Ancaq səfər edəcək sərnişinlərin Heydər Əliyev Beynəlxalq Aeroportuna daxil olmasına icazə veriləcək.
APA-nın məlumatına görə, bu barədə bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev bildirib.
Onun sözlərinə görə, sərnişinlər tibbi maska taxmalıdır, tibbi maskası olmayan sərnişinlərə isə tibbi maskalar təqdim ediləcək: “Terminala girişdə 37,5 temperaturu olan sərnişinlər aeroporta buraxılmayacaq. Terminala giriş sosial məsafə gözlənilməklə həyata keçiriləcək. Sərnişinlərin baqajı dezinnfeksiya olunacaq və üzərinə bunu təsdiqləyəcək nişan vurulacaq. Sərnişinlərin hava gəmisinə daxil olması sonuncu sıradan başlayacaq”.
AZAL-ın vitse-prezidenti qeyd edib ki, sərnişinlər hava gəmisinə daxil olarkən ekipaj onlara tibbi maska, əlcək və fərdi qoruyucu vasitəsi təqdim edəcək: “Tualet kabinələrinə getmək istisna olmaqla, uçuş müddətində sərnişinlərin salonda gəzməsinə icazə verilməyəcək. Sərnişinlərə birdəfəlik yemək ləvazimatı, birdəfəlik qulaqlıq veriləcək. Planşet və digər ləvazimatlar təqdim olunmayacaq. Sərnişinlərdən birində COVID-19 aşkarlananda, o, sərnişin hava gəmisinin arxasındakı hissəyə yerləşdiriləcək”.