Prezident İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamına uyğun olaraq azadlıqdan məhrumetməyə alternativ cəzaların səmərəli icrası məqsədilə Ədliyyə Nazirliyində Probasiya Xidməti yaradılıb və cəzaların icrasında elektron nəzarət vasitələrinin (elektron qolbaqların) tətbiqi təsbit olunub.
Ədliyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu məqsədlə Probasiya xidmətində müasir avadanlıqlarla təchiz olunmuş Monitorinq Mərkəzi fəaliyyət göstərir.
Qeyd edilib ki, bu gün Probasiya xidməti cərimə, nəqliyyat vasitəsini idarəetmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzaların icrasını və həmin cəzalara məhkum edilmiş, habelə şərti məhkum olunmuş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya məhkəmə tərəfindən cəzasının çəkilməsi təxirə salınmış, eləcə də cinayət törətmiş və alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilmiş (cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumlar istisna olmaqla), habelə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş və barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər üzərində probasiya nəzarətini həyata keçirərək həmin şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin profilaktikasını aparır.
Cəzaların icrası sahəsində həyata keçirilən islahatlar insanların azadlıq hüququnun qorunmasına və məhkum olunan şəxslərin cəmiyyətdən təcrid olunmadan islah edilməsinə və sosial adaptasiyasına xidmət edir.
Bildirilib ki, son illər azadlıqdan məhrumetməyə alternativ cəzaların daha geniş tətbiq olunması nəticəsində Probasiya xidmətinin qeydiyyatında olan şəxslərin sayı cari ilin 5 ayı ərzində 18 mini ötüb. Onlardan 4800-ə yaxın azadlığın məhdudlaşdırılması, 6000-dən çox cərimə, islah və ictimai işlər, 2.300 cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, 2.400 şərti məhkum edilmiş və 156 nəfər cəza çəkməsi təxirə salınmış şəxslərdir
Həmçinin qeyd olunub ki, bu ilin 5 ayı ərzində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmiş 654 nəfər, alkoqolizm və ya narkomaniyadan müalicə məqsədilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş 354 nəfər probasiya nəzarətindədir.