AMEA-nın Dendrologiya İnstitutunun Bitkilərin mühafizəsi laboratoriyasının əməkdaşları tərəfindən meşə landşaftlarının bioloji müxtəlifliyinin monitorinqi aparılır.
Akademiyadan APA-ya bildirilib ki, institutun mütəxəssislərinin qənaətinə görə Alismataceae (Süsənbərçiçəklilər), Aquifoliaceae (Şümşəkimilər), Balsaminaceae (Balzaminkimilər), Buxaceae (Şümşətçiçəklilər), Cannabaceae (Kənafkimilər), Caryophyllaceae (Qərənfilçiçəklilər) fəsilələrin də daxil olduğu ümumilikdə 42 fəsilə Azərbaycanın meşə landşaftlarında zəif və həssas hesab olunur. Bu fəsilələr çox az sayda növlərlə təmsil olunduqlarından, iqlim dəyişmələri şəraitində mühitin əlverişsizliyi, bu növlərin məhv olması, floradan bütöv cins və fəsilənin silinməsinə səbəb ola bilər. Bu növlərin status və kateqoriyası müəyyən edildikdən sonra onların park və bağlarda çoxaldılması haqqında tövsiyələrin hazırlanması nəzərdə tutulur.
Bildirilib ki, meşə landşaftlarının flora müxtəlifliyi üzrə tədqiqatların ilk nəticələrində ölkəmizin meşə landşaftlarında 96 fəsiləyə aid 749 bitki növünün taksonomik strukturu, bioekoloji xüsusiyyətləri, iqlim dəyişkənliyi şəraitində rezistentliyi müəyyənləşdirilib, fotomateriallar toplanıb. Landşafta əsasən, düzənlik, dağlıq, arid və tuqay meşələrində Rosaceae (Gülçiçəklilər), Asteraceae (Asterçiçəklilər), Labiatae (Dodaqçiçəklilər), Orchidaceae (Səhləbçiçəklilər), Cyperaceae (Cilçiçəklilər), Fabaceae (Paxlalılar), Apiaceae (Çətirçiçəklilər), Poaceae (Taxıllar), Ranunculaceae (Qaymaqçiçəklilər), Boraginaceae (Göyzəbankimilər) fəsilələrinə aid 155 cins, 452 növ aşkar edilib. Məlum olub ki, zəngin cins və növ müxtəlifliyinə malik olduqlarından bu növlər Azərbaycanın meşə landşaftları florasının inkişafda olan, təhlükəsiz növləridir.