Çin hökuməti yeni növ koronavirusla mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) əlavə olaraq 30 milyon dollar yardım edəcək.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Çinin Avropa Birliyindəki səfiri Çjan Min bildirib.
“ÇXR koronavirusa qarşı ehtiyacı olan ölkələrə hər cür dəstəyi verəcək. Ölkəmiz 20 milyon dollar ödəməklə ÜST-ün fəaliyyətinə daim dəstək olur, bu yaxınlarda isə 30 milyon dollar məbləğində əlavə maliyyə yardımı etməyi qərara aldıq”, - deyə səfir ÜST-ün təşkil etdiyi videokonfrans zamanı deyib.
Səfir xatırladıb ki, Pekin bundan əvvəl də pandemiya ilə mübarizədə əməkdaşlığı inkişaf etdirmək üçün 150-dən çox ölkəyə və beynəlxalq strukturlara dəstək vermək üçün 2 milyard yuan həcmində (283 milyon dollardan çox) xüsusi fond yaradıb. Onun sözlərinə görə, Çinin xeyriyyə və ticarət təşkilatları digər dövlətlərə 2,5 milyard yuan (təqribən 354 milyon dollar) məbləğində maliyyə dəstəyi verib, tədqiqat fəaliyyəti üçün 1 milyard yuan (141 milyon dollardan çox) vəsait ayırıb. Diplomat bildirib, son iki ayda ÇXR 240 milyondan çox tibbi maska, 120 milyon qoruyucu geyim və 44 mindən çox süni tənəffüs aparatı ixrac edib.