Bakıda internat məktəbində 8 yaşlı Nahid Cavadovun döyülməsi ilə bağlı başlanılmış cinayət işinə xitam verilib

Bakıda internat məktəbində 8 yaşlı Nahid Cavadovun döyülməsi ilə bağlı başlanılmış cinayət işinə xitam verilib
# 13 noyabr 2014 09:25 (UTC +04:00)

APA-nın məlumatına görə, bununla bağlı Bakı Şəhər Prokurorluğunda qərar qəbul edilib.

Qərara əsasən, 2006-cı il təvəllüdlü Nahid Cavadovun Suraxanı rayonu ərazisində yerləşən 7 nömrəli xüsusi internat məktəbində döyülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 296.1-ci (bilə-bilə yalan xəbərçilik etmə) və 314-cü (səhlənkarlıq) maddələri ilə başlanan cinayət işinin icraatına xitam verilib.

Qeyd edək ki, Təhsil Nazirliyi və Baş Prokurorluq Bakıda internat məktəbdə baş verən hadisə ilə bağlı cari ilin may ayının 24-də birgə açıqlama ilə çıxış edib. Açıqlamada bildirilib ki, kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbinin II sinif şagirdi, 2006-cı il təvəllüdlü Cavadov Nahid Zaur oğlunun məktəbin direktoru Afaqət Əsgərova tərəfindən döyülməsi və xəsarət alması barədə məlumatlar yayılıb.

İctimai rezonans doğuran həmin informasiyada göstərilən xüsusatlar üzrə Təhsil Nazirliyi, polis və prokurorluq orqanlarında müvafiq araşdırmalar aparılıb.

İlkin araşdırmalar zamanı N.Cavadovun mayın 16-da saat 17:00 radələrində məktəbin sanitar qovşağına gedərkən müvazinətini itirərək yıxılması nəticəsində baş nahiyəsindən xəsarət alması qənaətinə gəlinib və bu barədə mayın 20-də Daxili İşlər Nazirliyi, mayın 21-də səhər saatlarında isə Təhsil Nazirliyi tərəfindən ictimaiyyətə geniş açıqlama verilib.

Araşdırmaların obyektivliyinin təmin edilməsi məqsədi ilə internat məktəbinin rəhbərliyi və hadisədə adı hallandırılan digər şəxslər tutduqları vəzifədən müvəqqəti kənarlaşdırılıb.

Araşdırmalar zamanı N.Cavadovun yıxılma nəticəsində xəsarət alması xüsusatı özü və bilavasitə bu hadisəni görən digər şəxslərin izahatları ilə təsdiq edilib.

Lakin, mayın 21-də axşam saatlarında bəzi informasiya agentlikləri və sosial şəbəkələrdə N. Cavadovun məktəbin direktoru tərəfindən döyülməsini bildirməsi barədə videogörüntü yerləşdirilib. Bununla bağlı aparılmış araşdırmalar zamanı N.Cavadov və onun valideyni izahatlarında məktəbin müəllimi tərəfindən aldadılaraq onun və digər şagirdlərin guya məktəbin direktoru A.Əsgərova tərəfindən döyülməsi barədə yalan məlumat verməyə təhrik edildiyini bildiriblər.

Sağlamlıq imkanı məhdud olan N. Cavadovun internat məktəbində xəsarət alması ilə bağlı toplanmış materialda Cinayət Məcəlləsinin 296.1-ci (bilə-bilə yalan xəbərçilik etmə) və 314-cü (səhlənkarlıq) maddələrində nəzərdə tutulmuş cinayətlərin əlamətləri mövcud olduğundan fakta görə Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması Bakı şəhər prokurorluğunun İstintaq idarəsinə tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR