"Azərbaycanda tətbiq olunan karantin rejimi ilə əlaqədar vətəndaşlar evdədir. Burada da əsas məsələlərdən biri payız-qış mövsümünün müddətinin uzadılması idi. Bununla bağlı "Azəristiliktəchizat"a və hökumətə çoxsaylı müraciətlər daxil olurdu. Bildiyiniz kimi, havalar soyuq keçir, xüsusilə də geçələr temperatur aşağı olur".
Bunu APA-ya açıqlamasında "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib. Onunun sözlərinə görə, ölkə Pezidentininin tapşırıq və tövsiyələrinə uyğun Nazirlər Kabineti "Azəristiliktəchizat" və Energetika Nazirliyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hava proqnozlarını təhlil edib təkliflərini təqdim etməklə bağlı göstəriş verib: "Biz də araşdırmalar apararaq Nazirlər Kabinetinə məlumatlar təqdim etdik. Baş nazir Əli Əsədovun göstərişi ilə istlik mövsümünün əlavə olaraq 10 gün müddətinə artırılması ilə bağlı qərar verildi. Hazırda "Azəristiliktəchizat"ın əhaliyə və zəruri sosial obyektlərə xidmət edən bütün qazanxana və istilik məntəqələri işlək vəziyyətdədir. İşçilərimiz məhdud sayda işləsələr də gücləndirilmiş iş rejimində zəruri mütəxəssisləri cəlb eləməklə fəaliyyətimizi həm Çağrı Mərkəzində, həm də "Azəristiliktəchizat"ın idarə aparatında davam etdiririk, qazanxana və istilik məntəqələrinə də məsafədən nəzarəti həyata keçiririk".
R.Əliyev deyib ki, ölkə ərazisində 10 gün ərzində istilik təchizatında heç bir problem olmayacaq: "Vətəndaşlar rahat şəkildə 10 gün ərzində də istiliklə təmin olunacaqlar. Eyni zamanda, aprelin 25-dən sonra bir daha təhlil aparılacaq, zərurət yarandığı halda müddət məsələsinə təkrar baxılacaq və ətraf mühitin temperaturundan asılı olaraq müvafiq qərar qəbul olunacaq".