Yeni Amerika Təhlükəsizlik Mərkəzinin prezidenti: “Rusiya həqiqətən də Dağlıq Qarabağ münaqişəsinin həllində böyük rol oynaya bilər”

Yeni Amerika Təhlükəsizlik Mərkəzinin prezidenti: “Rusiya həqiqətən də Dağlıq Qarabağ münaqişəsinin həllində böyük rol oynaya bilər”
# 12 sentyabr 2014 08:31 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “ABŞ prezidenti Barak Obama “İraq Şam İslam Dövləti”nə qarşı İraq və Suriyada hərbi əməliyyatların aparılması barədə qərar qəbul edib. Səudiyyə Ərəbistanı da bu əməliyyatların keçirilməsinə dəstək olacaq. “İŞİD”-ə qarşı koalisiya geniş olmalıdır. Bu koalisiyada 40-dən çox ölkə təmsil olunacaq”.

APA-nın məlumatına görə, bu sözləri I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (ADEX-2014) çərçivəsində “Müasir müharibə metodları və təhlükəsizlik çağırışları” mövzusunda keçirilən konfransda Yeni Amerika Təhlükəsizlik Mərkəzinin prezidenti Riçard Fonten (Richard Fontaine) deyib.

R. Fonten bildirib ki, Yaxın Şərq və Asiyada bu terrorçu qruplaşmanın təsirinin yayılmasının qarşısı alınmalıdır.

O qeyd edib ki, milli təhlükəsizliyin qorunması adı ilə Krımın Rusiyaya birləşdirilməsi və Şərqi Ukrayna böhranının yaradılması yolverilməzdir: “2008-ci ildə Rusiya Gürcüstana daxil olub, Cənubi Osetiya və Abxaziyanı zəbt edib. Ukraynada isə vəziyyət daha mürəkkəbdir, xüsusi qüvvələrdən istifadə olunur. İnformasiya müharibəsi aparılır. NATO bu yaxınlarda bəyan edib ki, şərqə doğru genişlənəcək və şərqdəki təxribatlara qarşı çıxış edəcək”.

ABŞ-ın Avropa ölkələrinin Rusiyadan enerji asılılığını azaltmaq istədiyini qeyd edən R. Fonten Azərbaycanla Qərbin əməkdaşlığında enerji təhlükəsizliyi məsələsinin əsas yer tutduğunu da vurğulayıb: “Təhlükəsizlik sahəsində əməkdaşlığımız inkişaf edir. Bizi narahat edən məsələləri, o cümlədən Dağlıq Qarabağ münaqişəsini həll etməyə çalışırıq. Bəziləri deyir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində böyük rol oynaya bilər. Bu, həqiqətən də belədir”.

ABŞ və Avropanın Azərbaycana müasir silah-sursat satışı sahəsində qadağanı ləğv etməməsi haqda sualı cavablandıran R. Fonten bu suala konkret cavabının olmadığını söyləyib: “Mənim rolum təhlükəsizlik dinamikasının ümumi görünüşünü göstərməkdir. Müdafiə sənayesi məhsullarının ixracatı ABŞ üçün çox mühüm, xüsusi məsələdir. Mən buna konkret cavab verə bilmərəm”.

Azərbaycan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev isə münaqişə səbəb göstərilərək Azərbaycana silah satışına embarqolar qoyulduğunu bildirib: “Ona görə də biz müdafiə sənayemizi inkişaf etdiririk və bir sıra dövlətlərlə hərbi əməkdaşlıq sahəsində əlaqələr yaratmışıq. Müdafiə sənayemizi qısa müddətdə yaratmaq üçün 30-dan çox dövlətlə əməkdaşlıq qurduq, müasir texnologiyalar əldə etdik. Bu, bir günün işi deyil. Uzunmüddətli əlaqələr qururuq. Mənfi cəhət odur ki, satın alarkən texnologiya tam verilmir, əsas məqamlar satıcıların özündə qalır. Bu, heç kəsə gizli deyil, bir tərəfdən asılılıq yaradır. Ona görə də elmi-tədqiqat işləri aparır, mütəxəssislər yetişdiririk ki, öz mili sənayemizin texnologiyasını yaradaq və sənayemizi texnologiyalarla mümkün qədər özümüz təmin edə bilək”.

Y. Musayev bir sıra dövlətlərlə hərbi-texniki əməkdaşlıq sahəsində komissiyalar yaradıldığını vurğulayıb: “Türkiyə və digər dövlətlərlə belə komissiyalar yaratmışıq. Hərbi-texniki əməkdaşlığın genişləndirilməsinə çalışırıq, sərgilərin keçirilməsində də məqsəd budur. ADEX-2014 kimi sərgiləri ancaq inkişaf etmiş dövlətlər keçirə bilir”.

1 2 3 4 5 İDMAN XƏBƏR

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR