Çilidə koronavirusa yoluxmuş 111 yaşlı qadın tam sağalıb.
APA TASS-a istinadən xəbər verir ki, bu barədə “24 Horas” televiziyası məlumat yayıb.
Qadında koronavirusa yoluxma aprelin 12-də aşkarlanıb.
Xəstəni müalicə edən həkimlər bildirib ki, qadında xəstəliyin əlamətləri çətinliklə özünü büruzə verib.
Qocalar evinin rəhbəri Maria Paz Sordo deyib ki, 111 yaşlı xəstədə bir-iki dəfə yüksək temperatur müşahidə edilsə də, öskürək qeydə alınmayıb. Lakin onun əvvəllər tənəffüslə bağlı problemləri olduğu vurğulanıb.
Qeyd edək ki, Çilidə ilk dəfə təsdiqlənmiş koronavirus hadisəsi martın 3-də aşkarlanıb. Bu günə qədər ölkədə 77900-dən çox yoluxma, 806 ölüm hadisəsi qeydə alınıb.