Milli Qəhrəmanı Gültəkin Əsgərovanın anım mərasimi keçirilib

Milli Qəhrəmanı Gültəkin Əsgərovanın anım mərasimi keçirilib
# 15 iyun 2012 15:35 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. İnsan Hüquqları üzrə Müvəkkili Aparatında Azərbaycanın Milli Qəhrəmanı, şəhid həkim Gültəkin Əsgərovanın xatirəsinə həsr edilən anım mərasimi keçirilib.

Ombudsman Aparatı mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ombudsman Elmira Süleymanova mərasimi açaraq, 15 iyun - Qurtuluş günü, ümummilli lider Heydər Əliyev haqqında danışıb. E.Süleymanova Azərbaycana qarşı uzun müddətdən bəri davam edən bu təcavüz nəticəsində torpaqlarımızın 20 faizinin zəbt olunduğunu, qaçqın və məcburi köçkünə çevrilmiş bir milyon soydaşımızın kütləvi surətdə hüquqlarından məhrum edildiyini söyləyib.

E.Süleymanova Azərbaycanın tarixən öz qəhrəmanları ilə seçildiyini, anım mərasimi keçirilən Gültəkin Əsgərovanın da qanında-canında mübarizlik hissi olduğunu bildirib, onun böyük şücaətinin, vətənpərvərliyinin, qəhrəmanlığının hər bir kəsə əsl nümunə, örnək olduğunu, gənclərin də qəlbində özünəməxsus yer tutduğunu, əsl vətənpərvərlik nümunəsi göstərdiyini vurğulayıb. Ombudsman mərasimində iştirak edən Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik Məktəbinin yetirmələrini Milli Qəhrəmanın igidliyindən, vətən sevgisindən nümunə götürməyə çağırıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova Azərbaycan qadınlarının qəhrəmanlıq salnaməsindən söz açıb, vətən uğrunda həyatını qurban verən həkim Gültəkin Əsgərovanın şücaətindən gənclərin çox şey öyrənə biləcəyini söyləyib.

Ombudsman Aparatı mətbuat xidmətinin rəhbəri, yazıçı-jurnalist Zemfira Məhərrəmli şəhid həkim, tibb xidməti leytenantı G.Əsgərovanın keçdiyi döyüş yolu, ilk tibb yardımı göstərməsi, nəhayət, elə ön xətdə düşmən snayperinin gülləsinə tuş gəlib şəhid olması barədə sənədli faktların dili ilə ətraflı məlumat verib.

Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri, G.Əsgərovanın döyüş yoldaşı Radə Abbas, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş redaktoru Səriyyə İsmayılova, Şuşa hospitalının rəisi Ramiq Məhərrəmov, G.Əsgərova adına 200 saylı məktəb-liseyin direktor müavini Vaqif Abbasov və başqaları qəhrəmanla bağlı xatirələrini söyləyiblər.

Milli Qəhrəmanın anası, Respublika Şəhid Anaları Mərkəzinin sədri Rəfiqə Əsgərova və qızı Əminə Yıldırım belə şərəfin hər ailəyə nəsib olmadığını fərəh hissi ilə nəzərə çatdırıb, bu anım mərasiminin təşkilinə görə Ombudsmana minnətdarlıqlarını bildiriblər.

Daha sonra Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik məktəbinin üzvləri, həmçinin Milli Qəhrəmanın nəvəsi Gültəkinin ifasında G.Əsgərovaya həsr olunan şeirlər səslənib. Anım mərasimi sözləri hərbçi-şair Abdulla Qurbaniyə, musiqisi bəstəkar Oqtay Rəcəbova məxsus olan, şəhid G.Əsgərovaya ithaf edilən mahnı ilə başa çatıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR