“ASAN xidmət”lə İndoneziyanın Boqor Şəhəri Hökuməti arasında protokol imzalanıb - FOTO

“ASAN xidmət”lə İndoneziyanın Boqor Şəhəri Hökuməti arasında protokol imzalanıb - FOTO
# 13 mart 2020 17:55 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) ilə İndoneziya Respublikasının Boqor Şəhəri Hökuməti arasında Boqor Şəhəri Dövlət Xidmətləri Mərkəzinin təkmilləşdirilməsi haqqında Protokolun imzalanması mərasimi keçirilib.

APA-nın məlumatına görə, sənədi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və İndoneziya Respublikasının Boqor Şəhərinin meri Bima Arya Suqiarto imzalayıblar.

İmzalanma mərasimindən sonra çıxış edən Ülvi Mehdiyev bildirib ki, görüş Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə İndoneziya Respublikasının İnzibati və Bürokratik İslahatlar Nazirliyi arasında 24 iyul 2017-ci il tarixində Cakarta şəhərində imzalanmış mütərəqqi dövlət xidmətlərinin göstərilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumunun implementasiyası üzrə həyata keçirilən fəaliyyət çərçivəsində baş tutub: "Protokolun məqsədi “ASAN xidmət” modeli əsasında Boqor şəhərində dövlət xidmətlərinin göstərilməsi sahəsinin təkmilləşdirilməsidir. Bununla əlaqədar Boqor şəhər Dövlət Xidmətləri Mərkəzinin rəhbər və işçi heyətinə Dövlət Agentliyinin ekspertləri tərəfindən “ASAN xidmət”in qabaqcıl təcrübəsinə əsaslanan nəzəri və tətbiqi təlimlərin keçirilməsi və məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulur".

Bima Arya Suqiarto deyib ki, paytaxt Cakartadan 1 saat məsafədə yerləşən Boqor İndoneziyanın ən böyük əyalətlərindən biridir, prezident də həmin şəhərdə yaşayır: "Hazırda koronavirusla bağlı dünyadakı vəziyyət o qədər də yaxşı deyil. Çətinliyə baxmayaraq biz səfərimizi təxirə salmadıq və Azərbaycana gəldik. Mənə İndoneziyadan çoxlu zənglər gəlir koronavirusa görə, vəziyyətimi öyrənirlər. Onlara deyirəm ki, mən dəyərli və çox güclü bir ölkədəyəm. Burada çox yaxşı dostlarım var, hökumət nümayəndələri ilə görüşlərimiz olur. Yaxın keçmişdə Boqorda xalqa ictimai işlərdə xidmət göstərən mərkəz fəaliyyətə başlayıb. Protokolu imzalamaqda məqsədimiz də "ASAN xidmət" təcrübəsindən yararlanaraq Boqorda insanlara daha da keyfiyyətli ictimai xidmətlər göstərməkdir. "ASAN xidmət" mərkəzləri ilə bu gün tanış oldum və gördüklərim məni heyran etdi".

Qeyd edək ki, 2018 və 2019-cu illərdə İndoneziyanın paytaxtı Cakarta şəhərini və müxtəlif əyalətlərini təmsil edən qurumların rəhbərlərinə “ASAN xidmət” mərkəzlərində təlimlər keçirilib. Həmçinin “ASAN xidmət” Cakartada keçirilmiş geniş sərgidə təmsil olunub və Dövlət Agentliyinin nümayəndəsi tərəfindən təlim/mühazirə təşkil olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR