Goranboy. Azər Məmmədli - APA. Azərbaycan silahlı qüvvələrinin kiçik çavuşu Zeynalov Elmir Sərxan oğlunun ölümündən sonra təltif olunduğu "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal bu gün ailəsinə təqdim edilib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, təqdimat mərasimi şəhidin doğulduğu Goranboy rayonunun Əhmədabad kənd orta məktəbində keçirilib.
Tədbirdə Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani, rayon İcra Hakimiyyətinin əməkdaşları, kənd sakinləri və şəhid Elmir Zeynalovun hərbçi dostları iştirak edib.
MN-in rəsmisi çıxış edərək şəhid Elmir Zeynalovun döyüş yolundan danışıb. Polkovnik həmçinin ötən ay Azərbaycan ordusunun cəbhədə əldə etdiyi uğurlardan danışaraq şəhidlərin qanının yerdə qalmayacağını, tezliklə işğal altında olan torpaqların azad ediləcəyini bildirib.
Digər çıxış edənlər də Elmir Zeynalovun igidliyindən söz açaraq onun xatirəsinin daima əziz tutulacağını deyiblər. Bildirilib ki, Elmir 90-cı illərin əvvəllərində şəhid olan əmisinin qisasını almaq üçün hərb sənətini seçib və xidmət etdiyi dövrdə düşmənin onlarca canlı qüvvəsini və texnikasını məhv edib.
Vətənpərvərlik mövzusunda səslənən musiqilərlə davam edən tədbir şəhidin məzarının ziyarəti ilə sona çatıb.
Qeyd edək ki, ailənin tək ovlan övladı olan 22 yaşlı Elmir Zeynalov bu ilin fevral ayında Goranboy rayonu ərazisində düşmənin təxribat diversiya cəhdinin qarşısını alan zaman şəhid olub.