda partlamamış hərbi sursatların təmizlənməsi üzrə Saloğlu layihəsi”nin yekunlarına həsr olunmuş tədbir keçirilib - FOTOSESSİYA

“Azərbaycanda partlamamış hərbi sursatların təmizlənməsi üzrə Saloğlu layihəsi”nin yekunlarına həsr olunmuş tədbir keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 08 iyul 2011 07:59 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə baş nazirinin müavini Abid Şərifov, bir sıra ölkələrin Azərbaycandakı səfirləri iştirak ediblər.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) baş direktoru Nazim İsmayılov bildirib ki, NATO/NAMSA tərəfindən dəstəklənən layihə çərçivəsində 600 minə yaxın döyüş sursatı götürülüb, 567 hektar sahə təmizlənib. Layihənin çox çətin olduğunu söyləyən agentlik direktoru, təhlükəli olmasına baxmayaraq, ərazidə təmizləmə işlərinin uğurla başa çatdırıldığını deyib.

Baş nazirin müavini Abid Şərifov isə bildirib ki, Saloğlu hərbi bazasında partlayış nəticəsində 40 milyon kvadratmetr ərazi çirklənib. Partlayışlardan sonrakı dövrlərdə sursatlarla bağlı hadisələr nəticəsində 37 nəfər həlak olub. Azərbaycan hökuməti layihəyə dəstək verilməsi üçün NATO-ya və Türkiyənin bu qurum yanındakı daimi nümayəndəliyinə müraciət edib. Türkiyə könüllü surətdə layihədə aparıcı rolu üzərinə götürüb.

Baş nazirin müavini qeyd edib ki, layihənin büdcəsi 3 milyon 455 min avro təşkil edib ki, bunun 36%-i Azərbaycan hökumətinin payına düşüb: “Layihənin gedişində hər kvadratmetrdə 2-3 sursatın müəyyənləşdirilməsi problemin böyük olduğunu göstərdi və işi çətinləşdirdi”.

A. Şərifov layihə çərçivəsində Saloğlu ərazisindən kənarda – Ağstafanın Poylu stansiyasının yaxınlığında 50 min ədəd sursatın aşkar edilərək zərərsizləşdirildiyini açıqlayıb. Əməkdaşlıq çərçivəsində Ceyrançöl ərazisindəki minaların da ANAMA-NATO əməkdaşlığı çərçivəsində təmizlənməsi planlaşdırılır.

NATO baş katibinin müavini Qabor İklodi (Gabor İkloady) layihənin Türkiyənin rəhbərliyi altında qətiyyətlə idarə və icra olunduğunu diqqətə çatdırıb. 14 ölkə tərəfdaş ölkə layihəyə maliyyə dəstəyi göstərib.

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç da Türkiyənin layihə çərçivəsində səylərindən danışıb. Saloğlunun böyük bir layihə olduğunu deyən səfir, layihənin başa çatmasının həm də iqtisadi baxımdan bölgənin inkişafına kömək etdiyini vurğulayıb: “İki ölkə arasında münasibətlər yüksək səviyyədədir. Türkiyə Azərbaycana həmişə dəstək verib və verəcək”.

Azərbaycanın NATO yanındakı səfiri Xəzər İbrahim isə Saloğlu layihəsinin davamı olaraq Ceyrançöl layihəsinin dəstəklənməsi üçün nümayəndəliyin iş apardığını bildirib.

Sonda layihənin prezentasiyası keçirilib. Qeyd olunub ki, Saloğluda aparılan əməliyyatlar zamanı 240-dan artıq çeşiddə sursat, kasetli bomba və. s. aşkarlanaraq zərərsizləşdirilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR