Sahil Babayev: "Ümumilikdə 79 min ailənin 330 min üzvü ünvanlı yardım mexanizmi ilə əhatə olunub"

Sahil Babayev: "Ümumilikdə 79 min ailənin 330 min üzvü ünvanlı yardım mexanizmi ilə əhatə olunub"
# 15 aprel 2020 00:07 (UTC +04:00)

"Tədbirlər planının dördüncü istiqaməti xüsusi həssas təbəqənin qorunmasına yönəlib. Bununla bağlı olaraq əvvəlcə sosial ödənişlərin davamlılığının təmin olunması nəzərdə tutulur və Dövlət Sosial Müdafiə Fondunun 200 milyon manatlıq vəsaiti məhz bu istiqamətə yönəldilir. Digər tədbir 65 yaşdan yuxarı olan tənha ahıl insanlarımıza dəstək mexanizmidir".

APA xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilmiş müşavirədə deyib.

Nazir bildirib ki, bu çərçivədə 15 min tənha ahıl insanımız tam sosial xidmətə götürülüb və gündəlik əsasda sosial xidmətçilər tərəfindən onlara qulluq edilir: "Burada da bizim biznes dairələrimiz Sizin çağırışınıza çox aktiv qoşuldular və artıq bu günə - aprel ayında 14 min belə ailəyə ərzaq yardımı şirkətlərimiz, təşkilatlarımız, dövlət qurumlarımız tərəfindən edilib. Növbəti 15 gündə də daha 30 min ailəyə yardımın göstərilməsi planlaşdırılır. Bu da bir növ, bizim sosial tərəfdaşlarımızın Sizin çağırışınıza və sosial həmrəyliyə qoşulmasının göstəricisidir.

Ünvanlı sosial yardım şərtlərinin yüngülləşdirilməsi və xüsusi karantin rejimi dövründə vaxtı bitənlərin uzadılması nəticəsində 62 min insanı əhatə edən 14 min ailəni əlavə olaraq əhatə etməyi planlaşdırırıq. Bunun icrası olaraq bildirim ki, artıq bu günə 79 min ailə ünvanlı yardım mexanizmi ilə əhatə olunub. Aprelin 1-dən bu günədək 9 min ailə və ya 35 min insan bu proqramdan yararlanıb. Ümumilikdə 79 min ailənin 330 min üzvü məhz bu proqramla əhatə olunur".

"Əlavə olaraq, əhaliyə güzəştli elektrik limitinin artırılması nəticəsində 100 kilovat/saatlıq əlavə güzəştin verilməsi Nazirlər Kabinetinin qərarı ilə təsdiq olundu və bu da əhalimizə sosial dəstəyin bir növüdür. Eyni zamanda, təhsil alan və həssas kateqoriyadan olan tələbələrin dəstəklənməsi ilə bağlı müvafiq qaydalar da təsdiq olundu. Bu çərçivədə də 17 min tələbənin 2020-ci il üzrə təhsil haqqı dövlət tərəfindən qarşılanacaq. Ümumilikdə bu proqram, məşğulluq və sosial paket 2 milyon insanımızı əhatə edir və qısa müddət ərzində tam şəkildə icra olunaraq Sizə məruzə ediləcək", - deyə Sahil Babayev əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR