Agentlik: Bakıda yeni piyada keçidi istifadəyə veriləcək

Agentlik: Bakıda yeni piyada keçidi istifadəyə veriləcək
# 09 iyun 2020 13:49 (UTC +04:00)

Öz fəaliyyətini müasir tələblər səviyyəsində quran Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi respublikanın yol infrastrukturunun təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində gördüyü ardıcıl tədbirləri bu gün də davam etdirməkdədir.

Agentlikdən APA-ya bildirilib ki, Bakı şəhərində və Abşeron yarımadasında olan küçə və prospektlərdə, avtomobil yollarında piyadaların təhlükəsizliyini təmin etmək məqsədi ilə intensiz hərəkətin olduğu ərazilərdə yeraltı və yerüstü piyada keçidlərinin inşasına da xüsusi diqqət yetirir.

Müasir texnologiyalar əsasında yüksək zövqlə inşa olunan keçidlər piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəraitdə keçməyini təmin etməklə yanaşı, özünün memarlıq elementləri və müasir görkəmi ilə paytaxtın simasına da gözəllik qatır.

Agentliyin sifarişi əsasında hazırlanan daha bir layihə yekunlaşmaq üzrədir. Belə ki, Bakı şəhəri, Neapol küçəsində Heydər Əliyev parkının yanında yerüstü piyada keçidinin tikintisi artıq sona çatır.

Xatırladaq ki, bu ərazidə, yolun hər iki tərəfində yaşayış binaları, sosial və iaşə obyektləri mövcuddur. Bu üzdən keçid yolun sağ və sol tərəflərinə maneəsiz, təhlükəsiz piyada gedişini təmin edəcək.

Müasir görünüşü ilə fərqlənən keçidin uzunluğu 76.5 metr, daxili hündürlüyü 3 metr, keçidaltı qabariti 5.5 metrdir. Piyada keçidi 2 giriş-çıxışdan ibarətdir. Konstruksiyası metal, bəzək materialı alüminium kompozit panel və şüşə örtükdən ibarət olan yerüstü piyada keçidində fiziki məhdudiyyətli insanların rahatlığını təmin etmək üçün 2 müasir lift quraşdırılıb.

Qeyd edək ki, piyada keçidi təhlükəsiz istismarı, ətraf mühitin qorunması, həmçinin partlayış-yanğın təhlükəsizliyini təmin edən normalara, təlimatlara və dövlət standartlarına uyğun olaraq inşa edilib.

Hazırda ərazidə binanın mühəndis şəbəkələri ilə təminatı, abadlaşdırma və yaşıllaşdırma işləri yerinə yetirilir. Yaxın günlərdə yeni yerüstü piyada keçidinin vətəndaşların istifadəsinə verilməsi nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR