Azərbaycan Prezidenti: “Bu işğala son qoyulmalıdır və son qoyulacaq”

 Azərbaycan Prezidenti: “Bu işğala son qoyulmalıdır və son qoyulacaq”
# 25 iyun 2012 21:38 (UTC +04:00)
Bakı-APA. “Azərbaycanda hərbi kadrların hazırlanmasına böyük diqqət göstərilir. Hərbçilərimizin peşəkarlığı, döyüş qabiliyyəti ildən-ilə artır, ruh yüksəkliyi var. Gənclərimiz vətənpərvərlik ruhunda tərbiyə alırlar”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin növbəti buraxılışına həsr olunmuş təntənəli mərasimdəki çıxışında deyib.

Prezident “torpaqlarımızı işğalçılardan azad etmək üçün biz hazırıq və hazır olmalıyıq” deyə bildirib.

Ölkədə ordu quruculuğu prosesinə 1993-cü ildən başladığını xatırladan dövlət başçısı indi də bu istiqamətdə işin davam etdirildiyini, nizami ordu yaradıldığını, Azərbaycan Ordusunun artıq bölgənin və dünyanın güclü orduları sırasında olduğunu bildirib. Prezident ordunun maddi-texniki bazasının möhkəmləndiyini, Hərbi xərclərin ilbəil artdığını deyib və Azərbaycanın dövlət büdcəsində hərbi xərclərin birinci yerdə olmasının səbəbini açıqlayıb: “Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıb. Atəşkəs rejimi var. Ancaq sülh müqaviləsi imzalanmayıb. Müharibə şəraitində yaşayan ölkədə birinci növbədə ordu məsələlərinə diqqət göstərilməlidir və Azərbaycanda da bu, belədir. Son bir neçə il ərzində hərbi xərclərimiz 20 dəfədən çox artıb. Hazırda bu xərclər 3,6 milyard dollar səviyyəsindədir. Bu da Ermənistanın bütün dövlət xərclərindən 50 faiz çoxdur. Əlbəttə, bu reallıqları bizim uğurlu iqtisadi siyasətimiz, iqtisadi islahatlarımız yaradıb”.

Dövlət başçısı ordu xərclərinin bundan sonra da artacağını vurğulayıb. Prezident ordunun döyüş qabiliyyətinin artdığını, vətənpərvərlik ruhunun yüksək olduğunu qeyd edib: “Biz peşəkar ordu yaradırıq. Əminəm ki, həm maddi-texniki təminat, iqtisadi qüdrətimiz, hərbçilərin hazırlanması, gənclərimizin vətənpərvərlik ruhunda böyüməsi – bütün bu amillər bizi müqəddəs məqsədə çatdıracaq. Torpaqlarımız işğal altındadır. Bu işğal davam edir. Bu işğala son qoyulmalıdır və son qoyulacaq”.

Dövlət başçısı keçən dövrdə ordunun hərbi potensialının gücləndiyini, xaricdən silah, texnika, sursatlar gətirildiyini, döyüş təyyarələri, helikopterləri, artilleriya qurğuları, hava hücumuna qarşı qurğular gətirildiyini, eyni zamanda yerli istehsalın da yaradıldığını xatırladıb: “Yeddi il əvvəl mənim sərəncamımla Müdafiə Sənayesi Nazirliyinin yaradılması bu sahədə də dönüş yaratdı. Bu yeddi il ərzində Azərbaycanda hərbi təyinatlı 20 zavod və istehsalat birliyi yaradılıb. Hazırda Azərbaycanda 665 adda hərbi təyinatlı məmulat istehsal edilir. Biz gələcəkdə bu sahədəki fəaliyyətimizi daha da genişləndirəcəyik. Azərbaycan Ordusuna lazım olan əsas təminat daxili istehsal hesabına formalaşmalıdır”.

Prezident dövlətin hərbçilərin məişət problemlərinin həlli üçün də addımlar atdığını qeyd edib: “Keçən il hərbçilərin əmək haqları 25 faiz artırılıb, bir neçə gün bundan əvvəl 312 mənzildən ibarət iki yaşayış binası hərbçilərin sərəncamına verilib. Hazırda yüzlərlə yeni mənzil tikilir. Keçən ilin sonunda mənim sərəncamımla orduda 20 il qüsursuz xidmət etmiş hərbçilərə dövlət vəsaiti hesabına mənzillərin verilməsi də nəzərdə tutulub. Artıq sənədlərin qəbulu prosesi başlayıb. Bu da Azərbaycan dövlətinin öz ordusuna, hərbçisinə olan diqqətinin təzahürüdür”.

Prezident bildirib ki, orduya diqqət Azərbaycan dövlətinin prioritetidir. Dövlət başçısı cəmiyyətin də bu təşəbbüsləri alqışlamasından məmnunluğunu ifadə edib: “Bizim ordumuz bizim qürurumuzdur. Bizim ordumuz müstəqilliyimizi şərtləndirən amildir. Biz bundan sonra da orduya, ordu quruculuğuna, hərbçilərə olan diqqəti artıracağıq, bu diqqəti göstərəcəyik”.

Dövlət başçısı qarşıda duran əsas vəzifənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi olduğunu bəyan edib. Prezident Azərbaycan dövlətinin uzun illərdir ki, bu istiqamətdə göstərdiyi fəaliyyətə rəğmən, müstəqilliyin ilk illərində Azərbaycana qarşı edilən təcavüz və ədalətsizliyin bu günə qədər də gündəlikdən çıxmamasından təəssüfünü ifadə edib: “Əgər ölkəmizin həlledici anlarında, müstəqilliyimizin ilk illərində ulu öndər Heydər Əliyev Azərbaycan rəhbərliyində olsaydı, bir qarış torpaq işğalçılara verilməzdi. Ancaq 1987-ci ildə sovet rəhbərliyi tərəfindən Heydər Əliyev siyasi hakimiyyətdən uzaqlaşdırıldı. Ondan sonra iki həftə keçməmiş erməni millətçiləri və onların havadarları Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşməsi haqqında iddialar irəli sürməyə başlayıblar. Sovet İttifaqının son aylarında Azərbaycana qarşı işğal siyasəti başlayıb. Müstəqilliyimizin ilk aylarında bu işğal artıq böyük faciələrə gətirib çıxarıb. Xocalı soyqırımı törədildi, Şuşa, Laçın, Kəlbəcər işğal edildi”.

Prezident hazırda Azərbaycanın danışıqlar prosesində iştirak etdiyini də vurğulayıb: “Mən tam əminəm ki, ordumuz nə qədər güclü olsa, danışıqlar prosesində mövqeyimiz o qədər güclənər. Bu iki amil arasında birbaşa bağlantı var. Biz danışıqlarda prinsipial mövqeyimizi göstəririk. Bu mövqedən bir addım geri atmayacağıq”.

Prezident müstəqilliyin ilk illərində Azərbaycan və Ermənistan arasında iqtisadi və hərbi sahələrdəki paritetin artıq çoxdan arxada qaldığını bildirib: “Azərbaycan iqtisadi cəhətdən Ermənistandan 10 dəfə güclü ölkədir. Dövlət büdcəmiz, hərbi xərclərimiz 10 dəfədən çoxdur. Azərbaycanda demoqrafik vəziyyət müsbətdir, öz hesabına yaşayan ölkədir. Böyük ehtiyatlarımız, insan resurslarımız var. Güclü sənayemiz, güclü ordumuz var. Özümüz öz siyasətimizi müəyyən edir, müstəqil siyasət aparır, Azərbaycan xalqının iradəsinə arxalanırıq”.

Prezident məhz bu amillər nəticəsində Azərbaycanın istəyinə nail olacağını, ədalətin, ölkəmizin suverenliyinin bərpa ediləcəyini bildirib.

Dövlət başçısı Azərbaycanın beynəlxalq hüquqa əsaslandığını, bu normaların Azərbaycanın mövqeyini dəstəklədiyini qeyd edib:” Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz, tarixi hissəsi, hüquqi cəhətdən Azərbaycanın tərkib hissəsidir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Qondarma Dağlıq Qarabağın müstəqilliyini heç kim tanımayıb. Beləliklə, beynəlxalq hüquq baxımından Azərbaycanın mövqeləri çox möhkəmdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan işğalçı qüvvələrinin bizim torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasını tələb edir. Digər beynəlxalq təşkilatların oxşar qərar və qətnamələri var. Yəni, hüquqi cəhətdən məsələ tam aydındır. Ancaq əfsuslar olsun ki, müasir dünyada beynəlxalq hüquq normaları pozulur. Biz bu mənzərəni görürük. Bu pozuntular getdikcə daha da geniş vüsət alır. Belə olan halda, əlbəttə, biz də görürük ki, güclü olmasan, hüquqların tapdanacaq. Biz bu güclənmə prosesini, o cümlədən hərbi potensialımızın gücləndirilməsini artıq bir neçə ildir ki, uğurla aparırıq”.

Prezident bəzən Azərbaycanın öz hərbi potensialını gücləndirməsi ilə bağlı suallar yarandıəğını da qeyd edib: “ Bəzən deyilir ki, Azərbaycanın hərbi potensialını gücləndirməsi bölgədə təhlükə yarada bilər. Buna müəyyən şərhlər də verilir. Ancaq mən tam əminəm ki, bu gün Azərbaycan bölgədə sabitləşdirici amildir. Azərbaycanın güclü ordusu bölgədə sabitliyin keşiyində dayanır. Bizim güclü ordumuz bizim suveren işimizdir. Heç kim bizə heç bir məsləhət verə bilməz. Bizim hərbi xərclərimiz ümumi daxili məhsulda o qədər də böyük faiz təşkil etmir. Sadəcə olaraq, ümumi iqtisadi inkişafımız çox sürətlidir. Dünyada analoqu olmayan inkişafdır. Azərbaycan son illər ərzində dünyada iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkədir”.

Prezident bu siyasətin davamlı olacağını qeyd edib: “Biz bu siyasətdən kənara çıxmayacağıq. Bundan sonra da Azərbaycan Ordusunu gücləndirəcəyik, maddi-texniki təminat daha da güclü olacaq. Silahlar, sursatlar, texnika daha da böyük həcmdə alınacaq. Ordumuzun peşəkarlığı daha da artırılacaq. Bizdə demoqrafik vəziyyət çox müsbətdir. Getdikcə ordumuzun sıralarının genişləndirilməsi məsələlərinə də baxıla bilər. Beləliklə, əminəm ki, bundan sonrakı illərdə də Azərbaycan Ordusu inkişaf edəcək və daha da güclənəcək”.

Prezident beynəlxalq hüquq normalarının 20 ildir ki, pozulduğunu xatırladıb: “Biz daha da güclü olmalıyıq. Bizim gücümüz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində əsas vasitədir”.

Prezident siyasi nöqteyi-nəzərdən Azərbaycanın mövqelərinin kifayət qədər güclü olduğunu bildirib: “Bölgədə bizim iştirakımız olmadan heç bir təşəbbüs gerçəkləşdirilə, heç bir layihə icra edilə bilməz. Biz dünyanın dəstəyini qazanmışıq. Keçən ilin oktyabr ayında BMT Təhlükəsizlik Şurasına seçilməyimiz də dünyanın Azərbaycana olan münasibətini göstərir.Azərbaycanın namizədliyini 155 ölkə dəstəkləyib. Keçən ay Azərbaycan tarixdə ilk dəfə Təhlükəsizlik Şurasına sədrlik edib. Onu da qeyd etmək istəyirəm ki, Təhlükəsizlik Şurasına seçilməyimiz o qədər də asan olmayıb. Biz gərgin mübarizədə bu yeri qazanmışıq. Haqlı olaraq qazanmışıq. İlk günlərdən, ilk aylardan öz prinsipial mövqeyimizi nümayiş etdiririk”.

Dövlət başçısı Azərbaycanın mövqeyinin beynəlxalq hüquqa və ədalətə əsaslandığını bildirib: “Onu da deyə bilərəm ki, ilkin mərhələdə Ermənistan da bizimlə bərabər bu mötəbər quruma üzv olmaq istəyirdi, öz namizədliyini vermişdi. Ancaq sonra görəndə ki, Azərbaycanın qarşısında acizdir və onları çox acı məğlubiyyət gözləyir, siyasi döyüş meydanından sakitcə çəkildi və öz siyasi məğlubiyyətini etiraf etdi. Bu, çox böyük rəmzi xarakter daşıyan addım idi. Artıq heç kimə sirr deyil ki, Azərbaycana dünya birliyi tərəfindən diqqət çox yüksək səviyyədədir. Mən heç şübhə etmirəm ki, əgər müharibənin fəal fazası başlanarsa necə ki, Ermənistan siyasi meydandan qaçıb, döyüş meydanından da qaçacaq. Bizim bütün imkanlarımız var ki, ərazi bütövlüyümüzü bərpa edək. Cəbhə xəttində son hadisələr onu bir daha göstərdi. Ermənistanın bütün təxribatlarının qarşısı alındı. İşğalçı qüvvələr layiqli cavablarını aldılar. Azərbaycan əsgəri, Azərbaycan zabiti öz qəhrəmanlığını göstərdi və işğalçını yerinə oturtdu. Artıq dünya birliyi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ölkələr də, əminəm, daha çox dərk edirlər ki, Ermənistan Azərbaycanın qarşısında dayana bilməyəcək. Bizim artan siyasi çəkimiz, iqtisadi potensialımız, hərbi gücümüz, bölgədəki rolumuz, artan əhalimiz məsələnin ədalətli həllinə gətirib çıxaracaq”.

Dövlət başçısı Azərbaycanın məsələni danışıqlar yolu ilə həll etməyin tərəfdarı olduğunu bir daha xatırladıb: “Ümid edirik ki, nə vaxtsa Ermənistan rəhbərliyində normal fikirdə olan insanlar təmsil olunsun və onlar dərk etsinlər ki, münaqişənin uzadılması Ermənistanın ziyanınadır. Vaxt uzatmaqla Ermənistan heç nəyi əldə etmir. İşğal edilmiş torpaqlar ölü torpaqlardır. Orada heç bir həyat yoxdur. İşğal dünya birliyi tərəfindən heç vaxt qəbul edilə bilməz. Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayacaq. Biz heç vaxt sakitləşməyəcəyik. Bizim üçün – həm dövlət, həm xalq üçün bir nömrəli məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllidir, Azərbaycan vətəndaşlarının işğal edilmiş torpaqlara qayıtmasıdır. Məsələ uzandıqca sadəcə olaraq Ermənistanla Azərbaycan arasındakı güclər nisbəti bizim xeyrimizə daha da çox dəyişir”.

“Növbəti illərdə Azərbaycan yalnız və yalnız güclənəcək” deyən ölkə başçısı “Biz gələcəyimizi özümüz yaradırıq. Bizim gələcəyimiz Azərbaycan xalqının zəhməti hesabına yaranır” vurğulayıb: “Biz yaxşı bilirik ki, güc baxımından Ermənistan bizim qarşımızda heç vaxt davam gətirə bilməz”.

Prezident problemin həllinin beynəlxalq hüquqdan keçdiyini, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinin mütləqliyini vurğulayıb.

Dövlət başçısı hərbi hissələrdə,cəbhə xəttində tez-tez olduğunu, döyüşçülərlə səngərlərdə görüşdüyünü bildirib: “Vətən sevgisi, vətənpərvərlik ruhu bizdə çox yüksəkdir. Əminəm ki, dediyim bütün bu amillər - bizim siyasi gücümüz, iqtisadi inkişafımız, hərbi gücümüz, Vətənə olan sevgimiz məsələnin həllinə gətirib çıxaracaq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, Azərbaycan bayrağı Şuşada, Xankəndidə, Dağlıq Qarabağda dalğalanacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR